Bakı. Trend:
Qlobal maliyyə sistemi dərin transformasiya dövrünü yaşayır. Geosiyasi qeyri-müəyyənliyin artması, beynəlxalq investisiya axınlarının strukturunun dəyişməsi və ölkələrin ənənəvi kapital mənbələrindən asılılığı azaltmaq istəyi maliyyə sistemlərinin şaxələndirilməsini dayanıqlı iqtisadi inkişafın əsas amillərindən birinə çevirir.
Bu fonda islam maliyyəsi tədricən niş seqment çərçivəsindən çıxaraq qlobal maliyyə sənayesinin ən sürətlə inkişaf edən bazarlarından birinə çevrilir. Beynəlxalq institutların qiymətləndirmələrinə görə, islam maliyyəsi aktivlərinin qlobal həcmi artıq bir neçə trilyon dollara çatıb və sektorun illik artım tempi təxminən 10 faiz səviyyəsində qalır.
Belə şəraitdə Azərbaycan islam maliyyəsinin inkişafı üçün normativ-hüquqi və institusional bazanı ardıcıl şəkildə formalaşdırır. Ölkə bunu mövcud bank sisteminə alternativ kimi deyil, investisiyaların cəlb edilməsi, maliyyə bazarının genişləndirilməsi və islam dünyası ölkələri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün əlavə mexanizm kimi qiymətləndirir.
Maliyyə sisteminin şaxələndirilməsində yeni mərhələ
Bakıda İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantılarının keçirilməsi bu strategiyanın həyata keçirilməsində mühüm mərhələ olub.
Forum hökumətlərin, beynəlxalq maliyyə institutlarının və özəl sektorun nümayəndələrini bir araya gətirərək dayanıqlı inkişaf, infrastruktur, rəqəmsal iqtisadiyyat, ərzaq və enerji təhlükəsizliyi, eləcə də üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu platformaya çevrilib.
BƏƏ-nin maliyyə nazirinin beynəlxalq maliyyə münasibətləri üzrə müavininin köməkçisi Əli Abdullah Şərəfi Trend-ə özəl müsahibəsində bildirib ki, Bakı görüşləri birgə qərarların hazırlanması üçün mühüm platformaya çevrilib.
"Bu görüşlər yenidən üzv ölkələr arasında konstruktiv dialoq üçün mühüm platforma rolunu oynadı. Bu platforma inkişaf prioritetlərini müəyyənləşdirməyə, bilik və qabaqcıl təcrübə mübadiləsi aparmağa, həmçinin iqtisadi əməkdaşlığı gücləndirməyə imkan verdi. Sürətlə dəyişən geosiyasi və iqtisadi vəziyyət fonunda builki müzakirələr xüsusi əhəmiyyət kəsb etdi. Onlar yaranan çağırışları müzakirə etməyə, iqtisadiyyatların dayanıqlığını artırmağa və dayanıqlı, inklüziv inkişaf üçün yeni istiqamətləri müəyyənləşdirməyə imkan verdi", – deyə o bildirib.
Onun sözlərinə görə, xüsusi əhəmiyyət daşıyan məsələ təkcə ölkələr arasında ticarətin inkişafı deyil, həm də iqtisadi qarşılıqlı fəaliyyətin yeni mexanizmlərinin formalaşdırılmasıdır.
"Regional inteqrasiya təkcə iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi deyil, həm də bilik mübadiləsi, potensialın inkişaf etdirilməsi və ümumi çağırışların birgə həllidir ki, bu da nəticə etibarilə üzv ölkələrin daha inklüziv və dayanıqlı inkişafına töhfə verir", – deyə Şərəfi vurğulayıb.
Azərbaycan üçün belə yanaşma xüsusilə aktualdır. Son illərdə ölkə nəqliyyat infrastrukturunu, rəqəmsal texnologiyaları, bərpa olunan enerji sahəsini və qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatını fəal şəkildə şaxələndirir. İndi isə analoji şaxələndirmə tədricən maliyyə sistemini də əhatə edir.
İslam maliyyəsi yeni kapital mənbəyi kimi
Əsas istiqamətlərdən biri Azərbaycana əlavə kapital mənbələri cəlb etməyə və qlobal maliyyə bazarında mövqeyini genişləndirməyə imkan verəcək tamhüquqlu islam maliyyəsi ekosisteminin yaradılmasıdır.
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir Trend-ə özəl müsahibəsində bildirib ki, islam maliyyə alətləri ənənəvi maliyyələşdirməyə alternativ kimi deyil, ölkənin investisiya imkanlarını genişləndirən mexanizm kimi nəzərdən keçirilir.
