Xəzərdən Perm hövzəsinə qədər - Azərbaycan və ABŞ-nin enerji tərəfdaşlığında yeni dövr

Energetika Materials 29 İyul 2026 12:00 (UTC +04:00)
Xəzərdən Perm hövzəsinə qədər - Azərbaycan və ABŞ-nin enerji tərəfdaşlığında yeni dövr
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında enerji sahəsində əməkdaşlıq artıq otuz ildən çoxdur ki, ikitərəfli münasibətlərin əsas sütunlarından biri hesab olunur. Ölkə müstəqilliyini bərpa etdikdən sonra məhz Amerika şirkətləri Azərbaycanın müasir neft-qaz sənayesinin formalaşmasında mühüm rol oynayıblar. Vaşinqtonun siyasi dəstəyi isə Avrasiyanın enerji xəritəsini dəyişdirən layihələrin həyata keçirilməsinə şərait yaradıb. Bu gün isə bu əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Azərbaycanın "GL Group" şirkətinin ABŞ-də fəaliyyət göstərən neft-qaz aktivlərini satın alması tarixi hadisə kimi qiymətləndirilir. İlk dəfədir ki, Azərbaycan şirkətlər qrupu təkcə ABŞ-də neft və qaz hasilatı aktivlərini əldə etməyib, həm də onların operatoruna çevrilib. Söhbət Texas ştatının Midlend şəhəri yaxınlığında yerləşən Perm hövzəsində istismar olunan, 200-dən çox fəaliyyətdə olan hasilat quyusunu əhatə edən dörd yataqdan gedir.

İlk baxışdan bu, korporativ investisiya sövdələşməsi təsiri bağışlayır. Lakin onun əhəmiyyəti daha dərindir. Bu addım Azərbaycan-ABŞ enerji əməkdaşlığının xarakterində baş verən keyfiyyət dəyişikliyini əks etdirir və iki ölkə arasında tərəfdaşlığın yeni mərhələsini simvolizə edir.

Bu sövdələşmə müəyyən mənada sanki otuz il əvvəl baş vermiş hadisələrin "güzgüdəki əksi" oldu.

1990-cı illərin ortalarında məhz Amerika şirkətləri Xəzər yataqlarının işlənməsində və müstəqil Azərbaycanın müasir neft-qaz sənayesinin yaradılmasında iştirak etmək üçün ölkəyə gəlmişdilər. Bu gün isə tarix əks istiqamətdə inkişaf edir: artıq Azərbaycan şirkəti ABŞ-nin neft-qaz sənayesinə investisiya yatırır və dünyanın ən rəqabətli enerji bazarlarından birində fəaliyyət göstərən hasilat aktivlərinin idarə edilməsini öz üzərinə götürür.

Bu transformasiya Azərbaycanın son otuz ildə keçdiyi yolu – öz təbii ehtiyatlarının inkişafı üçün xarici investisiyalar cəlb edən ölkədən kapital, idarəetmə bacarıqları və peşəkar təcrübə ixrac edən dövlətə çevrilməsini - aydın şəkildə nümayiş etdirir

"Əsrin müqaviləsi"ndən tərəfdaşlığın yeni modelinə

Azərbaycan ilə ABŞ arasında enerji əməkdaşlığının tarixi hər zaman qarşılıqlı fayda və uzunmüddətli strateji baxış üzərində qurulub.

1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Amerika şirkətləri Azərbaycanın neft-qaz sektorunun modernləşdirilməsinin əsas iştirakçılarından oldular. "ExxonMobil", "Chevron", "Baker Hughes", "Honeywell", SLB və bir çox digər şirkətlər yalnız maliyyə yatırımı etməklə kifayətlənməyərək, ölkəyə müasir texnologiyalar, mühəndis həlləri və layihələrin idarə olunması üzrə beynəlxalq standartlar gətirdilər.

Vaşinqtonun siyasi dəstəyi də regionun əsas enerji layihələrinin reallaşmasında həlledici rol oynadı.

ABŞ Xəzər neftinin ənənəvi marşrutlardan yan keçməklə ilk dəfə dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini fəal şəkildə dəstəklədi. Sonralar Vaşinqton Cənub Qaz Dəhlizinin təşviqində də analoji rol oynadı.

ABŞ Dövlət Departamenti dəfələrlə bəyan edib ki, Cənub Qaz Dəhlizini Avropanın enerji təhlükəsizliyi üçün ən mühüm layihələrdən biri hesab edir.

"ABŞ Cənub Qaz Dəhlizini Avropanın enerji təhlükəsizliyi üçün fundamental əhəmiyyət daşıyan infrastruktur hesab edir. Avropanın daha çox ölkəsinə nə qədər çox Azərbaycan qazı çatdırılarsa, bir o qədər yaxşıdır. Biz bu səyləri dəstəkləməyə davam edəcəyik",-deyə departamentin rəsmisi bildirib.

Amerika tərəfinin qiymətləndirməsinə görə, məhz tədarüklərin şaxələndirilməsi Avropanın enerji resurslarının inhisarçı mənbələrindən asılılığını azaltmağa imkan verir və Azərbaycan bu strategiyanın həyata keçirilməsində əsas rollardan birini oynayır.

Son illərdə ölkə qaz ixracının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Azərbaycan təbii qazı artıq 16 dövlətə, o cümlədən bu il istehlakçılar sırasına qoşulan Almaniya və Avstriyaya tədarük olunur.

Beləliklə, Bakı ilə Vaşinqton arasında tərəfdaşlıq heç vaxt yalnız kommersiya maraqları ilə məhdudlaşmayıb. O, hər zaman Avropa və Avrasiyanın enerji təhlükəsizliyinin daha geniş memarlığının tərkib hissəsi olub. Məhz buna görə də ABŞ-də aktivlərin alınması belə böyük simvolik əhəmiyyət daşıyır.

Onilliklər ərzində investisiya axını əsasən birtərəfli olub – Amerika şirkətləri Azərbaycanın neft-qaz sənayesinə sərmayə yatırırdılar. İndi isə yeni model formalaşır. Azərbaycan şirkəti ABŞ bazarına artıq podratçı və ya azlıq payına malik investor kimi deyil, tamhüquqlu hasilat operatoru kimi daxil olur.

Belə bir keçidi yalnız bir şirkətin uğurlu inkişafı ilə izah etmək mümkün deyil. Bu, bütövlükdə Azərbaycanın neft-qaz sənayesinin yetkinlik səviyyəsini göstərir.

Ötən otuz il ərzində ölkə ən mürəkkəb beynəlxalq layihələrin həyata keçirilməsi sahəsində unikal təcrübə toplayıb, peşəkar mühəndis məktəbləri formalaşdırıb, yüksək ixtisaslı kadrlar hazırlayıb və dünyanın ən etibarlı enerji tərəfdaşlarından biri kimi nüfuz qazanıb. Məhz bu nüfuz Azərbaycan biznesinə bu gün ən inkişaf etmiş enerji bazarlarına inamla çıxmağa imkan verir.

Bu baxımdan region seçimi də xüsusi diqqət çəkir.

Niyə məhz Perm hövzəsi?

Perm hövzəsi təkcə ABŞ-nin ən böyük neft hasilatı regionu deyil, həm də dünya neft-qaz sənayesinin əsas mərkəzlərindən biri hesab olunur. O həqiqətən olduqca yüksək əhəmiyyətə malikdir.

2025-ci ildə burada gündəlik təxminən 6,6 milyon barel neft hasil olunurdu ki, bu da ABŞ-nin ümumi neft hasilatının təxminən yarısını və dünya neft hasilatının 8 faizindən çoxunu təşkil edirdi. Təbii qaz hasilatı isə sutkada 27,6 milyard kubfuta çatırdı ki, bu da ABŞ-nin əmtəə qazı hasilatının təxminən dörddə birinə və dünya üzrə ümumi hasilatın təxminən 7 faizinə bərabər idi.

Belə bir regionda fəaliyyət göstərmək ən yüksək beynəlxalq tələblərə cavab vermək deməkdir. Operator yüzlərlə hasilat quyusunu səmərəli idarə etməli, neft verilişinin artırılması üçün müasir texnologiyaları tətbiq etməli, ciddi ekoloji standartlara riayət etməli, sənaye təhlükəsizliyini təmin etməli və yüksək iqtisadi səmərəlilik nümayiş etdirməlidir.

Əslində, "GL Group" dünya neft-qaz sənayesinin özünəməxsus yüksək liqasında fəaliyyət göstərmək imkanı əldə edib. Elə buna görə də bu sövdələşmə korporativ uğurun hüdudlarını xeyli aşır. O, dünyanın ən inkişaf etmiş enerji bazarlarından birinin Azərbaycan neft-qaz biznesinə göstərdiyi etimadın göstəricisinə çevrilir.

Əhəmiyyətli məqamlardan biri də odur ki, bu sövdələşmə təcrid olunmuş şəkildə deyil, ikitərəfli əməkdaşlığın sürətlə möhkəmləndiyi bir dövrdə baş verib. Son aylar, bəlkə də, uzun illər ərzində Azərbaycan-ABŞ münasibətlərində ən dinamik mərhələ olub.

Fevral ayında münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək potensialına malik Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda xüsusi vurğulayıb ki, bu Xartiya ənənəvi istiqamətlər – energetika, nəqliyyat əlaqəliliyi və təhlükəsizliklə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər yüksək texnologiyalar sahələrində də əməkdaşlığa yeni təkan verəcək.

Məhz bu siyasi təkan qısa müddət sonra konkret iqtisadi məzmun qazandı. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu artıq bir çox ekspert tərəfindən son illərin ikitərəfli iqtisadi gündəliyində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Amerika nümayəndə heyətinin səfəri zamanı ümumi dəyəri 8 milyard ABŞ dollarından çox olan kommersiya sazişləri, o cümlədən SOCAR ilə Amerikanın "Lummus Technology" şirkəti arasında strateji saziş, eləcə də Azərbaycan İqtisadiyyat Nazirliyi ilə "Oracle" arasında memorandum imzalanıb. Lakin əldə olunmuş razılaşmaların mahiyyəti daha böyük əhəmiyyət daşıyır. Ənənəvi enerji layihələri ilə yanaşı, tərəflər rəqəmsal infrastruktur, sənaye avtomatlaşdırılması, bulud texnologiyaları və süni intellekt sahələrində də sazişlər bağlayıblar. Bu isə iki ölkə arasında enerji əməkdaşlığının tədricən tamamilə yeni keyfiyyət səviyyəsinə yüksəldiyini təsdiq edir.

SOCAR və Amerika şirkətləri: onilliklərin sınağından çıxmış tərəfdaşlıq

Son otuz il ərzində Azərbaycan-ABŞ enerji əməkdaşlığının əsas hərəkətverici qüvvələrindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Əgər 1990-cı illərdə əməkdaşlıq əsasən Xəzər yataqlarının işlənməsi ətrafında cəmləşirdisə, bu gün o, geoloji kəşfiyyat və hasilatdan başlayaraq rəqəmsallaşma, karbonsuzlaşdırma və qabaqcıl texnologiyaların tətbiqinədək dəyər zəncirinin demək olar ki, bütün mərhələlərini əhatə edir.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Trend-ə özəl müsahibəsində bildirib ki, bu əməkdaşlığın təməli hələ müstəqil Azərbaycanın yeni neft strategiyasını müəyyənləşdirən "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulub.

"Bu tarixi saziş ölkənin neft-qaz sektorunun qlobal enerji bazarlarına inteqrasiyasında həlledici rol oynadı və SOCAR-ın Amerika şirkətləri ilə uzunmüddətli tərəfdaşlığı üçün möhkəm zəmin yaratdı", – deyə o vurğulayıb.

