Bakı.Trend:
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanla sülh gündəliyində əldə olunan irəliləyiş fonunda Ermənistanın uzunmüddətli reytinqləri üzrə proqnozunu yaxşılaşdırıb.
Beynəlxalq reytinq agentliyi Ermənistanın reytinq proqnozunu "stabil"dən "pozitiv"ə yüksəldib, eyni zamanda ölkənin milli və xarici valyutada uzunmüddətli emitent reytinqini Ba3 səviyyəsində təsdiqləyib.
"Pozitiv proqnoz Azərbaycanla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalının azalması, xarici əlaqələrin daha şaxələndirilmiş tərəfdaşlar dairəsinə yönəldilməsi və daxili siyasi risklərin məhdud səviyyədə qalması nəticəsində siyasi risklərin əhəmiyyətli dərəcədə azalmasını əks etdirir", -deyə qeyd olunub.
Bununla yanaşı, agentlik hesab edir ki, geosiyasi risklərin azalmasına baxmayaraq, Ermənistanın xarici siyasət kursundakı dəyişikliklər və onun Rusiya ilə münasibətləri ilə bağlı qeyri-müəyyənlik iki ölkə arasında sıx iqtisadi əlaqələrin davam etməsi səbəbindən ölkənin iqtisadi təhlükəsizliyi üçün hələ də risk olaraq qalır.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
Cari ilin iyul ayının əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan sülh sazişinin yekunlaşdırılması çərçivəsində bütün zəruri işləri başa çatdırıb.
Nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin artıq təxminən 13 kilometrlik hissəsi delimitasiya olunub, həmin ərazilərdə demarkasiya işləri də aparılıb.
C.Bayramov qeyd edib ki, Ermənistan Konstitusiyasında yer alan ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh müqaviləsi elə növbəti gün imzalana bilər.
