Bakı. Trend:
İran ABŞ və Səudiyyə Ərəbəstanının İraqın bəzi məkanlarına qarşı hərbi hava hücumları həyata keçirməsini kəskin şəkildə qınayır.
Bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
“İran İraqın bəzi əraziləri, o cümlədən rəsmi dairələrinə aid obyektləri və ziyarətçilərin məkanlarına qarşı hərbi hava hücumlarının həyata keçirilməsini kəskin şəkildə qınayır”, - deyə bəyanatda bildirilib.
İran XİN qeyd edib ki, bu hücumlar BMT Nizamnaməsi müddəası və beynəlxalq hüquq normalarının açıq-aşkar şəkildə pozulmasıdır və İraqın ərazi bütövlüyü və suverenliyinə qarşıdır.
“Bu hücumlar ABŞ və İsrailin Qərbi Asiya regionunda gərginliyi artırmaq məqsədinə xidmət edir”, - deyə bəyanatda bildirilib.
İran XİN hərbi hava hücumları nəticəsində ölənlərlə əlaqədar İraqa başsağlığı verib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun 28-də ABŞ Mərkəzi Komandanlığı və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri İraqda ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlar təşkil etmək üçün İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən yönləndirilən İran yönümlü terrorçulara qarşı yüksək dəqiqlikli zərbələr endirib.
Hücumlar nəticəsində 20 nəfərin öldüyü və 32 nəfərin yaralandığı bildirilir.
