"Soyuz MS-28"in beynəlxalq heyəti Qazaxıstana eniş edib

Dünya xəbərləri Materials 27 İyul 2026 01:24 (UTC +04:00)
"Soyuz MS-28"in beynəlxalq heyəti Qazaxıstana eniş edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

"Roskosmos"un iki kosmonavtı və NASA-nın bir astronavtı Beynəlxalq Kosmik Stansiyada 241 gün davam edən ekspedisiyanı başa vurublar.

Qazaxıstanın Kazinform agentliyinin məlumatına görə, "Roskosmos"un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA astronavtı Kristofer Uilyams "Soyuz MS-28" kosmik gəmisi ilə Yerə qayıdıblar.

Yerə "Soyuz" gəmisinin bütün hissələri deyil, yalnız eniş aparatı qayıdıb. Atmosferə daxil olmazdan əvvəl gəmi üç hissəyə ayrılıb. Orbital bölmə və cihaz-aqreqat bölməsi öz missiyasını başa vurduqdan sonra atmosferdə yanaraq məhv olub. Ekipaj isə eniş üçün nəzərdə tutulmuş yeganə hissə olan kiçik kapsul – eniş aparatında uçuşunu davam etdirib.

Yerə gəminin komandiri Sergey Kud-Sverçkov, kosmonavt Sergey Mikayev və NASA astronavtı Kristofer Uilyams qayıdıblar. Mikayev və Uilyams üçün bu, ilk kosmik uçuş olub, Kud-Sverçkov isə ikinci dəfə kosmosa səfər edib.

Missiya 2025-ci il noyabrın 27-də "Soyuz MS-28"in Baykonur kosmodromundan buraxılması ilə başlayıb. Kosmik gəmi həmin gün ekipajı Beynəlxalq Kosmik Stansiyaya çatdırıb. 241 gün ərzində ekspedisiya iştirakçıları Yer ətrafında 3 856 dövrə vurub və ümumilikdə 164 milyon kilometrdən çox məsafə qət ediblər.

Ekipajın fəaliyyəti yalnız stansiyanın daxilindəki işlərlə məhdudlaşmayıb. Sergey Kud-Sverçkov və Sergey Mikayev altı saatdan çox açıq kosmosda işləyərək "Zvezda" modulunda elmi avadanlıqlar quraşdırıblar. Kristofer Uilyams isə iki dəfə açıq kosmosa çıxaraq Beynəlxalq Kosmik Stansiyanın yeni günəş panellərinin quraşdırılmasına hazırlanmasında iştirak edib, həmçinin robot manipulyatorun təmirinə kömək göstərib.

Yerə qayıtmazdan əvvəl Sergey Kud-Sverçkov Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə rəhbərliyi Pyotr Dubrova təhvil verib. Dubrov iyulun 14-də Anna Kikina və Anil Menonla birlikdə "Soyuz MS-29" kosmik gəmisi ilə stansiyaya gəlib.

İlkin tibbi müayinədən sonra ekipaj helikopterlərlə Qaraqandaya aparılacaq. Daha sonra Kristofer Uilyams Hyustondakı Conson Kosmik Mərkəzinə, Sergey Kud-Sverçkov və Sergey Mikayev isə Ulduz Şəhərciyinə yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti