Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-nə təyin olunmuş parlament seçkilərindən sonra Rusiyaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Trend bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
"Rusiya Prezidenti iyunun 1-də ad günüm münasibətilə məni təbrik etmək üçün zəng etdi. Lakin aydındır ki, təbriklərlə yanaşı, işgüzar söhbət də apardıq. Razılaşdıq ki, seçkilərdən sonra yenidən səfərə gedəcəyəm, görüşəcəyik və bütün cari məsələləri həll edəcəyik", – Paşinyan seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşdə bildirib.
O, Rusiya ilə münasibətlərdə mövcud olan bütün mübahisəli məsələləri həll edəcəyinə dair növbəti dəfə əminlik ifadə edib.
Paşinyan qeyd edib ki, Ermənistan Rusiyayla Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsində mübahisə etməyəcək, lakin ittifaq respublika üçün yeni müsbət imkanlar təqdim etdiyini nümayiş etdirməlidir.
"Mən tərəfdaşlarımıza deyirəm ki, Aİİ-nin Ermənistana hansı zərəri vura biləcəyini göstərməyə çalışmaq düzgün yol deyil. Düzgün yol Aİİ-nin Ermənistana hansı yeni faydalar verə biləcəyini nümayiş etdirməkdir", – deyə Paşinyan bildirib.
