Tramp administrasiyası xaricdə istehsal olunan humanoid robotların idxalını qadağan edib

Dünya xəbərləri Materials 29 İyul 2026 02:09 (UTC +04:00)
Tramp administrasiyası xaricdə istehsal olunan humanoid robotların idxalını qadağan edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Donald Tramp administrasiyası çərşənbə axşamı humanoid və dördayaqlı robotları ABŞ-yə idxalı qadağan edilən məhsul və şirkətlərin siyahısına daxil edib. Hökumət bu robotların ölkənin milli təhlükəsizliyi üçün "qəbuledilməz risklər" yaratdığını bildirib. ABŞ-də satılan humanoid robotların böyük hissəsi xaricdə, əsasən də Çində istehsal edilir.

ABŞ-nin Rabitə üzrə Federal Komissiyasının (FCC) yaydığı məlumata görə, "qabaqcıl robot texnikası qurğuları" kateqoriyasına daxil olan "mobil robotlar" da qadağa siyahısına əlavə edilib.

Qərar Ağ Evin yaratdığı işçi qrupunun hazırladığı hesabat əsasında qəbul edilib. Hesabatda qeyd olunur ki, xaricdə istehsal olunan bu robotlar ABŞ vətəndaşlarının təhlükəsizliyinə və müdafiəsinə təhdid yarada bilər. Milli təhlükəsizlik qurumlarının fikrincə, bu robotlar təchizat zəncirində zəif nöqtələr formalaşdıraraq ABŞ-nin iqtisadi və milli təhlükəsizliyini poza bilər və onlar Amerika infrastrukturuna təhlükə yarada biləcək kibertəhlükəsizlik riskləri daşıyır.

Hazırda humanoid robotların əksəriyyəti avtomobil zavodları və anbarlar kimi qapalı sənaye obyektlərində istifadə üçün hazırlanır. İşçi qrupunun dərc etdiyi sənəddə nümunə kimi fransalı proqramçı Sami Azdufalın hadisəsi göstərilir. O, təsadüfən Çin istehsalçısı DJI-yə məxsus 7 min robot tozsoranın məlumatlarına çıxış əldə etdiyini bildirib.

Qadağa ABŞ Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş və "qəbuledilməz risk" yaratmayan robotlara aid deyil.

Bundan əlavə, FCC xaricdə istehsal olunan invertorları da qadağa siyahısına daxil edib. Bu qurğular batareyalardan və ya günəş panellərindən alınan sabit cərəyanı elektrik şəbəkəsində istifadə olunan dəyişən cərəyana çevirmək üçün istifadə olunur.

Çərşənbə axşamı elan edilən qərar yalnız yeni robot modellərinə şamil edilir və artıq ABŞ-da satılan və ya istifadəsinə icazə verilən robotlara aid deyil.

Hazırda bir sıra robot texnologiyaları şirkətləri humanoid robotların istehsalını artıq ABŞ-da həyata keçirir. Onlardan biri olan Boston Dynamics gələcəkdə ildə 30 min robot istehsal etmək gücündə olacaq zavod tikməyi planlaşdırır.

Tesla isə humanoid robotu Optimus-un sənaye istehsalına yaxın vaxtlarda ABŞ-dakı iki müəssisəsində – Kaliforniyanın Fremont və Texasın Ostin şəhərlərində başlamağı planlaşdırır. Lakin söhbət tam istehsaldan deyil, əsasən yığım prosesindən gedir.

Tramp administrasiyasının rəsmilərindən biri bildirib ki, qadağa yalnız tam hazır vəziyyətdə ABŞ-a gətirilən robotlara deyil, həm də ABŞ ərazisində yığılsa belə, komponentlərinin 35 faizdən çoxu xaricdə istehsal olunan robotlara da şamil ediləcək.

Xəbər lenti

Xəbər lenti