Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi

Gündəm Materials 1 İyun 2026 08:18 (UTC +04:00)
Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyyənləşib.

Trend-in əldə etdiyi məlumata görə, yeni qərar iyunun 1-dən qüvvəyə minib.

Belə ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimi olacaq:

  • "Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
  • "Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
  • "General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.

Yuxarıda nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilməyəcək.

Qeyd edək ki, interçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür. Bu komissiya birbaşa kart sahibindən deyil, əməliyyatda iştirak edən banklar arasında hesablaşma prosesində tutulur.

Kartla ödəniş zamanı üç əsas tərəf iştirak edir: kartı təqdim edən bank (emitent), ödənişi qəbul edən tərəfin bankı (ekvayer) və ödəniş sistemi (məsələn, Visa və ya Mastercard). Müştəri kart vasitəsilə ödəniş etdikdə ekvayer bank əməliyyatı icra edir və müəyyən faiz həcmində vəsaiti emitent banka ötürür. Məhz bu məbləğ interçeync komissiyası adlanır.

İnterçeync haqqı adətən əməliyyat məbləğinin kiçik bir hissəsini təşkil edir və onun səviyyəsi ölkədən, kart növündən və əməliyyatın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu komissiya əsasən ticarət obyektləri tərəfindən ödənilir.

Nəticə etibarilə, interçeync birbaşa vətəndaşdan tutulmasa da, ticarət obyektləri bu xərcləri qiymətlərə daxil edə bildiyindən dolayı şəkildə istehlakçılara təsir göstərə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti