Bakı. Trend:
İtaliya milli komandasını 2018-2023-cü illərdə çalışdıran Roberto Mançini yenidən baş məşqçi postuna qayıdıb.
İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo çərşənbə axşamı bildirib ki, Roberto Mançini ikinci dəfə milli komandanın baş məşqçisi olacaq, Klaudio Ranyeri isə federasiyanın texniki direktoru vəzifəsinə təyin ediləcək.
Mançini bu ilin aprelində Bosniya və Herseqovinaya dünya çempionatının seçmə mərhələsində məğlubiyyətdən sonra vəzifəsindən ayrılan Cennaro Qattuzonu əvəz edəcək. Həmin məğlubiyyət dördqat dünya çempionu olan İtaliyanın 2014-cü ildən bəri ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi ilə nəticələnmişdi.
61 yaşlı Mançini 2021-ci ildə İtaliya millisini Avropa çempionu edib.
O, ilk dönəmində İtaliya yığmasını 58 oyunda çalışdırıb. Klub səviyyəsində isə "İnter", "Fiorentina" və "Mançester Siti"nin baş məşqçisi olub, "Mançester Siti"ni 2011/2012 mövsümündə tarixində ilk dəfə İngiltərə Premyer Liqasının çempionu edib.
İtaliya Futbol Federasiyasının sabiq texniki direktoru Paolo Maldini və müşaviri Leonardo bazar ertəsi vəzifələrindən istefa veriblər. Buna səbəb onların İtaliya millisinin baş məşqçisi postuna əsas namizədi olan Andrea Pirlonun Rusiya mərc şirkəti ilə əlaqələrinə görə təyinatının bloklanması olub.
Paolo Maldinini federasiyanın texniki direktoru vəzifəsində Klaudio Ranyeri əvəz edəcək.
74 yaşlı mütəxəssis 2016-cı ildə "Lester Siti"ni sensasiyalı şəkildə İngiltərə Premyer Liqasının çempionu etməsi ilə məşhurdur.