Ə.İsayevin sözlərinə görə, "ExxonMobil" SOCAR-ın tərəfdaşları sırasına qoşulan ilk Amerika şirkətlərindən biri olub və onunla əməkdaşlıq Azərbaycanda neft-qaz yataqlarının işlənməsi sahəsində ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə imkan verib.

Ötən illər ərzində əməkdaşlığın xarakteri əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər tərəfdaşlıq əsasən karbohidrogenlərin hasilatı üzərində cəmləşirdisə, bu gün müasir energetikanın inkişafının demək olar ki, bütün əsas istiqamətlərini əhatə edir.

SOCAR "ExxonMobil" ilə birlikdə karbonsuzlaşdırma və karbonun tutulması və saxlanılması (CCS) texnologiyaları sahəsində layihələr həyata keçirir. "Baker Hughes" və SLB ilə əməkdaşlıq çərçivəsində şirkət geoloji kəşfiyyat və hasilat üzrə müasir texnologiyaları tətbiq edir, eyni zamanda geotermal enerjinin potensialını araşdırır. Honeywell ilə tərəfdaşlıq istehsal proseslərinin rəqəmsallaşdırılmasına, intellektual idarəetmə sistemlərinin və müəssisələrin avtomatlaşdırılmasının tətbiqinə yönəlib, "Boston Consulting Group" ilə birgə layihələr isə karbonsuzlaşdırma və dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsinə töhfə verir.

"SOCAR-ın Amerika şirkətləri ilə tərəfdaşlığı Azərbaycanın enerji sektorunun modernləşdirilməsində, qabaqcıl texnologiyaların və mühəndis həllərinin tətbiqində, eləcə də rəqəmsallaşma və karbonsuzlaşdırma təşəbbüslərinin irəli aparılmasında mühüm rol oynayıb", – deyə Əfqan İsayev qeyd edib.

Əslində, artıq söhbət sadəcə neft şirkətləri arasında əməkdaşlıqdan getmir. Bu, dünya energetikasının inkişafının demək olar ki, bütün istiqamətlərini əhatə edən uzunmüddətli texnoloji tərəfdaşlığa çevrilib.

Növbəti məntiqi addım – ABŞ-nin upstream sektoruna çıxış

SOCAR rəhbərliyinin layihələri birbaşa ABŞ-də həyata keçirməkdə maraqlı olması ilə bağlı açıqlamaları xüsusilə diqqətçəkicidir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Vaşinqtonda keçirilən Amerika-Azərbaycan ticarət və biznes konfransında çıxışı zamanı bildirib ki, şirkət ABŞ-də hasilat aktivlərinin alınması ilə bağlı danışıqlar aparır.

"SOCAR ABŞ-də hasilat layihələrinin qiymətləndirilməsində və onlarda pay sahibi olmaqda böyük maraq göstərir. Hazırda potensial satınalmalarla bağlı bir neçə tərəfdaşla fəal müzakirələr aparırıq", – deyə o bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, Amerika bazarı yüksək texnoloji səviyyəsi və qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində topladığı təcrübə sayəsində xüsusi maraq doğurur.

"Biz müasir innovativ həlləri və alətləri tətbiq etmək istəyirik. Amerika şirkətləri bu istiqamətdə fəaliyyət üçün təbii tərəfdaşlardır. Biz işimizi daha səmərəli və daha az xərclə yerinə yetirməyə, eyni, hətta daha yaxşı nəticələr əldə etməyə kömək edəcək bütün innovativ həllərə və yeni texnologiyalara açığıq", – deyə R.Nəcəf vurğulayıb.

SOCAR prezidentinin digər açıqlaması da az əhəmiyyət daşımır. Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinə başlayır və bu sahədə məhz Amerika şirkətləri əsas texnoloji tərəfdaşlar kimi nəzərdən keçirilir.

"Amerika şirkətləri bu layihənin həyata keçirilməsi üçün təbii tərəfdaşlardır, çünki onlar zəruri texnologiyalara, bilik və təcrübəyə malikdirlər. Biz artıq "ExxonMobil" ilə əməkdaşlıq çərçivəsində işə başlamışıq", – deyə Rövşən Nəcəf qeyd edib.

