Bakı.Trend:
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra yükdaşıma imkanları əhəmiyyətli dərəcədə genişlənib və layihə yeni mərhələyə qədəm qoyub.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, BTQ xətti artıq ənənəvi nəqliyyat bağlantısından çıxaraq Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib.
“Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu sadəcə alternativ marşrut deyil. O, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur”, – deyə R.Rüstəmov bildirib.
Sədr qeyd edib ki, layihənin modernləşdirilməsi nəticəsində dəmir yolunun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu isə Şərq–Qərb istiqamətində yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır.
R.Rüstəmovun sözlərinə görə, BTQ-nin əhəmiyyəti Azərbaycanın tranzit imkanlarını genişləndirməsi ilə yanaşı, ölkəni regional logistika platformasına çevirməsində də özünü göstərir.
“Bu xətt sayəsində logistika imkanlarımız artıq yalnız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır. Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxış əldə etmişik. Dəmir yolu və dəniz daşımalarının inteqrasiyası nəticəsində Azərbaycan klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika mərkəzinə çevrilib”, – o vurğulayıb.
Modernləşdirmə çərçivəsində Gürcüstan ərazisində yerləşən 184 kilometrlik hissədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Layihə çərçivəsində 13 dəmir yolu stansiyası, 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir olunub, 61 kilometr yeni dəmir yolu xətti çəkilib, enerji və yol infrastrukturu yenilənib.
18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ layihəsinin təhvil-təslimi üzrə yekun akt imzalanıb, eyni zamanda “BTKI Railways” MMC birgə müəssisəsi fəaliyyətə başlayıb".
R.Rüstəmovun sözlərinə görə, yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa və çevik quru marşrutlarından biri kimi Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq.
“Çin tərəfi ilə imzalanmış sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların inkişafı üçün BTQ-dən daha geniş istifadəyə xüsusi önəm verilib və bu proses artıq praktiki mərhələyə keçib”, – deyə o əlavə edib.
