Xəzərin səviyyəsinin azalması narahatlıq doğurur - nazir müavini

Siyasət Materials 5 İyun 2026 16:53 (UTC +04:00)
Xəzərin səviyyəsinin azalması narahatlıq doğurur - nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ətraf Mühit Günü bizə bir daha xatırladır ki, təbiətin qorunması hamımızın ortaq məsuliyyətidir. Bu tədbir elm, siyasət və cəmiyyət arasında əməkdaşlığı gücləndirmək üçün yaxşı imkandır.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans çərçivəsində Ümumdünya Ətraf Mühit Günü 2026 "Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə" adlı tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, müzakirə edilən məsələ region üçün xüsusi əhəmiyyət daşıyır:

"Son illər Xəzər dənizində müşahidə olunan səviyyə azalması ciddi narahatlıq doğurur. Bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur. Səviyyə azalmasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. İqlim dəyişmələri, çay axınları, hidroloji proseslər və su istifadəsi kimi amillərin təsiri öyrənilir. Bu məsələlərə dair müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir.

Bugünkü görüşün məqsədi vahid mövqe formalaşdırmaq deyil. Məqsəd elmi biliklərin paylaşılması, müxtəlif yanaşmaların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyən edilməsidir.

Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer almağa başlayıb. COP29 çərçivəsində Bakıda keçirilən yüksək səviyyəli nazirlər dialoqu bu məsələyə diqqətin artmasına töhfə verib. Bunun davamı olaraq Tehran Konvensiyasının Katibliyi tərəfindən gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planı hazırlanıb.

Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirir. Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ikitərəfli ekspert işçi qrupları yaradılıb. Bu platformalar məlumat və təcrübə mübadiləsinə, elmi əməkdaşlığın inkişafına xidmət edir.

Qarşıdakı dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu, əməkdaşlığı və birgə fəaliyyəti dəstəkləyəcəkdir. İnanırıq ki, elmə əsaslanan yanaşma və qarşılıqlı etimad Xəzərin gələcəyi ilə bağlı ortaq həllərin tapılmasına kömək edəcəkdir.

Xəzər dənizi bizi birləşdirən ortaq sərvətdir. Onun gələcəyi naminə əməkdaşlığın daha da güclənəcəyinə və bugünkü müzakirələrin faydalı nəticələr verəcəyinə inanıram", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti