Bakı. Trend:
bp şirkəti Azərbaycanın “Qarabağ” yatağını satellit yataq kimi inkişaf etdirməyi hədəfləyir.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, şirkət yatağın işlənməsi üzrə investisiyaları davam etdirir.
“Hazırda mühəndislik işləri aparılır, yekun investisiya qərarının isə gələn ilin ortalarına qədər qəbul edilməsi gözlənilir. Biz “Qarabağ” yatağını satellit yataq kimi inkişaf etdirməyə çalışırıq. Bu, Xəzər regionunda mövcud infrastrukturdan istifadə etməklə yeni yataqların işlənməsinə imkan verəcək və mühüm mərhələ olacaq”, – deyə C. Kristofoli bildirib.
Qeyd edək ki, “Qarabağ” müqavilə sahəsi Bakıdan 120 km şərqdə, 150–200 metr dəniz dərinliyində, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Əşrəfi-Dan Ulduzu-Aypa” müqavilə sahələrinin yaxınlığında yerləşir.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan artıq neft təşkil edir.
