Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb (FOTO)

Cəmiyyət Materials 24 İyul 2026 16:05 (UTC +04:00)
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi başa çatıb (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Kolmar şəhərində keçirilən VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi yekunlaşıb.

Düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin birgə iştirakı ilə baş tutub.

Fransa təbiətinin füsunkar guşələrindən birində, Kolmar şəhərinin meşə mənzərələri ilə əhatə olunan xüsusi ərazisində keçirilən düşərgədə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan qəhrəman şəhidlərimizin övladları ilə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri bir araya gəliblər.

Zəngin proqrama malik düşərgə müddətində iştirakçılar üçün Fransanın tarixi ilə tanışlıq məqsədilə Kolmar və Strasburq şəhərlərinə xüsusi səfərlər təşkil olunub. Uşaqların fərdi inkişafı və dünyagörüşünün artırılması məqsədilə maarifləndirici panellər, komanda ruhunu gücləndirən intellektual oyunlar, mədəniyyət, idman və vətənpərvərlik mövzularında görüşlər keçirilib.

Layihənin bağlanış mərasimində proqramı müvəffəqiyyətlə tamamlayan məktəblilərə sertifikatlar təqdim edilib.

VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi müddətində milli dəyərlər ətrafında sıx birləşən, yeni dostluqlar quran və unudulmaz xatirələr qazanan bütün iştirakçılar tədbirdən böyük məmnuniyyətlə ayrılıblar.

Qeyd edək ki, şəhid övladları ilə xaricdə yaşayan azərbaycanlı uşaqların iştirakı ilə keçirilən düşərgə gənc soydaşlarımızın milli kimliyinin formalaşmasına, Ana Vətənlə əlaqələrinin möhkəmlənməsinə, Azərbaycan həqiqətlərini dərindən mənimsəmələrinə və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıqları haqqında ətraflı məlumat əldə etmələrinə xüsusi töhfə verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti