Sürücülər üçün cərimə balı həddinin 30-a qaldırılması təklif edilir

Cəmiyyət Materials 5 İyun 2026 12:58 (UTC +04:00)
Sürücülər üçün cərimə balı həddinin 30-a qaldırılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sürücülük hüququndan məhrumetmə həddi 20 baldan 30 bala qaldırılsın və ya yüksək risk daşımayan pozuntulara görə sadəcə cərimə tətbiq olunsun.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentin bugünkü iclasında deyib.

Millət vəkili xatırladıb ki, İnzibati Xətalar Məcəlləsi 2016-ci ilin 1 mart tarixindən qüvvəyə minib. Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14 olub, ümumi balların sayı 54 olub:

“2016-cı ildə sürücü sistemdəki bütün mümkün balların 37%-ni yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi. Bu nisbət o günün şərtlərinə tam mütənasib idi.

Ancaq son 10 ildə yol hərəkəti qaydaları və mikromobiliklə bağlı bir sıra hüquqi islahatlar həyata keçirilib, dəyişikliklər olub. Son 10 ildə balla qiymətləndirilən xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb. Həm xəta sayı, həm də ümumi bal həcmi təxminən 2 dəfə artıb, deməli sürücülərin xəta etmə riski, səhv etmə payı da artıb, məsuliyyət dairəsi genişlənib. Ancaq limit 10 ildir eyni qalıb”.

Deputat vurğulayıb ki, sürücü sistemdəki bütün mümkün balların yalnız 22 %-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37 % olub:

“Həmin orijinal 37 %-lik nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır, lakin İnzibati Məcəlləsinin çəkindirici qüvvəsini qorumaq həm də cəzanın mütənasibliyi təmin etmək məqsədilə daha mühafizəkar mövqe tutaraq təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın və ya yüksək risk daşımayan, passiv, infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun, çünki əksər ölkələrdə belədir.

İstənilən halda, bu məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparmalıdır, təkliflər hazırlanmalıdır. Çünki bu təkcə cərimə limiti məsələsi deyil, yeni yanaşma lazımdır”.

K.Cəfərovun sözlərinə görə, kütləvi informasiya vasitələrində yalnış təəssürat formalaşdırılıb ki, bu məsələ ilə bağlı Milli Məclisdə hansısa layihə var.

“Belə bir layihə yoxdur, aidiyyəti qurumlar araşdırmalar aparmalı, təkliflər təqdim etməlidir”, - deyə o çıxışını yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti