Böyük şirkətlər üçün əsas çağırışlardan biri məlumatların düzgün idarə olunmasıdır - "AZEL Systems"

İqtisadiyyat Materials 1 İyun 2026 14:53 (UTC +04:00)
Böyük şirkətlər üçün əsas çağırışlardan biri məlumatların düzgün idarə olunmasıdır - "AZEL Systems"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük şirkətlər üçün əsas çağırışlardan biri məlumatların və sənədlərin düzgün idarə olunması, onların vahid sistemdə saxlanılması və biznes proseslərində səmərəli istifadəsinin təmin edilməsidir.

Trend xəbər verir ki, bunu "AZEL Systems" şirkətinin baş direktoru İqor Yakovenko bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.

Onun sözlərinə görə, süni intellekt və rəqəmsal əkiz (digital twin) texnologiyalarının uğurlu tətbiqi üçün mühəndislik sənədlərinin idarə olunması sistemlərinin inteqrasiya olunmuş və normativ tələblərə uyğun şəkildə qurulması vacibdir.

"Şirkətlər öz məlumatlarını və sənədlərini düzgün strukturlaşdırmalı, onların gələcəkdə süni intellekt vasitəsilə necə istifadə ediləcəyini əvvəlcədən planlaşdırmalıdırlar. Bu yanaşma rəqəmsal transformasiyanın əsasını təşkil edir", – deyə o bildirib.

İ.Yakovenko qeyd edib ki, şirkət SOCAR Karbamid və SOCAR-ın "downstream" seqmentində həyata keçirilən layihələr çərçivəsində uğurlu nəticələr əldə edib.

Onun sözlərinə görə, rəqəmsal layihələrin uğuru ilk növbədə müştəri, texnologiya tərəfdaşı və yerli tərəfdaş arasında səmərəli əməkdaşlıqdan asılıdır.

"Layihənin uğurla həyata keçirilməsi üçün vahid komandanın formalaşdırılması vacibdir. Müştəri, texnologiya tərəfdaşı və yerli tərəfdaş birgə fəaliyyət göstərdikdə ən yaxşı nəticələr əldə olunur. Əsas məqsəd nəticəyönümlü yanaşmanı təmin etməkdir", – deyə o vurğulayıb.

Baş direktor bildirib ki, SOCAR-ın həyata keçirdiyi rəqəmsal transformasiya layihələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.

"SOCAR ilk dəfə olaraq qlobal miqyasda iri enerji şirkətlərinin – BP, Saudi Aramco və Shell kimi nəhənglərin iştirak etdiyi platformalarda rəqəmsal innovasiya layihələrinə görə mükafatlandırılıb. Bu, Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir", – deyə o qeyd edib.

İ.Yakovenko əlavə edib ki, yaxın üç ildə şirkətin əsas diqqəti neft-qaz sənayesinin upstream seqmentində rəqəmsal həllərin tətbiqinə yönələcək.

"Biz süni intellekt əsaslı sənəd idarəetmə sistemlərinin inkişafı üzərində çalışırıq. Bir çox şirkətlərdə hələ də kağız daşıyıcılarda saxlanılan böyük həcmdə arxiv sənədləri mövcuddur. Süni intellekt texnologiyaları bu məlumatların rəqəmsallaşdırılmasına, təhlilinə və daha səmərəli istifadəsinə imkan yaradır", – deyə o bildirib.

Onun sözlərinə görə, məhz bu cür rəqəmsal məlumat bazaları gələcəkdə rəqəmsal əkiz texnologiyalarının yaradılması üçün əsas rol oynayır.

Xəbər lenti

Xəbər lenti