Bakıda AI texnologiyalarının enerji sektoruna təsiri müzakirə olundu

Telekommunikasiya Materials 1 İyun 2026 14:29 (UTC +04:00)
Bakıda AI texnologiyalarının enerji sektoruna təsiri müzakirə olundu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt neft-qaz sənayesində qərarların qəbulu, məlumatların təhlili və əməliyyatların avtomatlaşdırılması baxımından yeni imkanlar yaradır.

Trend xəbər verir ki, bunu "Kunlun Digital Technolgy CO" şirkətinin süni intellekt tətbiqləri üzrə məsləhətçisi Fan Ronq bu gün Bakıda 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirələrində deyib.

Onun sözlərinə görə, müasir süni intellekt əsaslı sistemlərin əsas xüsusiyyəti onların "AI-native", yəni süni intellekt mərkəzli yanaşma əsasında qurulmasıdır.

"Belə sistemlərdə arxitektura və proseslər əvvəldən süni intellekt imkanları nəzərə alınmaqla formalaşdırılır. Bu yanaşma sistemlərin müstəqil qərar qəbul etməsinə, özünüidarəetmə funksiyalarını yerinə yetirməsinə və qapalı dövrə prinsipi əsasında işləməsinə şərait yaradır. Eyni zamanda, bu həllər mövcud sistemlərə əlavə alət kimi də inteqrasiya oluna bilər", – deyə o bildirib.

Fan Ronq qeyd edib ki, CNPC-nin törəmə şirkəti olan "Kunlun Digital" neft-qaz sənayesində rəqəmsal transformasiya prosesinin əsas iştirakçılarından biridir və "Rəqəmsal Neft Çin" konsepsiyasının həyata keçirilməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, şirkətin süni intellekt strategiyası üç əsas istiqamətə əsaslanır: biznes prosesləri ilə sıx inteqrasiya, böyük və kiçik dil modellərinin birgə istifadəsi, həmçinin intellektual agentlərin yaradılması.

"Ən vacib məsələ süni intellekt həllərinin birbaşa neft-qaz biznesinin ehtiyaclarına uyğunlaşdırılmasıdır. Böyük və kiçik modellərin birgə fəaliyyəti əsasında yaradılan intellektual agentlər əməliyyatların daha effektiv idarə olunmasına imkan verir", – deyə o vurğulayıb.

Fan Ronq təqdim etdiyi nümunələrdən biri kimi seysmik məlumatların bərpası layihəsini göstərib.

"Seysmik məlumatlar Yerin kompüter tomoqrafiyası kimi qiymətləndirilə bilər. Müxtəlif səbəblərdən tarixi məlumat bazalarında boşluqlar yaranır. Hazırladığımız süni intellekt əsaslı həll həmin çatışmayan məlumatları bərpa etməyə imkan verir. Məsələn, 5 kilometrlik məlumat boşluğu süni intellekt vasitəsilə yenidən yaradılıb və əldə olunan nəticələr real məlumatlarla yüksək uyğunluq nümayiş etdirib", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti