Bakı. Trend:
Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Estoniya, Latviya kimi ölkələrin dəmir yolu administrasiyalarının, həmçinin Dəmir Yolları Əməkdaşlıq Təşkilatı, MDB İcraiyyə Komitəsi və Beynəlxalq Dəmir Yolçular Həmkarlar İttifaqları Konfederasiyası rəhbərləri iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclasda çıxışı zamanı bildirib ki, Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttini Ermənistan sərhədinə qədər çatdırmağı planlaşdırır.
Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Nazir vurğulayıb ki, bu marşrut yalnız şimal-qərb vektorunun yox, həm də Şimal-Cənub dəhlizinin vacib elementi hesab olunur.
“Hazırda illik 15 milyon tona qədər buraxıcılıq qabiliyyəti olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə davam edir. Bu xətti artıq 2026-cı ildə Ermənistan sərhədinə çatdırmağı planlaşdırırıq”, – deyə o bildirib.
R.Nəbiyev qeyd edib ki, paralel olaraq Azərbaycan Naxçıvan ərazisindən keçən 188 kilometrlik dəmir yolu seqmentinin bərpası üzərində iş aparır.
“Bu magistralın layihələndirmə mərhələsini başa çatdırmaq üzrəyik və yaxın zamanda tikinti işlərinə başlayacağıq”, – deyə nazir əlavə edib.
Nazir həmçinin bildirib ki, Azərbaycan 2028-ci il yanvarın 1-dən Şimal-Cənub marşrutu üzrə yük dövriyyəsini illik 5 milyon tona çatdırmağı planlaşdırır.
Rəşad Nəbiyev xatırladıb ki, ötən il Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımaların inkişafı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd dəmir yolu infrastrukturunun mərhələli şəkildə modernləşdirilməsi və yük dövriyyəsinin tədricən artırılmasını nəzərdə tutur.
Tədbirdə çıxış edən “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov bildirib ki, MDB Dəmir Yolu Nəqliyyatı Şurasının üzv ölkələrinin yük dövriyyəsi ABŞ və Aİ göstəricilərini üstələyir.
“Keçən ilin yekunlarına görə, Şuraya üzv ölkələrin dəmir yollarında yük dövriyyəsi ümumilikdə təxminən 3 trilyon ton-kilometr təşkil edib. Bu, ABŞ-nin birinci dərəcəli dəmir yollarının göstəricilərindən 1,3 dəfə, yəni 30% çoxdur və Avropa İttifaqının göstəricilərindən isə demək olar ki, 8 dəfə yüksəkdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Şuranın daim diqqət mərkəzində dəmir yollarının istismar fəaliyyəti, sərnişin və yük daşımalarının şəraiti, rəqəmsallaşma, qatar hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, uçot və qarşılıqlı hesablaşmalar sistemi, səhiyyə və sosial sahə, həmçinin elmi-texniki əməkdaşlıq durur.
“Azərbaycan Dəmir Yolları”nın sədri Rövşən Rüstəmov isə bildirib ki, ADY Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılması məqsədilə infrastrukturun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir.
Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində lider mövqeyini təmin edib.
“Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Bakı–Tbilisi–Qars xətti modernləşdirildikdən sonra onun ötürücülük qabiliyyəti illik 1 milyon tondan 5 milyon tona yüksəldilib. Ümumilikdə, “Azərbaycan Dəmir Yolları” Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyini artırmaq məqsədilə infrastrukturu inkişaf etdirmə işlərini davam etdirir, o cümlədən Şərq-Qərb istiqamətində əsas magistral dəmir yolu xətti olan Bakı–Böyük Kəsik istiqamətində dəyişən cərəyanla keçidlə bağlı işlər uğurla həyata keçirilir”, - deyə o bildirib.
İclas çərçivəsində Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.
Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcəkdir. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır.
Sonda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb.
Müzakirələrin əsas mövzusunu MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib.
İştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıb, 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.
