Bakı.Trend:
Türkiyədə sabiq partiya lideri Özgür Özəl və onunla birlikdə olan 90 millət vəkili CHP-dən istefa verib.
Bu barədə "TRT" telekanalı məlumat yayıb.
Onlar "Yeni Parti" partiyasını təsis ərizəsini imzalayıb və onu Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim ediblər.
Apellyasiya məhkəməsinin CHP ilə bağlı verdiyi qərardan sonra partiyada rəhbərlik böhranı daha da dərinləşib və bununla da partiyanın tarixində yeni mərhələ başlayıb. Həmin qərardan sonra CHP sədri vəzifəsindən uzaqlaşdırılan, daha sonra isə partiyanın parlament fraksiyasının rəhbəri seçilən Özgür Özəl növbədənkənar qurultayın keçirilməsi tələbinin qəbul edilməməsinə etiraz olaraq komandası ilə birlikdə CHP-dən istefa verib.
Özgür Özəl səhər saatlarında "Yeni Parti"nin yaradılması ilə bağlı təsis ərizəsini imzalayıb. O, "Vətənimiz, millətimiz və hamımız üçün xeyirli olsun", - deyə bildirib.
Daha sonra partiyanın təsis sənədləri Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim edilib.
"Yeni Parti"nin təsis ərizəsini ümumilikdə 91 millət vəkili imzalayıb.
