Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp idrak qabiliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilən tibbi testdən uğurla keçdiyini bəyan edib.
Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, "Uolter Rid" Hərbi Tibb Mərkəzində aparılan tibbi müayinənin nəticələri olduqca müsbət olub. Onun sözlərinə görə, o, yüksək çətinlik dərəcəsinə malik idrak testində mümkün olan 30 balın hamısını toplayıb.
ABŞ Prezidenti qeyd edib ki, bu, onun iştirak etdiyi dördüncü belə test olub və hər dəfə ən yüksək nəticə əldə edib. O əlavə edib ki, ümumilikdə 120 sualdan ibarət testlərin hamısına düzgün cavab verib və ardıcıl olaraq dörd dəfə maksimal nəticə göstərməyin nadir hal olduğunu vurğulayıb.
Tramp, həmçinin, prezident və vitse-prezident vəzifələrinə
namizəd olan şəxslərin mürəkkəb idrak testlərindən keçmələrinin
vacibliyini qeyd edib.