TAP-ın genişləndirilməsi üzrə yekun investisiya qərarının 2027-ci ilin I rübündə qəbul olunacağı gözlənilir - İdarəedici direktor (ÖZƏL)

Energetika Materials 1 İyun 2026 12:54 (UTC +04:00)
TAP-ın genişləndirilməsi üzrə yekun investisiya qərarının 2027-ci ilin I rübündə qəbul olunacağı gözlənilir - İdarəedici direktor (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi üzrə yekun investisiya qərarının 2027-ci ilin birinci rübündə qəbul ediləcəyi gözlənilir.

Bunu TAP-ın idarəedici- direktoru Luka Skiepatti Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Bazar testi bazar iştirakçılarına maraqlarını ifadə etməyə və potensial olaraq uzunmüddətli güc rezervasiyası üzrə öhdəliklər götürməyə imkan verən tənzimlənən bir prosesdir. Bu öhdəliklər layihənin növbəti mərhələyə keçməsi üçün əsas şərtdir, çünki onlar hər hansı genişləndirmənin kommersiya baxımından davamlı və dayanıqlı olduğunu təsdiqləməlidir. Hər bir bazar testi iki mərhələdən ibarətdir: öhdəlik yaratmayan və öhdəlik yaradan mərhələlər”, – deyə o bildirib.

Skiepatti qeyd edib ki, 2025-ci ilin iyul ayında başladılmış 2025-ci il bazar testinin öhdəlik yaratmayan mərhələsi hələ də davam edir və proses növbəti mərhələlərə keçir. Bu mərhələlər çərçivəsində potensial genişləndirmə əlavə şəkildə işlənəcək və qiymətləndiriləcək, o cümlədən məsləhətləşmələr aparılacaq və yekun layihə təklifi hazırlanacaq.

“Praktik baxımdan bu o deməkdir ki, bazar tərəfindən maraq mövcuddur, lakin proses hələ də davam edir və yekun investisiya qərarı hələ qəbul edilməyib. Yeni güclərə sərmaye yatırılması barədə qərar layihənin iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək üçün bazar iştirakçıları tərəfindən kifayət qədər həcmdə uzunmüddətli məcburi öhdəliklərin götürülməsindən asılı olacaq. Növbəti əsas addımlar məsləhətləşmələrin tamamlanmasını, layihə təklifinin yekunlaşdırılmasını və öhdəlik yaradan mərhələyə keçidi əhatə edir. Kifayət qədər öhdəlik olduğu halda, güclər bazar iştirakçıları arasında bölüşdürülə və yekun investisiya qərarı qəbul edilə bilər. Hazırda bu yekun mərhələnin 2027-ci ilin birinci rübü ərzində başa çatacağı gözlənilir”, – deyə o izah edib.

Albaniyanın Fier şəhərində qaz toplama məntəqəsi layihəsinə toxunan icraçı direktor bildirib ki, bu obyekt TAP tərəfindən layihələndiriləcək, satın alınacaq və tikiləcək, daha sonra isə Albaniya hökumətinə təhvil-təslim ediləcək.

“Kommersiya fəaliyyətinə başladığı vaxtdan bəri qaz kəməri Avropaya təxminən 60 milyard kubmetr qaz nəql edib. Bu, xüsusilə İtaliya kimi əsas bazarlarda özünü göstərir. Belə ki, 2025-ci ildə TAP ölkənin ümumi qaz idxalının təxminən 16 faizini və boru kəməri ilə idxal olunan qazın 25 faizini təmin edib. Yunanıstanda isə qaz idxalının 14 faizdən çoxu TAP-ın payına düşüb. Həcmlərlə yanaşı, TAP qaz qəbul edən ölkələrin Avropanın enerji sisteminin ayrılmaz hissəsinə çevrilməsinə töhfə verib, regional əlaqəliliyi və təchizat təhlükəsizliyini gücləndirib, həmçinin Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda bəzi yanacaq növlərinə nisbətən daha rəqabətə davamlı və daha az karbon emissiyalı alternativ təqdim edib. Həmin regionlarda enerji sektoru hələ də elektrik enerjisi istehsalında kömür və liqnit (boz daş kömür-red) kimi ağır fosil yanacaqlardan həddindən artıq asılıdır. Getdikcə mürəkkəbləşən şəraitdə mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də dəyişən bazar şəraitinə uyğunlaşma və dayanıqlılıq daha da vacib olur. Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kimi infrastruktur bu proseslərin təmin edilməsində və Avropanın enerji sisteminin ümumi dayanıqlılığının artırılmasında mərkəzi rol oynayır”, – deyə TAP-ın idarəedici direktoru bildirib.

O əlavə edib ki, etibarlılıq, dayanıqlılıq və çeviklik TAP-ın həm kommersiya, həm də əməliyyat inkişafının əsas elementləridir.

“Ötürücülük qabiliyyəti üzrə standart məhsullarla yanaşı, qaz kəməri tədricən xidmət çeşidini genişləndirərək əks (reversiv) axınlar və gün ərzində həyata keçirilən tədarüklər kimi imkanlar təqdim edib, həmçinin bazar tələbinə uyğun olaraq fiziki ötürücülük qabiliyyətini artırıb. 2021-ci il bazar testinin nəticələri əsasında həyata keçirilmiş son genişləndirmə bu istiqamətdə mühüm mərhələ olub. Bu genişləndirmə sistemə əlavə güclər qazandırmaqla TAP-ın həm təchizat həcmlərini, həm də xidmət göstərdiyi bazarlar üçün çevikliyi təmin etmək imkanlarını gücləndirib.

Perspektivdə TAP özünü yalnız etibarlı qaz nəqlatçısı kimi deyil, həm də gələcək çağırışlara hazır infrastruktur kimi mövqeləndirir. Orta müddətli perspektivdə bu, rəqabətqabiliyyətliliyin və dayanıqlılığın qorunması, yeni bazar imkanlarının, sistemlərarası bağlantıların və əlavə təchizat marşrutlarının araşdırılması deməkdir. Paralel olaraq şirkət uzunmüddətli perspektivə də fəal şəkildə hazırlaşır, TAP-ın müxtəlif enerji ssenarilərinə uyğunlaşmasını təmin edir. Buraya dəyişən tənzimləyici və bazar tələblərinə uyğun olaraq biometan və hidrogen kimi aşağı karbonlu qazların tədricən inteqrasiyası da daxildir. Nəticə etibarilə, TAP-ın məqsədi həm enerji təhlükəsizliyini, həm də enerji keçidini balanslaşdırılmış və praqmatik şəkildə dəstəkləyə bilən çevik, dayanıqlı və çoxfunksiyalı enerji dəhlizi kimi inkişafını davam etdirməkdir”, – deyə Skiepatti bildirib.

Karbonsuzlaşdırma məqsədlərinin təşviqindən danışan idarəedici direktor vurğulayıb ki, TAP öz infrastrukturunu aşağı karbonlu qazların potensial nəqlinə hazırlamaqla Avropanın enerji keçidinə töhfə verməyə sadiqdir.

“Eyni zamanda şirkət ümumi ekoloji izini azaltmaq üzərində fəal iş aparır. Bu səylərin əsas elementi TAP-ın öz əməliyyatlarının dekarbonizasiyasıdır və bu sahədə artıq əhəmiyyətli nəticələr əldə olunub və əlavə təkmilləşdirmələr planlaşdırılır. Bu işin əsas hərəkətverici qüvvəsi TAP-ın uzunmüddətli enerji keçidi strategiyasına uyğunlaşdırılmış Karbon Emissiyalarının İdarə Edilməsi Planının həyata keçirilməsidir. Birinci plan (2022–2025-ci illər) karbon qazı, metan və sızma emissiyaları daxil olmaqla bütün əməliyyatlar üzrə istixana qazları emissiyalarının azaldılmasına yönəlmiş geniş təşəbbüsləri əhatə edib. 2025-ci ilə qədər TAP əhəmiyyətli nəticələr əldə edərək ümumi istixana qazları emissiyalarını proqnozla müqayisədə 25 faizdən çox, metan emissiyalarını 50 faizdən çox, sızma emissiyalarını isə baza səviyyəsi ilə müqayisədə 85 faizdən çox azaltmağa nail olub”, – deyə o əlavə edib.

Skiepatti bildirib ki, əldə olunmuş nəticələrə əsaslanaraq TAP emissiyaların azaldılması və əməliyyat səmərəliliyinin daha da artırılması məqsədilə 2026–2030-cu illəri əhatə edən yeni Karbon Emissiyalarının İdarə Edilməsi Planını işə salıb.

“Bu səylər çərçivəsində TAP fəaliyyətinin karbonsuzlaşdırılması yönəlmiş hədəfli tədbirlər həyata keçirir. Bunlara sızma emissiyalarının azaldılması proqramları və bütün aktivlər üzrə enerji səmərəliliyinin artırılmasına yönəlmiş əməliyyat-optimallaşdırılması tədbirləri daxildir. Şirkət həmçinin mümkün genişləndirmə kontekstində kompressor stansiyalarının elektrikləşdirilməsi variantlarını nəzərdən keçirir, eləcə də emissiyaların monitorinqi və hesabatlılığı sistemlərini gücləndirir. Ən mühüm prioritetlərdən biri mövcud ən yaxşı texnologiya və təcrübələrin tətbiqi hesabına metan emissiyalarının azaldılmasıdır. Bu kontekstdə TAP BMT-nin Ətraf Mühit Proqramının (UNEP) himayəsi altında fəaliyyət göstərən “Oil and Gas Methane Partnership” (OGMP 2.0) təşəbbüsü çərçivəsində fəaliyyət göstərir. Bu proqram neft-qaz sektorunda metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması üzrə qlobal standartı müəyyənləşdirir və şirkət tam “qızıl standart” sertifikatını əldə etməyi qarşısına məqsəd qoyub”, – deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti