Bakı. Trend:
Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran da daxil olmaqla regionun digər ölkələri ilə yükdaşımaların artmasına töhfə verir.
Trend xəbər verir ki, bunu Rusiya Dəmir Yollarının baş direktorunun müavini Sergey Pavlov Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şimal–Cənub dəhlizinin inkişafına dair saziş imzalanıb və bu sənədə əsasən həm Rusiya, həm də Azərbaycan tərəfi infrastrukturun inkişafı ilə bağlı qarşılıqlı öhdəliklər götürüb.
“Bu iş hazırda imzalanmış sənədlərə tam uyğun şəkildə aparılır. Bu da bizə yaxın gələcəkdə yalnız ölkələrimiz arasında deyil, həm də digər dövlətlərlə, o cümlədən Gürcüstan və İranla yükdaşımaların həcmini artırmaq imkanı verir”, – deyə o bildirib.
S. Pavlov həmçinin qeyd edib ki, Azərbaycan vasitəsilə Ermənistana tranzitin açılması həm Rusiya, həm də Azərbaycan dəmir yolları üçün yeni imkanlar yaradır.
“Bu, çox yaxın vaxtlarda baş verib. Biz, ilk sınaq daşımasını həyata keçirdik və bu marşrutun həm yük göndərənlər, həm də müştərilər üçün səmərəli olduğunu göstərdi”, – deyə o əlavə edib.