"Biz maliyyələşdirmə mənbələrini şaxələndirməyə çalışırıq ki, həm investorlar, həm də hökumət daha geniş alətlər seçiminə malik olsunlar. Sukuk və islam maliyyəsinin digər alətləri artıq əlçatan olacaq ki, bu da Azərbaycana daha dərin maliyyə bazarına çıxış imkanı verəcək", – deyə o bildirib.
Onun sözlərinə görə, qlobal islam maliyyəsi bazarı artıq əhəmiyyətli miqyasa çatıb.
"Hazırda qlobal islam maliyyəsi bazarının həcmi təxminən 3,5 trilyon dollar təşkil edir. Bu, ənənəvi bazarlarda mövcudluğu qorumaqla yanaşı, daha geniş maliyyə imkanlarına çıxış açır. Əslində, bu, maliyyələşdirmə bazasını genişləndirir və inkişafın bu mərhələsində zəruri olan layihələr üçün maliyyə resurslarına çıxışı artırır", – deyə Əl-Cəssir qeyd edib.
O vurğulayıb ki, islam maliyyəsi iqtisadiyyatın müxtəlif sektorlarında layihələrin həyata keçirilməsini dəstəkləyə bilər.
"Söhbət maliyyələşdirmə mənbələrinin şaxələndirilməsindən gedir. Bu isə öz növbəsində kənd təsərrüfatı, sənaye, rəqəmsal inkişaf və ya bərpa olunan enerji sahəsi daxil olmaqla iqtisadiyyatın daha geniş şaxələndirilməsini dəstəkləyir. Hesab edirik ki, islam maliyyəsi bu prosesə əlavə dəstək göstərə bilər", – deyə IsDB prezidenti əlavə edib.
Bu sistemdə xüsusi yeri sukuk – real aktivlərə əsaslanan islam qiymətli kağızları tutur.
İslam İnkişaf Bankı İnstitutu və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının birgə araşdırmasına əsasən, Azərbaycan 2030-cu ilədək həcmi 500 milyon dollara qədər olan ilk sukuk emissiyasını həyata keçirmək potensialına malikdir.
Belə bir ssenarinin reallaşdırılması üçün müvafiq qanunvericilik bazasının formalaşdırılması, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və bazarda dayanıqlı tələbin mövcudluğu tələb olunur.
Hazırda sukuk bazarının formalaşdırılması üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi və onların Azərbaycan maliyyə bazarının xüsusiyyətlərinə uyğunlaşdırılması istiqamətində iş aparılır.
Yeni maliyyə ekosisteminin formalaşdırılması
Görülən işlər yalnız kapital bazarı ilə məhdudlaşmır.
Azərbaycanda islam bankçılığının tətbiqi üçün zəruri olan qanunvericilik dəyişiklikləri artıq hazırlanıb.
İlkin mərhələdə ənənəvi banklara ayrıca islam bankları yaratmadan islam maliyyə məhsulları təqdim etməyə imkan verən "islam pəncərələri" modelindən istifadə edilməsi planlaşdırılır.
Pilot layihə artıq Azərbaycan Beynəlxalq Bankı və Rabitəbank tərəfindən həyata keçirilir.
Perspektivdə müştərilər üçün murabaha, icarə, istisna, mudaraba və vadiə kimi alətlər əlçatan olacaq.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Trend-ə müsahibəsində bildirib ki, IsDB-nin İllik Toplantıları ölkədə islam maliyyəsinin inkişafına əlavə təkan verib.
"Biz hesab edirik ki, bu tədbir beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın möhkəmləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycanın regional maliyyə mərkəzi kimi tanınmasına mühüm töhfə verib. Bu toplantı xüsusilə islam maliyyəsi sahəsində institusional əməkdaşlığın intensivləşdirilməsi və islam maliyyəsi ekosisteminin qurulması baxımından ciddi impuls yaradıb", – deyə o bildirib.
Onun sözlərinə görə, qanunvericilik dəyişiklikləri qüvvəyə mindikdən sonra islam bankçılığı bazarının genişlənəcəyi gözlənilir.
"Növbəti mərhələdə qanunvericilik dəyişiklikləri qüvvəyə mindikdən sonra həm islam bankçılığı məhsulları təklif edən bankların sayının, həm də təqdim olunan məhsul çeşidinin artacağı gözlənilir", – deyə Ş.Mahmudzadə qeyd edib.
Proqnozlara əsasən, 2035-ci ilədək Azərbaycanda islam bankçılığı aktivlərinin həcmi baza ssenarisi üzrə 2,7 milyard dollara, bazarın daha əlverişli inkişafı halında isə 3,6 milyard dollara çata bilər.
İslam maliyyəsi Azərbaycan üçün niyə vacibdir?
