Bakı. Trend:
Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və ya fiziki təhlükələrlə məhdudlaşmır
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Tural Gəncəliyev parlamentin bugünkü iclasında deyib.
Millət vəkili bildirib ki, dövlətlərin, iqtisadiyyatların və cəmiyyətlərin fəaliyyətləri getdikcə daha çox rəqəmsal texnolgiyalardan asılı hala gəlir. Bu isə kiberməkanda yaranan riskləri və təhdidləri milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevirir:
“Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın kibertəhlükəsizlik sahəsində institusional imkanlarını daha da gücləndirəcək, dövlət informasiya sistemlərinin kritik infrastrukturun qorunmasını təmin edəcək, kibercinayətkarlıqla və kiberhücümlarla mübarizədə fəaliyyətin daha effektiv koordinasiyasına şərait yaradacaq.
Bu addım eyni zamanda dövlət qurumları arasında əməkdaşlığın genişlənməsinə, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə və rəqəmsal təhlükəsizlik sahəsində peşəkar kadr potensialının inkişafında xidmət edəcək. Agentliyin fəaliyyəti nəticəsində ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsi, informasiya resurslarının etibarlı qorunması və vətəndaşların kiberməkanda təhlükəsizliyinin təmin olunması istiqamətində yeni imkanlar yaranacaq”.
Deputat vurğulayıb ki, qlobal mmiqyasda kiberhücumların sayının artdığı, dövlət və qeyri-dövlət aktorlarının rəqəmsal mühitdə daha fəal olduğu bir dövrdə belə bir qurumun yaradılması strateji zərurət kimi qiymətləndirilməlidir:
“Bu qərar Azərbaycanın rəqəmsal transformasiya siyasətinin davamı olmaqla yanaşı, ölkəmizin yeni çağırışlara çevik və adekvat cavab vermək əzmini nümayiş etdirir.
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın milli təhlükəsizlik arxitekturasının daha da möhkəmlənməsinə, rəqəmsal inkişafın təhlükəsiz şəkildə davam etməsinə və ölkənin beynəlxalq təhlükəsizlik mühitində mövqeyinin güclənməsinə mühüm töhfə verəcək”.
