AÇG-dən MOL Group zavodlarına 18 milyon barrelə yaxın neft nəql olunub

Energetika Materials 3 İyun 2026 20:08 (UTC +04:00)
AÇG-dən MOL Group zavodlarına 18 milyon barrelə yaxın neft nəql olunub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasil edilən təxminən 18 milyon barel xam neft Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri və dəniz daşımaları vasitəsilə Macarıstanın MOL Group şirkəti üçün Mərkəzi və Şərqi Avropadakı, o cümlədən Bratislava və Riyekadakı neft emalı zavodlarına nəql olunub.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Şirkətin məlumatlarına əsasən, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: 2025-ci il vəziyyətinə görə, AÇG "MOL Group"un ümumi hasilatının təxminən 14 faizinə və şirkətin təsdiqlənmiş ehtiyatlarının 26 faizinə cavab verir.

"MOL Group"un 2026-cı ilin birinci rübündə AÇG blokunun işlənməsinə yönəltdiyi kapital xərcləri 32,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 19,4 milyon dollarla müqayisədə 1,7 dəfədən çox artım deməkdir. Eyni zamanda, kəşfiyyat işlərinə yatırılan investisiyalar ötən ilin müvafiq dövründəki 3,6 milyon dollardan 1,2 milyon dollara enib.

2026-cı ilin birinci rübündə "MOL Group"un AÇG blokunda hasilatı günə 13 100 barel neft ekvivalentinədək yüksəlib ki, bu da bir il əvvəlki 12 400 barel neft ekvivalenti ilə müqayisədə 5,6 faiz artım deməkdir. Bununla belə, göstərici əvvəlki rüblə müqayisədə 13,8 faiz azalıb. 2025-ci ilin yekunlarına görə isə hasilat günə13 400 barel neft ekvivalenti təşkil edib, halbuki bu rəqəm 2024-cü ildə 12 700 barel olub.

"MOL Group" 2020-ci ildə AÇG-də 9,57 faiz pay və BTC boru kəmərində effektiv 8,9 faiz pay əldə etməklə Azərbaycan bazarına daxil olub. Həmin vaxtdan etibarən Azərbaycan şirkətin beynəlxalq portfelinin əsas elementlərindən birinə çevrilib.

2025-ci ilin dekabr ayında "MOL Group" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Şamaxı–Qobustan regionunda quruda kəşfiyyat, işlənmə və məhsul bölgüsü üzrə kompleks saziş imzalayıblar. Layihə çərçivəsində MOL 65 faiz payla operator qismində çıxış edir, SOCAR isə 35 faiz paya malikdir. Seysmik tədqiqatların 2026-cı ildə başlanması, daha sonra isə qazma mərhələsinə keçilməsi planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti