Yaxın Şərqin milli neft şirkətləri gəlirlərin qorunmasına fokuslanacaq - "Deloitte"

Energetika Materials 2 İyun 2026 10:04 (UTC +04:00)
Yaxın Şərqin milli neft şirkətləri gəlirlərin qorunmasına fokuslanacaq - "Deloitte"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın üç-beş il ərzində Yaxın Şərq ölkələrinin milli neft şirkətləri gəlir mənbələrinin qorunmasına və əməliyyatların karbon intensivliyinin azaldılmasına üstünlük verəcəklər.

Trend xəbər verir ki, bunu "Deloitte" şirkətinin Strategiya və Əməliyyatlar üzrə tərəfdaşı Alexios Zachariadis Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, son illərdə baş verən geosiyasi münaqişələr, xüsusilə Yaxın Şərqdəki hadisələr enerji təhlükəsizliyinin artıq ikinci planda qalan bir məsələ olmadığını göstərib. Enerji təhlükəsizliyi hazırda həm şirkətlərin idarəetmə səviyyəsində, həm də dövlətlərin strateji qərarlarında əsas investisiya amillərindən birinə çevrilib.

A.Zachariadis bildirib ki, şirkətlər və hökumətlər enerji keçidindən geri çəkilmirlər, əksinə, bu prosesi daha praqmatik şəkildə mərhələləndirməyə çalışırlar:

"Bu çərçivədə əsas diqqət enerji təchizatının etibarlılığının qorunmasına, kommersiya gəlirlərinin saxlanılmasına və bizneslərin karbonsuzlaşdırılmasına yönəlib. Hazırda enerji sektorunda beş əsas investisiya tendensiyası müşahidə olunur. Bunlara hasilat sahəsində etibarlılığın artırılması və ehtiyat güclərin yaradılması, qaz və mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinə investisiyaların sürətləndirilməsi, boru kəmərlərindən daha çox saxlama və logistika infrastrukturuna yatırımların artırılması, ticarət əməliyyatlarının təkmilləşdirilməsi və əməliyyatlara rəqəmsal texnologiyaların inteqrasiyası daxildir".

Ekspert qeyd edib ki, şirkətlər "downstream" dəyər zəncirinə yatırımları daha seçici şəkildə həyata keçirirlər: "Bununla yanaşı, mövcud karbohidrogen sisteminin karbonsuzlaşdırılması istiqamətində fəaliyyətlər davam edir. Bu prosesə bərpa olunan enerji mənbələrinin, o cümlədən günəş və nüvə enerjisinin istifadəsi, metan emissiyalarının azaldılması, süni intellekt həllərinin tətbiqi və əməliyyat səmərəliliyinin yüksəldilməsi daxildir".

Onun fikrincə, son münaqişələr, xüsusilə Hörmüz boğazında yaranan risklər enerji ixracının dayanıqlığının artırılması üçün yeni yanaşmaların zəruriliyini ortaya qoyub. Bu isə ölkələr arasında yeni tərəfdaşlıqların və birgə infrastruktur layihələrinin inkişafını tələb edir.

"Qətər kimi bəzi dövlətlər LNG ixracında ciddi çətinliklərlə üzləşdilər. Küveyt və İraq da əhəmiyyətli təsirlərə məruz qaldı. Buna görə region ölkələri mövcud dar keçidlərdən yan keçən alternativ marşrutlar və birgə infrastruktur layihələri üzərində daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər. Məqsəd əsas müştərilər üçün təchizatın etibarlılığını qorumaq və enerji bazarında etibarlı tərəfdaş statusunu saxlamaqdır", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti