Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunu pisləyən bəyanat yayıb.
Müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
İran tərəfinin iddiasına görə, insident avqustun 25-i səhər saatlarında baş verib. Hücum nəticəsində gəmi zədələnib, bir dənizçi həlak olub, daha biri isə yaralanıb.
Tehran baş verən hadisəni BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulması və münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək "təcavüz aktı" kimi qiymətləndirdiyini bildirib.
İran bir daha bəyan edib ki, Rusiya ilə Ukrayna arasında davam edən münaqişədə iştirak etməyib və BMT Təhlükəsizlik Şurasını, Avropa dövlətlərini, eləcə də BMT-yə üzv digər ölkələri baş verən hadisəyə hüquqi-siyasi qiymət verməyə çağırıb.
"Şərqi Avropada və ona bitişik regionlarda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan hər bir tərəf Ukrayna rejiminin bu təhlükəli hərəkətinə məsuliyyətli mövqe sərgiləməli və Ukrayna hökumətini məsuliyyətə cəlb etməlidir", – deyə bəyanatda bildirilir.
Tehran həmçinin vurğulayıb ki, İran "beynəlxalq hüququn fundamental prinsipləri və normalarına, xüsusilə də özünümüdafiə prinsipinə uyğun olaraq milli maraqlarını və təhlükəsizliyini qorumaqdan çəkinməyəcək."