İslam maliyyəsinin inkişafı Azərbaycan üçün bir sıra strateji üstünlüklər yaradır.
Birincisi, Fars körfəzi dövlətləri və İslam Əməkdaşlıq Təşkilatına üzv digər ölkələr hesabına potensial investorların dairəsi genişlənir.
İkincisi, infrastruktur və investisiya layihələri üçün uzunmüddətli maliyyə mənbələri yaranır.
Üçüncüsü, dini səbəblərə görə indiyədək ənənəvi bank xidmətlərindən istifadə etməyən müştərilər üçün nəzərdə tutulan məhsulların meydana çıxması maliyyə inklüzivliyini artırır.
Bundan əlavə, islam maliyyə modeli real aktivlərə əsaslanır və iqtisadiyyatın maliyyə və istehsal sektorları arasında daha sıx əlaqəni nəzərdə tutur ki, bu da real investisiyaların inkişafına töhfə verir.
Şahin Mahmudzadənin sözlərinə görə, islam maliyyəsinin inkişafı maliyyə bazarının iştirakçılarının dairəsini də genişləndirəcək.
"Azərbaycanda islam maliyyəsinin inkişafı və yeni islam maliyyə məhsullarının meydana çıxması maliyyə sektorunun şaxələndirilməsinə töhfə verə bilər. Bu, ilk növbədə Fars körfəzi ölkələrindən maliyyə vəsaitlərinin cəlb edilməsi, həmçinin dini inanclarına görə ənənəvi maliyyələşdirmə məhsullarından istifadə etməyən əhali və biznes subyektlərinin maliyyə sektoruna inteqrasiyası baxımından yeni imkanlar yaradır", – deyə o bildirib.
Onun sözlərinə görə, islam maliyyəsinin inkişafı iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gücləndirilməsinə də xidmət edəcək.
"İslam maliyyə məhsulları aktivlərə əsaslandığından bu model real və maliyyə sektorları arasında əlaqəni daha da möhkəmləndirməyə imkan verir. Bu baxımdan islam maliyyəsinin inkişafı Azərbaycanın regional islam maliyyə mərkəzinə çevrilməsi perspektivlərini də gücləndirə bilər", – deyə Ş.Mahmudzadə vurğulayıb.
Azərbaycan regional maliyyə mərkəzi rolunu gücləndirir
İslam maliyyəsinin inkişafı Azərbaycanın regional maliyyə mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi üzrə daha geniş strategiyanın tərkib hissəsinə çevrilir.
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi beynəlxalq maliyyə institutlarının Azərbaycana və onun iqtisadi perspektivlərinə artan marağını bir daha təsdiqləyib.
Forum çərçivəsində ümumi dəyəri təxminən 6 milyard dollar olan sazişlər imzalanıb, həmçinin dəyəri təxminən 436,7 milyon dollar təşkil edən Qarabağ suvarma kanalının yenidən qurulmasının maliyyələşdirilməsinə dair saziş bağlanıb.
Bundan əlavə, 2026-cı ilin aprel ayında qüvvəyə minmiş Azərbaycan ilə BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) xidmətlər ticarətinin inkişafı, investisiyaların cəlb edilməsi və maliyyə əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Bütün bu proseslər bir-biri ilə sıx bağlıdır: islam bankçılığının inkişafı ölkənin investisiya cəlbediciliyini artırır, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi isə yeni maliyyə alətlərinə tələbi stimullaşdırır.
Maliyyə şaxələndirilməsi yeni inkişaf nöqtəsi kimi
Bu gün Azərbaycan ənənəvi bank mexanizmləri ilə islam maliyyəsi alətlərinin uzlaşdırılmasına əsaslanan yeni maliyyə sistemi modelini tədricən formalaşdırır.
Sukuk bazarının yaradılması, islam bankçılığının tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi və İslam İnkişaf Bankı ilə fəal əməkdaşlıq ölkəyə beynəlxalq kapital mənbələrinə çıxışı genişləndirməyə, eyni zamanda maliyyə sisteminin dayanıqlığını artırmağa imkan verir.
Qlobal islam maliyyəsi bazarının sürətlə böyüdüyü bir dövrdə Azərbaycan təkcə yeni investisiyalar cəlb etmək deyil, həm də Avropa, Qafqaz, Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin bazarlarını birləşdirən regional maliyyə mərkəzi kimi mövqeyini möhkəmləndirmək imkanı əldə edir.
Məhz buna görə də bu gün islam maliyyəsinin inkişafı ayrıca bank islahatı deyil, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın beynəlxalq maliyyə arxitekturasında rolunun gücləndirilməsi üzrə daha geniş strategiyanın ayrılmaz hissəsinə çevrilir.
