Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə yardım göstərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, təşəbbüsün lehinə 226 konqresmen səs verib, 195 nəfər isə əleyhinə çıxış edib.
Qanun layihəsi Rusiyanın Ukraynaya qarşı silahlı münaqişəni davam etdirib-etdirmədiyinin, sülh sazişinin şərtlərini pozub-pozmamasının və ya sülh yolu ilə nizamlanma üzrə danışıqları lazımi qaydada aparıb-aparmadığının mütəmadi qiymətləndirilməsini nəzərdə tutur. Cəza tədbiri kimi Rusiya rəsmilərinə, maliyyə qurumlarına, neft-qaz sektoruna, kömür və hasilat sənayesinə qarşı əlavə sanksiyaların tətbiqi, həmçinin Rusiya malları və xidmətlərinə tətbiq olunan gömrük rüsumlarının ən azı 500 faizə qədər artırılması təklif edilir.
Bundan əlavə, qanun layihəsində 2026 və 2027-ci maliyyə illərində Ukraynaya hər il 300 milyon dollar məbləğində hərbi yardım ayrılması nəzərdə tutulur.