Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıqların icrasına dair iclas keçirilib.
Trend xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, aqrar sahədə çalışan mütəxəssislər və yerli fermerlər iştirak ediblər.
İclasda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Prezident İlham Əliyevin aqrar sahəyə xüsusi diqqəti və qayğısı nəticəsində Xaçmaz rayonu respublikada aqrar potensialı yüksək olan bölgələrdən birinə çevrilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda rayonda 57 min hektar əkinə yararlı torpaq sahəsi var. Onların 27 min hektara yaxını meyvə bağlarıdır. 18 min hektardan artıq sahədə isə payızlıq dənli bitkilər əkilib. Digər 12 min hektarda müxtəlif kənd təsərrüfatı məhsulları becərilir. Bağlardan yığılan məhsulların itkisiz saxlanılması üçün rayon ərazisində ümumi tutumu 39,8 min ton olan 14 soyuducu anbar inşa edilib.
Bundan başqa, rayonda 5 fındıq emalı müəssisəsi və 20 fındıq qəbul məntəqəsi fəaliyyət göstərir.
İcra başçısı qeyd edib ki, bununla yanaşı, aqrar sahədə bəzi çətinliklər də mövcuddur. Bu çatışmazlıqların aradan qaldırılması və qarşıya qoyulan vəzifələrin vaxtında icrası təmin edilməlidir.
Yığıncaqda yerli fermerlərin və mütəxəssislərin çıxışları dinlənilib. Sahibkarların su təchizatı, subsidiyaların verilməsi və digər məsələlərlə bağlı müraciət və təklifləri ətraflı müzakirə olunub. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlar verilib.
