Bakı. Trend:
Hazırda Azərbaycanda bir sıra dövlət şirkətlərinin səhmlərinin ilkin kütləvi təklif (IPO) prosesinə cəlb edilməsi ilə bağlı müzakirələr aparılır. Bu proses çərçivəsində bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi və kapital bazarına çıxışı imkanları nəzərdən keçirilir.
Trend xəbər verir ki, bunu “PAŞA Kapital”ın Baş direktoru İsi Mustafayev şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “AZCON Holding”in tərkibinə daxil olan bəzi müəssisələrin özəlləşdirilməsi gündəmdədir və həmin şirkətlər üzrə IPO prosesinə başlanılacağı təqdirdə, “PAŞA Kapital” bu prosesdə iştirak etməyə və öz töhfəsini verməyə hazırdır.
İ.Mustafayev qeyd edib ki, dövlət şirkətlərinin IPO-su ilə bağlı yekun qərarların qəbulu müvafiq dövlət qurumlarının səlahiyyətinə daxildir.
Baş direktor əlavə edib ki, kənd təsərrüfatı sektoruna investisiyaların cəlb olunması istiqamətində də işlər aparılır. O bildirib ki, bu məqsədlə bir sıra şirkətlərlə görüşlərin keçirilməsi planlaşdırılır və əsas məqsəd kapital bazarları vasitəsilə alternativ maliyyələşmə imkanlarının genişləndirilməsidir.
