Gəncə. Trend:
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Gəncənin su və kanalizasiya infrastrukturuna əhəmiyyətli yatırımlar edir.
Trend xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.
Onun sözlərinə görə, Gəncədə həyata keçiriləcək ən mühüm layihələrdən biri “Gəncədə Su Təchizatı və Kanalizasiya Suları Layihəsi”dir.
V.Bojkov bildirib ki, layihənin birinci mərhələsinin ümumi dəyəri 40 milyon avro təşkil edir.
“Layihə Avropa İttifaqının Qonşuluq İnvestisiya Platformasının qrantı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) krediti hesabına maliyyələşdirilir. Kredit Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üçün ayrılıb”, – deyə o qeyd edib.
Aİ rəsmisinin sözlərinə görə, layihə çərçivəsində Gəncənin su təchizatı və kanalizasiya sisteminin geniş şəkildə yenilənməsi nəzərdə tutulur.
Belə ki, birinci mərhələdə su və kanalizasiya şəbəkələrinin bərpası, yeni su anbarlarının tikintisi, SCADA idarəetmə sistemlərinin qurulması, həmçinin yağış suları infrastrukturunun yaradılması həyata keçiriləcək.
“Bu layihə Gəncənin su və çirkab su infrastruktunun hərtərəfli modernləşdirilməsi üçün hazırlanmış Prioritet İnvestisiya Proqramının bir hissəsidir”, – deyə Viktor Bojkov vurğulayıb.
O bildirib ki, layihə Paris İqlim Sazişi və Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə üzrə milli strategiyasına uyğun şəkildə hazırlanıb.
Layihə həmçinin şəhərin “Yaşıl Şəhərlər Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətləri də əhatə edir.
Təqdim olunan məlumata əsasən, layihənin investisiya komponentləri üzrə 35 milyon avro AYİB krediti, 5 milyon avro isə Aİ qrantı ayrılıb.
Brifinqdə bildirilib ki, layihə üzrə hüquqi müqavilələr 2025-ci il yanvarın 22-də imzalanıb.
Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tender sənədlərinin hazırlanması, müqavilələrin qiymətləndirilməsi və tikinti işlərinə nəzarət üçün layihənin icrasına dəstək verəcək məsləhətçi şirkətin seçilməsi prosesi həyata keçirilir.
Məlumata görə, məsləhətçi seçildikdən sonra ətraflı
layihələndirmə və satınalma prosedurlarına başlanılacaq.
V.Bojkov qeyd edib ki, layihə ətraf mühitə və şəhərin iqtisadi
inkişafına da ciddi töhfə verəcək.
Belə ki, layihə nəticəsində ildə 4,5 milyon kubmetr suya qənaət olunacağı, karbon emissiyalarının 72 min 444 ton azalacağı və ildə 29 milyon kubmetr çirkab suyun emal ediləcəyi gözlənilir.
Bundan əlavə, layihənin Gəncə çayının təmizlənmədən axıdılan tullantı sulardan qorunmasına, şəhərin fasiləsiz su təchizatının yaxşılaşdırılmasına və əhalinin tam şəkildə xidmətlə əhatə olunmasına imkan yaradacağı bildirilib.
