Bakı.Trend:
İsrail ötən gecə İordan çayının Qərb Sahilində mülki təyyarənin atəşə tutulması ilə bağlı insidenti araşdırır. İsrail Müdafiə Qüvvələri (IDF) əsgərlərin onu düşmən dronu ilə səhv salaraq, yalnışlıq nəticəsində atəş açdığına inanır.
Trend xəbər verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.
İnsident Beyt El qəsəbəsi üzərində sakinlərin bir neçə naməlum pilotsuz uçuş aparatları görməsindən sonra baş verib.
IDF qüvvələri həmin əraziyə səfərbər olunub və bölmələrdən biri mülki təyyarəni dron bilərək ona atəş açıb.
Daha sonra məlum olub ki, Ben Qurion hava limanına eniş edən təyyarələrin uçuş marşrutu şərq istiqamətinə dəyişdirilib. Bu səbəbdən təyyarələr Beyt-El ərazisi üzərindən nisbətən alçaq yüksəklikdə uçub və bu da dronlarla bağlı məlumatların yayılmasına səbəb olmuş ola bilər.
Hadisə nəticəsində zərər və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Ordunun bildirdiyinə görə, insident araşdırılacaq. Təyyarənin hansı hava yolları şirkətinə aid olduğu və uçuş marşrutu açıqlanmır.
