Bakı.Trend:
Qazaxıstan və Azərbaycan birgə logistika strukturlarının yaradılmasına böyük maraq göstərir.
Bu barədə Trend-ə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov bildirib.
"Heç şübhəsiz, birgə logistika strukturlarına maraq hər iki tərəfdə yüksəkdir. Artıq bu gün Qazaxıstan neftinin Aktau–BTC (Bakı–Tbilisi–Ceyhan neft kəməri) marşrutu üzrə dəniz yolu ilə daşınması paritet əsasda həyata keçirilir: Qazaxıstan tərəfdən bu işi "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi Şirkəti (MDGŞ), Azərbaycan tərəfdən isə ASCO yerinə yetirir. Bu, artıq fəaliyyət göstərən birgə logistika modelidir və onu yeni seqmentlərə də genişləndirmək lazımdır", – deyə A.Nusupov bildirib.
O qeyd edib ki, 2023-cü ildə "KazMunayQaz" və SOCAR Qazaxıstan neftinin tranziti üzrə strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb, 2024-cü ildə isə BTC marşrutu ilə tranzit həcmlərinin mərhələli şəkildə artırılmasını nəzərdə tutan saziş bağlanıb.
"Bu marşrut üzrə tədarük həcmi artmaqdadır: 2023-cü ildə 1,06 milyon ton, 2024-cü ildə 1,42 milyon ton, 2025-ci ildə 1,3 milyon ton. Cari ilin yanvar–may aylarında isə artıq 0,6 milyon ton daşınıb", – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, konteyner və quru yük daşımaları seqmentlərində də böyük potensial mövcuddur. Qazaxıstan və Azərbaycan 2022–2027-ci illəri əhatə edən Orta Dəhlizdə "dar boğaz"ların sinxron şəkildə aradan qaldırılması və inkişafına dair Yol Xəritəsi imzalayıblar. Bu sənəd birgə logistika həllərinin inkişafını nəzərdə tutur.
O, əsas istiqamətlərdən biri kimi liman infrastrukturunun inkişafını göstərib. Belə ki, Aktau limanında yeni konteyner habı yaradılır və bunun sayəsində limanın ötürmə qabiliyyəti 2026-cı ilin sonunadək 70 min TEU-dan 240 min TEU-ya çatdırılacaq. Öz növbəsində, Ələt limanında modernləşdirmə işləri aparılması və yükaşırma gücünün 25 milyon tona çatdırılması planlaşdırılır.
A.Nusupov həmçinin qeyd edib ki, Avropa İttifaqının Orta Dəhlizin infrastrukturunun inkişafı üçün 2 milyard avro ayırması birgə investisiya layihələrinin həyata keçirilməsinə əlavə təkan verir.