Bu fonda "GL Group"un ABŞ-də fəaliyyət göstərən hasilat aktivlərini əldə etməsi təsadüfi hadisə deyil, Azərbaycan neft-qaz sektorunun Amerika bazarında iştirakını genişləndirmək istiqamətində həyata keçirdiyi ümumi strategiyanın məntiqi davamı kimi görünür.

Vaşinqton: Azərbaycan ABŞ-nin əsas enerji tərəfdaşlarından biri olaraq qalır

Diqqətçəkən məqamlardan biri də odur ki, oxşar yanaşma Amerika tərəfinin bəyanatlarında da öz əksini tapır.

ABŞ Dövlət katibinin İqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr dəfələrlə vurğulayıb ki, Vaşinqton Azərbaycanın enerji layihələrində iştirakını genişləndirmək niyyətindədir.

Onun sözlərinə görə, enerji sektoru artıq konkret Amerika investisiyalarını cəlb edir və Birləşmiş Ştatlar bu investisiyaların həcmini artırmağı planlaşdırır.

Kaleb Orr "ExxonMobil" və "Chevron" ilə əməkdaşlığa xüsusi diqqət yetirib.

O xatırladıb ki, ExxonMobil yeni geoloji kəşfiyyat işləri ilə bağlı SOCAR ilə memorandum imzalayıb, "Chevron" isə Azərbaycanda yeni tədqiqatlara başlayıb. "Bu konkret layihələrin irəlilədikcə həyata keçirilməsini dəstəkləyirik", – deyə o bildirib.

Lakin Amerika diplomatının digər açıqlaması, bəlkə də, daha diqqətçəkən olub.

"Bu gün Azərbaycan dünya üçün mühüm enerji istehsalçısıdır və Birləşmiş Ştatlar bu münasibətlərdən əhəmiyyətli fayda əldə edir. Yaxın illərdə bu əməkdaşlığın xeyli genişlənəcəyini gözləyirik", – deyə Kaleb Orr vurğulayıb.

Əslində, bu bəyanat Azərbaycanın müasir qlobal enerji memarlığının əsas elementlərindən biri kimi qəbul edildiyini göstərir.

Bu kursun növbəti təsdiqi Kaleb Orrun ABŞ-nin Azərbaycanın boru kəməri və digər enerji infrastrukturunun inkişafında daha mühüm rol oynamaq niyyəti ilə bağlı açıqlaması olub. Onun sözlərinə görə, Vaşinqton Azərbaycanı Orta Dəhlizin mərkəzi elementi kimi qiymətləndirir və ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun daha da güclənəcəyinə ümid edir.

Bu mövqe ABŞ Dövlət Departamentinin Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və Azərbaycan qazının Avropa istehlakçılarına tədarükünün artırılmasına dəyişməz dəstəyi ilə tam səsləşir.

Dövlət Departamentində vurğulayırlar ki, məhz belə marşrutların inkişafı Avropanın enerji təchizatını şaxələndirməyə və məhdud sayda təchizatçılardan asılılığı azaltmağa imkan verir.

Beləliklə, Bakı ilə Vaşinqton arasında enerji əməkdaşlığı artıq çoxdan ikitərəfli iqtisadi maraqlar çərçivəsini aşaraq daha geniş strateji məzmun kəsb edib.

Energetika yeni nəsil əməkdaşlığın təməli kimi

Bununla yanaşı, bu gün Azərbaycan-ABŞ tərəfdaşlığının əhəmiyyətini artıq yalnız neft və qaz hasilatı prizmasından qiymətləndirmək mümkün deyil.

ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının (ITA) bildirdiyinə görə, ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə ənənəvi energetika münasibətlərin əsasını təşkil etməyə davam etsə də, artıq əməkdaşlığın yeganə istiqaməti deyil.

ITA Trend-ə özəl olaraq verdiyi şərhində vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycanı kritik əhəmiyyətli minerallar, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və Orta Dəhlizin inkişafı da daxil olmaqla bir sıra istiqamətlər üzrə strateji tərəfdaş kimi qiymətləndirir.

Bununla belə, əməkdaşlığın gələcək genişlənməsi üçün əsas platforma məhz enerji sektoru olaraq qalır.

ABŞ administrasiyasında qeyd edirlər ki, neft-qaz sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıq iki ölkənin dövlət qurumları, enerji şirkətləri və özəl sektoru arasında yüksək etimad səviyyəsi formalaşdırıb. Məhz bu etimad kapitalı bu gün energetika, rəqəmsal texnologiyalar və sənaye modernləşdirilməsini birləşdirən yeni nəsil layihələrin həyata keçirilməsinə imkan yaradır.

Oxşar qiymətləndirmə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) tərəfindən də verilir. Agentliyin regional meneceri Sara Leminqin sözlərinə görə, Azərbaycan mayeləşdirilmiş təbii qaz (LNG), mülki nüvə energetikası, elektrik şəbəkələrinin modernləşdirilməsi, rəqəmsal infrastruktur və süni intellekt sahələrində layihələrin həyata keçirilməsi üçün perspektivli tərəfdaş hesab olunur.

Hər iki ölkənin strateji maraqlarına cavab verən, eyni zamanda Amerika texnologiyalarının tətbiqi və investisiyaların cəlb olunması üçün imkanlar yaradan layihələrə xüsusi diqqət yetirilir.

Başqa sözlə, əməkdaşlıq artıq çoxdan neft və qaz ixracı ilə məhdudlaşmır. Bu gün o, ənənəvi karbohidrogen hasilatından tutmuş rəqəmsallaşma, süni intellekt, dekarbonizasiya texnologiyaları və enerji infrastrukturunun intellektual idarə olunmasınadək müasir enerji ekosisteminin demək olar ki, bütün istiqamətlərini əhatə edir.

Münasibətlərin yeni modeli: investisiyalar qarşılıqlı xarakter alır

Otuz ildən artıq müddətdə kapital axınının əsas istiqaməti Amerika şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar olub. Məhz ABŞ-nin iştirakı sayəsində Azərbaycan hasilat üzrə qabaqcıl texnologiyalara, müasir mühəndis həllərinə, beynəlxalq korporativ idarəetmə standartlarına və dünyanın aparıcı enerji bazarlarına çıxış əldə edib. Lakin bu gün ikitərəfli münasibətlər yeni keyfiyyət qazanır. Azərbaycan artıq yalnız investisiya qəbul edən tərəf deyil, getdikcə daha inamlı şəkildə investor kimi çıxış edir.

Qarşılıqlı investisiyalar, texnologiya mübadiləsi, bilik və bacarıqların birgə inkişafı, həmçinin hər iki ölkənin biznes qurumlarının enerji layihələrində bərabərhüquqlu iştirakı əsasında əməkdaşlığın prinsipial olaraq yeni modeli formalaşır. Məhz belə model yetkin strateji tərəfdaşlıqlar üçün xarakterikdir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu transformasiya məhz indi mümkün olub. Son onilliklər ərzində Azərbaycan qlobal enerji bazarında ən etibarlı tərəfdaşlardan biri kimi nüfuzunu ardıcıl şəkildə möhkəmləndirib. Ölkə ixrac öhdəliklərini daim yerinə yetirib, iri infrastruktur layihələrini vaxtında reallaşdırıb və qlobal enerji bazarlarında yüksək dalğalanmaların yaşandığı dövrlərdə belə etibarlı təchizatçı statusunu qoruyub saxlayıb.

Məhz bu ardıcıl siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq tərəfdaşlar tərəfindən təkcə enerji resurslarının tədarükçüsü kimi deyil, həm də mürəkkəb beynəlxalq layihələrə investisiya yatırmaq, yüksək texnologiyalı aktivləri idarə etmək və onların səmərəli istismarını təmin etmək qabiliyyətinə malik dövlət kimi qəbul olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti