Bakı.Trend:
Özbəkistan və Azərbaycan iqtisadiyyat, nəqliyyat, təhsil, elm və dövlət idarəçiliyi daxil olmaqla bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafında misli görülməmiş bir mərhələ yaşayır.
Trend xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycanda dövlət siyasəti mövzusuna həsr olunmuş Özbəkistan dövlət qulluqçuları üçün təlimlərin açılışı ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
“Hazırda dövlət xidmətləri qarşısında İT texnologiyalarının inkişafı və iqtisadiyyatın rəqəmsallaşdırılması, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı yeni vəzifələr dayanır.
Azərbaycan rəqəmsal transformasiya, elektron hökumətin tətbiqi və dövlətlə vətəndaşlar arasında səmərəli qarşılıqlı fəaliyyət mexanizmlərinin inkişafı sahəsində əhəmiyyətli təcrübə toplayıb”, – deyə o bildirib.
Səfir vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün ortaq tarixi köklər, yaxın dillər, din, mədəni dəyərlər və gələcəyə dair oxşar baxışlarla bağlı olan qardaş ölkədir.
O əlavə edib ki, qardaş ölkələr bir-birinin təcrübəsini mənimsəməlidir ki, bu da əməkdaşlığın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin yeni formalarının inkişafına töhfə verir.
Onun sözlərinə görə, təlim proqramı və praktiki məşğələlər Özbəkistan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələrinə təkcə azərbaycanlı həmkarlarının təcrübəsini öyrənmək deyil, həm də yeni peşəkar təmaslar qurmaq imkanı verəcək.
Diplomat qeyd edib ki, məhz bu əlaqələr əsasında idarələr və akademiyalar, eləcə də digər nazirliklər və qurumlar arasında gələcək əməkdaşlıq inkişaf etdiriləcək.
Bahrom Aşrafxanov həmçinin bildirib ki, Özbəkistan Bakı Enerji Həftəsində böyük nümayəndə heyəti ilə təmsil olunur.
O vurğulayıb ki, bilik və təcrübə mübadiləsi, xüsusilə dövlət idarəçiliyi sahəsində inkişafın ən mühüm alətlərindən biridir və yeni nəsil peşəkarların hazırlanmasına xidmət edir.
