Süni intellekt yeni quyuların planlaşdırılması müddətini 6 dəfə sürətləndirib - bp

Energetika Materials 2 İyun 2026 10:21 (UTC +04:00)
Süni intellekt yeni quyuların planlaşdırılması müddətini 6 dəfə sürətləndirib - bp
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəllər yeni quyunun planlaşdırılması təxminən 300 gün çəkirdisə, süni intellekt həllərinin tətbiqi nəticəsində bu müddəti təxminən 50 günə endirmişik.

Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli “Bakı Enerji Forumu”nda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, enerji sektorunda uğurun əsas şərti dərin əməkdaşlıqdır. Hökumətlərarası münasibətlər, maliyyə resursları, qabaqcıl texnologiyalar, uğurlu icra təcrübəsi və güclü təchizat zənciri olmadan böyük layihələrin həyata keçirilməsi mümkün deyil.

"Bu komponentlərin hamısı heç bir şirkətdə təkbaşına mövcud deyil. Buna görə də əməkdaşlıq həlledici əhəmiyyət daşıyır. Azərbaycanın enerji sektorundakı uğurunun əsas səbəblərindən birini seçməli olsam, bu, məhz əməkdaşlıq olardı", - deyə o bildirib.

C.Kristofoli qeyd edib ki, gələcək inkişafdan danışmaq üçün ilk növbədə mövcud aktivlərin səmərəli idarə olunması vacibdir. Bu baxımdan, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı dünya səviyyəsində nümunə hesab oluna bilər.

Onun sözlərinə görə, oxşar iri yataqlarda hasilatın illik azalması adətən 5-6 faiz təşkil etdiyi halda, AÇG-də bu göstərici təxminən 3 faizdir ki, bu da ən yaxşı beynəlxalq nəticələrdən biridir.

Regional prezident vurğulayıb ki, buna nail olmaqda texnologiyalar mühüm rol oynayır. Hazırda AÇG-də maye hərəkətinin izlənilməsinə imkan verən genişmiqyaslı 4D seysmik proqram həyata keçirilir. Bu, bp-nin ən böyük seysmik layihələrindən biridir.

C.Kristofolinin sözlərinə görə, bp, SOCAR və digər tərəfdaşların iştirakı ilə Azərbaycanda yaradılmış süni intellekt şirkəti seysmik məlumatların emalını həyata keçirərək onların keyfiyyətini artırır. Bu şirkət artıq öz xidmətlərini beynəlxalq bazarlara da təqdim edir.

O qeyd edib ki, süni intellekt texnologiyaları yalnız məlumatların təhlili üçün deyil, həm də əməliyyat proseslərinin optimallaşdırılması üçün istifadə olunur.

"Əvvəllər yeni quyunun planlaşdırılması təxminən 300 gün çəkirdisə, süni intellekt həllərinin tətbiqi nəticəsində bu müddəti təxminən 50 günə endirmişik. Bu, çox ciddi irəliləyişdir", - deyə o bildirib.

C.Kristofoli əlavə edib ki, geosteerinq, üfüqi qazma və digər müasir texnologiyaların birgə tətbiqi quyuların daha dəqiq yerləşdirilməsinə və hasilatın səmərəliliyinin artırılmasına imkan yaradır.

Onun sözlərinə görə, bp hazırda "Şərqi Azəri" layihəsinin potensialını inkişaf etdirir, "Qarabağ" strukturunun mövcud infrastrukturla inteqrasiyası üzərində işləyir və yeni logistika həllərini tətbiq edir.

"Bütün bunlar məni əmin edir ki, Bakı yeni Hyuston və yeni Aberdin olma yolundadır. Texnologiyalar, düzgün düşüncə tərzi, güclü tərəfdaşlıq, yüksək ixtisaslı insan kapitalı və zəngin resurslar bu potensialın əsasını təşkil edir", - deyə C.Kristofoli vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti