Bakı. Trend:
Ən qiymətli əmanətimiz olan ətraf mühit uğrunda mübarizə eyni zamanda vətən sevgisidir, insan sevgisidir. Bu, torpağına, suyuna, havasına və gələcək nəsillərinə sahib çıxmaq iradəsidir.
Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murat Kurum bu gün Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfransa videomüraciətində bildirib.
"COP30-un sədrliyi olaraq biz hər addımımızda məhz bu anlayışla hərəkət etmişik. Xüsusilə Bakı hədəfi başda olmaqla, COP29-da ortaya qoyulan öhdəliklərin icrasını diqqətlə izləyəcəyik. Çünki çoxtərəflilik dediyimiz etibarlılıq yalnız hədəflər müəyyən etməklə təmin olunmur. O, verilən sözlərin yerinə yetirilməsi ilə təmin olunur. Qəbul edilən qərarların praktikada tətbiq olunması ilə təmin olunur. İnsanların həyatına toxunan konkret nəticələrlə təmin olunur.
Bu anlayışla COP30 yalnız yeni öhdəliklərin müzakirə olunduğu bir zirvə olmayacaq. COP30 tətbiqlərin, əməkdaşlığın və konkret nəticələrin ön plana çıxarıldığı bir COP olacaq. Çünki dünya artıq sadəcə yeni vədlər eşitmək istəmir. Dünya verilən vədlərin həyata keçirildiyini görmək istəyir.
Bu uğurun açarı isə cəmiyyətin bütün təbəqələrinin prosesdə iştirak etməsidir. Hökumətlərdən yerli idarəçilərə, özəl sektordan akademik dairələrə, gənclərdən qadınlara, vətəndaş cəmiyyətindən maliyyə dünyasına qədər hər kəsin bu dönüşümün bir hissəsi olmalı olduğuna inanıram".
