Bakı. Trend:
Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyində “Azərbaycan,
Qazaxıstan və Türkiyənin inkişafında qadın könüllülərin töhfəsi”
mövzusunda beynəlxalq forum keçirilib. Tədbirin təşkilatçıları Bakı
Beynəlxalq Qadınlar Klubu və Qazaxıstanın Azərbaycandakı Səfirliyi
olub.
Trend səfirliyə
istinadən xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, qadın
sahibkarlar, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və
diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel forumun Azərbaycan
Respublikasının Müstəqillik Günü və "Könüllülər İli"nə həsr
olunduğunu vurğulayıb. O, 2026-cı ilin Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə BMT tərəfindən
"Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli" elan
edildiyini qeyd edib. A. Bayel həmçinin, qazax cəmiyyətində müasir
könüllülük qədim qarşılıqlı yardım ənənəsi olan “Asar”dan
qaynaqlandığını bildirib.
Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın fəallığının
yaranma tarixi və qadınlara göstərilən müasir dəstək tədbirləri
barədə danışıb. Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya
Romero Kabalyero forumda təmsil olunan ölkələrdə qadın
könüllülüyünün işıqlandırılması təşəbbüslərinə dəstəyini ifadə
edib.
Türkiyənin Azərbaycandakı səfirinin xanımı Zöhrə Akgün pediatr kimi
iş təcrübəsinə əsaslanaraq uşaqlarda autizmin erkən
diaqnostikasının vacibliyi, onların həmyaşıdları ilə birlikdə dost
və sosial mühitdə təhsil alma imkanlarının yaradılması barədə
təqdimatla çıxış edib, həmçinin Türkiyənin bu sahədəki təcrübəsini
bölüşüb.
Tədbir çərçivəsində Qazaxıstan, Azərbaycan, Türkiyə, Moldova və
ABŞ-dən olan spikerlər müasir cəmiyyətdə qadın könüllülərin rolunu
əks etdirən təqdimatlarla çıxış ediblər.
Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti Asemgül Bayel, Astana
Akimatının Xidmətlər və Turizm Kollecinin Direktoru Saltanat
Basıqarayeva, “Astana Jastarı” Gənclər Resurs Mərkəzinin könüllülük
hərəkatının inkişafı departamentinin rəhbəri Elvira Yesmuxanova
Qazaxıstanda könüllülük hərəkatının təcrübəsi və uğurları barədə
məlumat veriblər. “Sky Line Partners” şirkətinin təsisçisi və
prezidenti Aytən Şirinova, Çeşmə Aqromədəni İnkişaf Kooperativinin
sədri Yeşim Tüzün Yüksəl və digər çıxış edənlər qadın
könüllülüyünün inkişaf perspektivləri, çətinlikləri və strateji
istiqamətləri barədə söz açıblar.
Forumun yekununda iştirakçılar qadın vətəndaş təşəbbüslərinin
təşviqi və türk dünyasında birgə layihələrin həyata keçirilməsi
sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri
Fərqanə Qasımova, Gülyanaq və Gülyaz Məmmədovalar, eləcə də inkişaf
xüsusiyyətləri olan uşaqlar çıxış ediblər.
Bakı Beynəlxalq Qadınlar Klubu 1994-cü ildə təsis edilən
qeyri-hökumət qeyri-kommersiya təşkilatıdır. Klub fəaliyyət
göstərdiyi 32 il ərzində çoxsaylı mədəni, xeyriyyə və
maarifləndirici tədbirlər keçirib və bunlardan sonuncusu 2026-cı
ilin aprel ayında Bakıda keçirilən yaz xeyriyyə yarmarkası
olub.
Qazaxıstan, Azərbaycan və Türkiyə könüllülük hərəkatını inkişaf etdirir
Foto: Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi
