Bakı.Trend:
İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt terminalında partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Kiyev şəhər polis idarəsinin məlumatına əsasən, hadisə Obolon rayonunda fəaliyyət göstərən poçt operatorunun çeşidləmə mərkəzinin ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib. Nəticədə 59 yaşlı kişi həyatını itirib, 37 və 41 yaşlı daha iki nəfər isə yaralanıb.
Hadisə yerində paytaxt polisinin istintaq-əməliyyat qrupu, partlayış üzrə mütəxəssislər, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları və tibb işçiləri çalışırlar.
