Azad edilmiş ərazilərdə geotermal enerji potensialı dəyərləndirilir

Energetika Materials 2 İyun 2026 16:37 (UTC +04:00)
Azad edilmiş ərazilərdə geotermal enerji potensialı dəyərləndirilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda geotermal enerji potensialının inkişafı istiqamətində işlər aparılır.

Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, geotermal enerji layihələrinin reallaşdırılması üçün Energetika Nazirliyinin dəstəyi ilə müvafiq tənzimləyici çərçivənin və tarif mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür.

Ə.İsayev qeyd edib ki, beynəlxalq investorlar üçün əlavə stimullaşdırıcı mexanizmlərin yaradılması da vacib amillərdən biridir.

“Geotermal enerjinin inkişafı məsələsi 2030-cu ilədək Sosial-İqtisadi İnkişaf Proqramına da daxil edilib. Buna görə də yaxın gələcəkdə Azərbaycanın bu sahədə malik olduğu potensialdan istifadə edə biləcəyimizə ümid edirik”, – deyə o bildirib.

Vitse-prezident əlavə edib ki, SOCAR elektrik enerjisinin beynəlxalq mübadiləsi ilə bağlı layihələrdə iştirakda da maraqlıdır.

Onun sözlərinə görə, şirkət bu istiqamətdə aparılan texniki-iqtisadi əsaslandırma işlərinin nəticələrini maraqla gözləyir və layihələrə qoşulmağa hazırdır.

Ə.İsayev vurğulayıb ki, SOCAR-ın Gürcüstan, Türkiyə və digər ölkələrdəki fəaliyyəti şirkətə regional enerji layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

“Bu ölkələrdəki təcrübə və imkanlarımızdan istifadə etməklə gələcəkdə sözügedən layihələri səmərəli və effektiv şəkildə həyata keçirə biləcəyimizə inanırıq”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti