İşğaldan azad edilmiş ərazilərdə yeni su anbarları tikiləcək - ADSEA rəsmisi (Müsahibə)

Cəmiyyət Materials 4 İyun 2026 17:39 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə yeni su anbarları tikiləcək - ADSEA rəsmisi (Müsahibə)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin perspektiv planına uyğun olaraq su təchizatı sistemlərinin yenidən qurulması və layihələndirilməsi işləri davam etdirilir. Bəzi rayonlarda layihələndirmə işləri artıq yekunlaşıb, digərlərində isə proses davam edir.

Bunu Trend-ə müsahibəsində Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.

O bildirib ki, Ağdam şəhərində layihələndirmə mərhələsi başa çatıb və tikinti-quraşdırma işləri şəhərin baş planına uyğun şəkildə mərhələlərlə həyata keçirilir:

“Xankəndi şəhərində layihələndirmə işlərinə hazırlıq görülür. Laçın şəhərində isə həm layihələndirmə, həm də tikinti-quraşdırma işləri artıq tamamlanıb. Bütün işlər mərhələli şəkildə həyata keçirilir və köç nəzərdə tutulan ərazilərin perspektiv inkişafı nəzərə alınır”.

İşğal dövründə yararsız vəziyyətə salınmış su anbarları bərpa olunub

M.Adıgözəlov qeyd edib ki, işğal dövründə Xaçınçay və Köndələnçay su anbarları yararsız vəziyyətə salınmış, onların istismarı mümkün olmamışdı. İşğaldan azad olunduqdan sonra həmin obyektlər tam şəkildə yenidən qurulub.

“İçməli su təchizatı sistemləri də əksər yaşayış məntəqələrində tamamilə dağıdılmışdı. Xankəndidə isə sistem qismən yararsız vəziyyətə salınmışdı. Tam dağıdılmış şəhərlərdə su təchizatı infrastrukturu yenidən qurulub.

Xankəndidə həyata keçirilən layihələr başa çatdıqdan sonra şəhərdə su təmizləyici qurğular kompleksi, yağış sularının idarə olunması sistemi, kanalizasiya şəbəkəsi və içməli su təchizatı Azərbaycan tikinti norma və qaydalarına tam uyğun şəkildə fəaliyyət göstərəcək.

Şəhər relyef xüsusiyyətlərinə görə 10 zonaya bölünüb və hər zona üzrə ayrıca su anbarları nəzərdə tutulub.

Hazırda Xankəndidə fəaliyyətini bərpa etmiş dövlət qurumlarının və müxtəlif təşkilatların əməkdaşlarının məskunlaşdığı 3264 abonentə xidmət göstərilir.

Şəhərin tullantı sularının kənarlaşdırılması üçün şəbəkə və kollektorlar mövcuddur. Hazırda tullantı suları 27 nöqtədən şəhər kənarındakı dərələrə axıdılır”,-deyə o əlavə edib.

Şuşada çirkab sularının təmizlənməsi və təkrar istifadəsi təmin olunacaq

ADSEA rəsmisi müsahisində bildirib ki, Şuşa şəhərinin perspektiv inkişaf planına uyğun olaraq çirkab su təmizləyici qurğular kompleksinin tikintisi həyata keçirilir.

“Burada təmizlənən sular Qarqarçaya axıdılacaq. Təmizləmə prosesi nəticəsində su bütün texniki göstəricilər üzrə suvarma məqsədlərinə uyğun vəziyyətə gətiriləcək və texniki su kimi istifadə oluna biləcək”.

Şuşa işğaldan azad olunduqdan bir neçə gün sonra su ilə təmin edilib

O qeyd edib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan dərhal sonra su təchizatının bərpası istiqamətində işlərə başlanılıb.

“Şuşa şəhəri işğaldan azad olunduqdan sonra ilk dəfə 2020-ci il noyabrın 12-də şəhərin su ilə təmin edilməsi məqsədilə əraziyə ezam olunduq. Şuşaya gələn magistral su xətti dağıdılmışdı. Təxminən 25 nöqtədə yararsız vəziyyətə salınmış magistral xəttin təmir-bərpası həyata keçirildi”, – deyə M.Adıgözəlov bildirib.

Onun sözlərinə görə, sonrakı mərhələdə şəhərdə yerləşən 1 nömrəli su təmizləyici qurğular kompleksi və anbar sahəsi də bərpa olunub.

“Görülən işlər nəticəsində 2020-ci il noyabrın 19-20-də Şuşa şəhərinə ilkin mərhələdə suyun verilməsi təmin edilib.

Daha sonra şəhərdə yeni su təmizləyici qurğular kompleksinin tikintisi həyata keçirilib və 2024-cü il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə kompleks istifadəyə verilib.

Hazırda Şuşa şəhəri 24 saat fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunur”.

Sovet dövründən qalan köhnə sistemlər yenilənir

M.Adıgözəlov vurğulayıb ki, Qarabağda işğaldan əvvəl mövcud olmuş su təsərrüfatı infrastrukturlarının əhəmiyyətli hissəsi sovet dövründən qalmış köhnə sistemlər idi və onların böyük hissəsi işlək vəziyyətdə deyildi.

“Hazırda həmin sistemlər ya tamamilə yenidən qurulur, ya da əsaslı təmir-bərpa olunur.

Quraqlıq və su qıtlığı risklərinə qarşı mübarizə məqsədilə işğaldan azad olunmuş ərazilərdə su anbarlarının yenidən qurulması və yeni su ehtiyatlarının yaradılması istiqamətində işlər aparılır.

Laçın rayonu ərazisində yeni su anbarlarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Qubadlı rayonunda isə Bərgüşad su anbarının tikintisinin planlaşdırılması həyata keçirilir

Bu layihələrin gələcəkdə su ehtiyatlarından daha səmərəli istifadəyə və regionun su təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir”,-deyə o bildirib.

Turizm və məskunlaşma planları su layihələrinin əsasını təşkil edir

ADSEA rəsmisi açıqlayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün su təsərrüfatı layihələri şəhərlərin inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanır.

“Layihələndirmə zamanı gələcək əhali sayı, turizm potensialı, sənaye və xidmət obyektlərinin yerləşməsi kimi amillər əsas götürülür. Tikinti işləri də məhz bu proqnozlara uyğun şəkildə həyata keçirilir”,-deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti