BTC ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Energetika Materials 3 İyun 2026 12:06 (UTC +04:00)
BTC ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin aprel ayında Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə Türkiyə ərazisindən 16,659 milyon barel neft nəql edilib.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat yayıb.

Müqayisə üçün, 2025-ci ilin aprel ayında bu göstərici 18,511 milyon barel təşkil edib ki, bu da illik ifadədə 10% azalma deməkdir.

Aşağıda 2026 və 2025-ci illərin yanvar–aprel dövrləri üzrə Türkiyə ərazisindən BTC ilə həyata keçirilən neft təchizatının aylıq dinamikası (milyon barel) təqdim olunur:

Aylar

2026

2025

Yanvar

16,125

17,571

Fevral

14,817

16,047

Mart

16,412

18,625

Aprel

16,659

18,511

2026-cı ilin yanvar–aprel aylarında BTC boru kəməri vasitəsilə Türkiyə ərazisindən ümumi nəql həcmi 64,013 milyon barel təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 70,754 milyon barel olub ki, bu da 9,5% azalma deməkdir.

2025-ci ilin yekunlarına əsasən, boru kəməri ilə nəql olunan həcmlər 206,434 milyon barel təşkil edib. Bu göstərici 2024-cü ildə 224,142 milyon barel idi (7,9% azalma).

Hazırda BTC vasitəsilə əsasən Azərbaycanda yerləşən “Azəri-Çıraq-Günəşli” blokundan neft və “Şahdəniz” yatağından kondensat nəql olunur. Bundan əlavə, boru kəməri vasitəsilə Xəzər regionundan (Qazaxıstan, Türkmənistan daxil olmaqla) neft və SOCAR tərəfindən Azərbaycanda hasil edilən digər həcmlərin nəqli də davam edir.

bp-nin son məlumatlarına görə, BTC istismara verildiyi 2006-cı ilin iyun ayından 2026-cı ilin birinci rübünün sonunadək boru kəməri ilə ümumilikdə 4,7 milyard bareldən çox neft (təxminən 626 milyon ton) nəql edilib.

BTC Co. şirkətinin səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bundan əvvəl bildirib ki, boru kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi qrafikə uyğun davam edir.

Onun sözlərinə görə, bu proses üzrə müqavilə öhdəliyinin icra müddəti 1 iyuldur və şirkət bu qrafikə ciddi şəkildə riayət edir: “Bu, bp-nin aktivdən çıxışı deyil, müqavilə öhdəliklərinin yerinə yetirilməsidir. SOCAR-ın gələcək operator fəaliyyəti üçün geniş hazırlıq işləri aparılıb. Şirkət boru kəmərinin uğurla idarə olunması üçün lazımi təcrübə və imkanlara malikdir.”

Məqalədə:

Xəbər lenti

Xəbər lenti