Bakı. Trend:
Müasir dünyada dövlətlər arasında rəqabət artıq yalnız siyasi, iqtisadi və ya hərbi sahədə deyil, informasiya məkanında da aparılır.
Dezinformasiya, təbliğat və psixoloji təsir vasitələri beynəlxalq münasibətlərin mühüm elementlərindən birinə çevrilib. Bu baxımdan media qurumlarına qarşı atılan addımlar təkcə informasiya siyasəti deyil, həm də dövlətlərarası münasibətlərin göstəricisi kimi qiymətləndirilir.
Son günlər İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi və həmin media orqanı ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi də məhz bu kontekstdə diqqət çəkir.
Bu qərar Azərbaycanda yalnız media məsələsi kimi deyil, həm də iki ölkə arasındakı münasibətlərə və informasiya təhlükəsizliyinə təsir göstərə biləcək addım kimi dəyərləndirilir.
MEDİA: Qarşılıqlılıq prinsipi tətbiq ediləcək
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məsələ ilə bağlı yaydığı bəyanatda İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsini və həmin media orqanları ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsini təəccüblə qarşıladığını bildirib.
Agentlik bəyan edib ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq qalmaqla yanaşı, beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir.
Bəyanatda qeyd olunub ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər tətbiq edildiyi halda, həmin dövlətin jurnalistlərinə qarşı Azərbaycanda da analoji məhdudiyyətlər tətbiq oluna bilər.

MEDİA vurğulayıb ki, sözügedən qanun norması və qarşılıqlılıq prinsipi nəzərə alınaraq Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan “Səhər” televiziya kanalının, “Mehr” xəbər agentliyinin və onların nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilir.
Agentlik eyni zamanda Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri milli maraqlara zidd fəaliyyət göstərən bu media qurumları və onlarla əlaqəli şəxslərlə əməkdaşlıqdan çəkinməyə çağırıb.
Bəyanatda həmçinin vurğulanıb ki, media sahəsində beynəlxalq əməkdaşlıq yalnız qarşılıqlı hörmət, jurnalistlərin peşə müstəqilliyi və beynəlxalq hüququn prinsipləri əsasında qurulmalıdır.
Hüquqi cavabdan daha geniş mesaj
MEDİA-nın bəyanatı göstərir ki, Azərbaycan bu məsələyə emosional deyil, hüquqi müstəvidə yanaşmağa üstünlük verir. Agentliyin istinad etdiyi qarşılıqlılıq prinsipi beynəlxalq praktikada qəbul olunan yanaşmalardan biridir və jurnalistlərin fəaliyyətinə birtərəfli məhdudiyyətlərin cavabsız qalmayacağını nümayiş etdirir.
Eyni zamanda, bəyanatın mahiyyəti yalnız konkret media qurumları ilə bağlı qərardan ibarət deyil. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycanın milli maraqlarına qarşı sistemli təbliğat aparan media resursları ilə peşəkar jurnalistika anlayışı arasında aydın sərhəd qoyulur. Bu yanaşma informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirildiyini də göstərir.
Ceyhun Məmmədov: Belə addımlar münasibətlərin inkişafına mane olur
Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycan və İran arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti nəticəsində iki ölkə arasında əvvəlki gərginlik aradan qalxıb və münasibətlər inkişaf mərhələsinə qədəm qoyub.
Deputat qeyd edib ki, hazırda əsas vəzifə əldə olunmuş müsbət dinamikanı qorumaq və Azərbaycan-İran əlaqələrinin daha da inkişafına töhfə verməkdir.
“Təəssüf ki, İran Kəşfiyyat Nazirliyinin Azərbaycan Televiziyası ilə bağlı son qərarı bu baxımdan ciddi narahatlıq doğurur. İran tərəfi yaxşı bilir ki, AzTV Azərbaycanın dövlət televiziyasıdır. Dövlət televiziyasına münasibətdə belə bir qərarın qəbul edilməsi yolverilməz və qəbuledilməzdir. Bu cür addımlar ölkələrimiz arasında formalaşan müsbət münasibətlərə xələl gətirə və əməkdaşlığın inkişafına mənfi təsir göstərə bilər”, - deyə o bildirib.

C.Məmmədov vurğulayıb ki, İran rəsmiləri bu kimi məsələlərdə daha həssas və məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
“Əgər məqsəd ikitərəfli münasibətlərin inkişafıdırsa, belə qərarlardan çəkinmək lazımdır. Ümid edirik ki, İran tərəfi bu məsələyə yenidən baxacaq, yaranmış vəziyyətdən düzgün nəticə çıxaracaq və gələcəkdə oxşar halların təkrarlanmasına yol verməyəcək”, - deyə deputat əlavə edib.
Məsələ təkcə media ilə məhdudlaşmır
Deputatın fikirləri məsələnin diplomatik tərəfinə diqqət çəkir. Doğrudan da, son illər Azərbaycan və İran arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm siyasi addımlar atılıb. Belə bir mərhələdə media sahəsində atılan sərt qərarlar tərəflər arasında formalaşan etimad mühitinə mənfi təsir göstərə bilər.
Digər tərəfdən, informasiya təhlükəsizliyi məsələsi yalnız ikitərəfli münasibətlər prizmasından qiymətləndirilmir. Bu, eyni zamanda xarici təsir cəhdləri, təbliğat kampaniyaları və milli informasiya məkanının qorunması ilə bağlı daha geniş təhlükəsizlik məsələsidir. Məhz bu baxımdan bir sıra ekspertlər İranın qərarını ayrıca hadisə deyil, uzunmüddətli informasiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirirlər.
Elçin Mirzəbəyli: Bu, sistemli informasiya təxribatının davamıdır
Mövzu ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib ki, İranın Azərbaycana qarşı informasiya təxribatları yeni deyil və uzun illərdir, sistemli şəkildə davam edir. Onun sözlərinə görə, İran Kəşfiyyat Nazirliyinin açıqladığı “düşmən siyahısı” da bu siyasətin növbəti təzahürüdür.
Deputat qeyd edib ki, sözügedən siyahı ilk növbədə İranın azad sözə və müstəqil mediaya münasibətini nümayiş etdirir.
“Bu addım eyni zamanda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən təsir və casus şəbəkələrinə verilmiş mesaj kimi də qiymətləndirilə bilər. Məqsəd Azərbaycanın informasiya məkanına qarşı daha koordinasiyalı fəaliyyət göstərmək və anti-Azərbaycan təbliğatını gücləndirməkdir”, - deyə o vurğulayıb.

E.Mirzəbəyli bildirib ki, İranın “Səhər” və “Mehr” media qurumları müstəqil informasiya resursları deyil, rəsmi təbliğat maşınının tərkib hissəsidir.
“Bu media qurumları uzun müddətdir, Azərbaycanın konstitusiya quruluşuna qarşı təbliğat aparır. Belə fəaliyyət Azərbaycanın milli maraqlarına ziddir və onların ölkəmizdəki fəaliyyəti hüquqi baxımdan da ciddi suallar doğurur”, – deyə deputat qeyd edib.
Onun fikrincə, məsələ yalnız bu media resursları ilə məhdudlaşmır.
“İranın müxtəlif ölkələr, o cümlədən qonşu dövlətlər üzərindən Azərbaycanın informasiya məkanına təsir göstərməyə çalışan şəbəkəsinin müəyyənləşdirilməsi, bu fəaliyyətin ifşa olunması və aidiyyəti dövlətlərlə əməkdaşlıq çərçivəsində həmin şəxslərin qanun qarşısında cavab verməsi istiqamətində addımlar atılmalıdır. Çünki faktiki olaraq Azərbaycana qarşı informasiya müstəvisində məqsədyönlü təzyiq və təbliğat kampaniyası həyata keçirilir”, - deyə o bildirib.
Deputat əlavə edib ki, İranın bu mövqeyi təsadüfi deyil.
“Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Ermənistanı dəstəkləyən, Vətən müharibəsində əldə etdiyimiz zəfəri isə həzm edə bilməyən dairələrin bu gün də ölkəmizə qarşı düşmən mövqeyindən çıxış etməsi təəccüblü deyil”, - deyə E.Mirzəbəyli vurğulayıb.
İnformasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir
İranın AzTV ilə bağlı qərarı ətrafında yaranan müzakirələr göstərir ki, informasiya məkanı artıq dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilib. Bu səbəbdən media subyektlərinə münasibət təkcə söz azadlığı kontekstində deyil, həm də milli maraqlar, qarşılıqlılıq prinsipi və informasiya təhlükəsizliyi baxımından qiymətləndirilir.
Azərbaycanın informasiya məkanına yönələn təhdidlərə qarşı həm hüquqi, həm siyasi, həm də peşəkar media müstəvisində ardıcıl və koordinasiyalı yanaşma nümayiş etdirilməsi zəruridir. Belə bir yanaşma yalnız milli informasiya mühitinin qorunmasına deyil, həm də regionda sağlam və qarşılıqlı hörmətə əsaslanan media əməkdaşlığının formalaşmasına xidmət edə bilər.
