Bakı. Trend:
İyulun 25-də Santa Kruzda (Kaliforniya ştatı) dəniz xilasedicisinin operativ müdaxiləsi sayəsində azyaşlı oğlan boğulmaq təhlükəsindən xilas olub. Güclü dalğaların içində qalan və sahilə çıxa bilməyən 10 yaşlı uşaq xilasedici tərəfindən təhlükəsiz yerə çıxarılıb. Şiddətli dalğalar şəraitində xilasetmə əməliyyatı təxminən iki dəqiqə davam edib.
Görüntülərdə xilasedicinin uşağa arxadan yaxınlaşaraq onu tutduğu, daha sonra həmkarı və bir neçə çimərlik ziyarətçisinin köməyi ilə uşağı sahilə çıxardığı əks olunub. Zərərçəkən dalğalardan uzaq, təhlükəsiz şəkildə qumun üzərinə gətirilib. İstirahət edənlər xilasediciləri alqışlarla qarşılayıblar.
ABŞ Prezidenti Donald Tramp cəsur xilasedicini Ağ Evə dəvət edəcəyini bildirib. O, Truth Social şəbəkəsində paylaşım edərək yazıb: "Biz bu qəhrəman gənci, onun ailəsini, eləcə də xilas etdiyi uşağı Ağ Evə dəvət edəcəyik və ona ən ali mülki mükafatı təqdim edəcəyik. O, böyük cəsarət göstərib və buna layiqdir!".
Xilasedicinin həmin gün növbədə olan 16 yaşlı Rayder Uilyams olduğu məlum olub.
Rayderin tərəfdarları onun üçün "GoFundMe" vasitəsilə ianə kampaniyası təşkil etməyi təklif etsələr də, anası bundan imtina edib və onları bunun əvəzinə "Gənc xilasedicilər" (Junior Guards) proqramını dəstəkləməyə çağırıb.
“Düzünü desəm, o sadəcə ürəkdən sevdiyi işi görürdü”, – deyə o bildirib.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, güclü dəniz qabarması Sakit okeanın şərq hissəsində uzaq məsafədə yerləşən tropik siklonlar nəticəsində yaranıb. Sahilə çırpılan dalğaların hündürlüyünün 3 metrə çata biləcəyi qeyd edilmişdi.
