Bakı.Trend:
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yerində yeni körpünün inşasına start verilib.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılıb və yeni, bir aşırımlı körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər həyata keçirilir.
Qeyd olunub ki, yeni körpünün tikintisi mövcud nəqliyyat infrastrukturunun təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə aparılır.
“Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş üç aşırımlı körpünün Bakı istiqamətində yerləşən üçüncü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi baş verib. Aparılan ilkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.
Hazırda körpünün yenidən qurulması istiqamətində işlər davam etdirilir. Layihənin tamamlanmasından sonra həmin hissədə nəqliyyatın hərəkətinin daha təhlükəsiz və fasiləsiz təşkili təmin olunacaq”,-deyə məlumatda bildirilib.
