Azərbaycan da digər ölkələr kimi ciddi iqlim çağırışları ilə üz-üzədir - BMT rəsmisi

Cəmiyyət Materials 5 İyun 2026 11:52 (UTC +04:00)
Azərbaycan da digər ölkələr kimi ciddi iqlim çağırışları ilə üz-üzədir - BMT rəsmisi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqlim fəaliyyəti sahəsində həm qlobal, həm regional, həm də milli səviyyədə mühüm rol oynamaqda davam edir.

Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnqer Andersen bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, COP29-a ev sahibliyi etməklə Azərbaycan, o cümlədən “Bakı öhdəliyi” və “Bakı nəticələri”nin əldə olunmasına töhfə verib:

"2024-cü ildə Bakıda keçirilən iqlim danışıqları isə dünyanı 2035-ci ilədək iqlim maliyyələşdirilməsi üçün 300 milyard ABŞ dollarının səfərbər edilməsinə dair razılaşmaya gətirib çıxarıb. Bir müddət əvvəl Bakı Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edib ki, bu forum şəhərlərin iqlimə dayanıqlılığı və təbiətlə əlaqəsi məsələlərinə həsr olunmuşdu. İndi isə biz bu axşam burada toplaşaraq iqlim fəaliyyətinə dair düşüncələri və əməli addımları gücləndiririk. İqlim dəyişikliyi hər birimizin diqqət mərkəzində olmalı olan qlobal bir problemdir. Qlobal temperatur yüksəlir, iqlim təsirləri isə daha da kəskinləşir. Yer kürəsi bizə siqnallar göndərir — istilik dalğaları, quraqlıq, daşqınlar, səhralaşma, qum və toz fırtınaları bu siqnalların təzahürüdür.

Bu təsirlər hər kəsi zədələyir, lakin ən çox yoxsul və həssas təbəqələr əziyyət çəkir. Azərbaycan da digər ölkələr kimi ciddi iqlim çağırışları ilə üz-üzədir. Dağ ekosistemlərinin deqradasiyası, Xəzər dənizində su səviyyəsinin azalması limanlara, iqtisadi fəaliyyətə, balıqçılığa, infrastruktur və sahil icmalarına ciddi təsir göstərir.

Lakin bu, ümidsizliyə səbəb olmamalıdır. Bu, bizim yazdığımız hekayə deyil ki, çıxılmaz olsun - hekayə hələ yazılmayıb və qələm bizim əlimizdədir. Biz bu gələcəyi formalaşdıra bilərik", - o qeyd edib.


BMT rəsmidi bildirib ki, qlobal temperatur artımının yaxın zamanda Paris Sazişində müəyyən edilmiş 1.5 dərəcə həddini keçməsi ehtimalı yüksəkdir.

"Buna görə də biz əsrin sonunadək bu səviyyəyə qayıtmaq üçün daha da böyük səylə çalışmalı, eyni zamanda xüsusilə kiçik ada inkişaf etməkdə olan dövlətlər olmaqla, icmaları və ölkələri daha güclü və daha tez-tez baş verən iqlim təsirlərindən qorumağa çalışmalıyıq.

Bu isə enerji sistemlərində fosil yanacaqlardan ədalətli, nizamlı və bərabər keçid deməkdir. Bu, bütün mövcud həllərin təcili və geniş miqyasda investisiya və tətbiqini tələb edir. Bu, həmçinin Bakıda vəd edildiyi kimi güclü maliyyələşdirmə, effektiv adaptasiya tədbirləri, erkən xəbərdarlıq sistemləri və fəlakətlərə hazırlığın gücləndirilməsini nəzərdə tutur. İqlim dəyişikliyi üzrə çoxtərəfli əməkdaşlıq nəticə verə bilər. 2015-ci ildə Paris Sazişinin qəbul edildiyi vaxt qlobal temperatur artımının 3.5 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılırdı. Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı vacib mesajlar verir", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti