Müasir audit səhv axtaran deyil, strateji tərəfdaş olmalıdır - Vüqar Gülməmmədov (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 23 İyul 2026 21:00 (UTC +04:00)
Müasir audit səhv axtaran deyil, strateji tərəfdaş olmalıdır - Vüqar Gülməmmədov (MÜSAHİBƏ)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin dövlət büdcəsinin icrası müstəqillik tarixində bir sıra rekord göstəricilərlə yadda qalıb. Dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, xərcləri isə 38,6 milyard manat təşkil edib. Bununla yanaşı, son 10 ildə ən aşağı xərc icrası faizi qeydə alınıb.

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, 2025-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatlar parlamentin həm komitə, həm də plenar iclaslarında geniş müzakirə olunub. Hesablama Palatasının qanun layihəsinə və onunla birlikdə təqdim olunan hesabatlara dair hazırladığı rəyə millət vəkilləri tərəfindən müzakirələr zamanı geniş istinad edilib.

2025-ci ilin dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olub

Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının ən vacib funksiyalarından biri dövlət büdcəsinin icrasına rəyin verilməsidir. O qeyd edib ki, dövlət büdcəsinin əsas hədəfi dövlətin funksiyalarının maliyyələşdirilməsidir:

“Dövlət büdcəsinin hədəfi dövlətin funksiyalarının maliyyələşdirilməsidir. Hesablama Palatası da bu funksiyaların nə dərəcədə reallaşmasını qiymətləndirən bir qurumdur. Hesab edirik ki, ən önəmli məsələ təqdim olunan qanun layihəsinin və onunla birlikdə təqdim edilən hesabatın “Büdcə sistemi haqqında” qanunda müəyyən edilmiş müddətlərdə və formada, tələb olunan göstəricilərə uyğun tərtib edilməsidir.

2025-ci ilin dövlət büdcəsinin icrasının bir neçə mühüm məqamı vardır. Bunun ən önəmlisi, əlbəttə ki, müstəqilliyimiz tarixində ilk dəfə olaraq ən yüksək məbləğdə dövlət büdcəsi gəlirlərinin olmasıdır – 39,2 milyard manat. Eyni zamanda müstəqilliyimiz tarixində ilk dəfə olaraq ən yüksək icra rəqəmi, yəni xərc göstəricisi də qeydə alınıb – 38,6 milyard manat.

Bu rəqəmlərin içərisində qeyd etmək istərdim ki, icra olunan xərclərin 38,6 milyard manat olmasına baxmayaraq, son 10 ildə ən aşağı icra faizi qeydə alınıb – 93,2 faiz. Bu isə büdcənin təqribən 2,8 milyard manat vəsaitinin icra edilməməsi deməkdir. Büdcənin 2,8 milyard manat vəsaitinin icra edilməməsi əsas büdcənin balansına təsir edib. Yəni defisitlə planlaşdırılmış 3 milyard manatlıq büdcə təqribən 580 milyon manatlıq profisitlə icra olunub”.

Büdcə qaydasının əsas hədəflərinə əməl olunub

Hesablama Palatasının sədri bildirib ki, bütün büdcələrdə olduğu kimi, Azərbaycan Respublikasının dövlət büdcəsində də makrofiskal çərçivə rolunu oynayan büdcə qaydası mövcuddur.

Onun sözlərinə görə, büdcə qaydasının iki əsas hədəfi vardır:

“Bütün büdcələrdə olduğu kimi, Azərbaycan Respublikasının dövlət büdcəsində də makrofiskal çərçivə olan büdcə qaydası vardır. Bizim büdcə qaydasının iki əsas hədəfi mövcuddur. Bunlardan biri qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbətidir. Bu qayda üzrə tələbə əməl olunub və göstərici 18,6 faiz təşkil edib. Digər hədəf isə dövlət borcunun ümumi daxili məhsula nisbətidir ki, bu göstərici 20,1 faiz olub”.

Hesablama Palatası 46-ya yaxın yeni tövsiyə təqdim edib

Vüqar Gülməmmədov bildirib ki, büdcə müzakirələri zamanı Hesablama Palatası tərəfindən Maliyyə Nazirliyi və digər dövlət orqanları ilə birlikdə hesabatda və qanun layihəsində bəzi dəyişikliklər edilib.

O qeyd edib ki, Hesablama Palatası tərəfindən 46-ya yaxın yeni tövsiyə təqdim olunub və bu tövsiyələr həm qanunvericilik, həm də institusional dəyişikliklərlə bağlıdır:

“Hesablama Palatası tərəfindən irəli sürülən təkliflər əsasında büdcə müzakirələri zamanı Maliyyə Nazirliyi və digər orqanlarla birlikdə hesabatda və qanun layihəsində bəzi dəyişikliklər edilmişdi. Biz 46-ya yaxın yeni tövsiyə təqdim etmişdik. Bu tövsiyələr həm qanunvericilik, həm də institusional dəyişikliklərlə bağlıdır.

Qeyd edim ki, beynəlxalq praktikada dövlət büdcəsinin icrasına rəy iki əsas komponent üzərindən verilir. Bunlardan biri maliyyə hesabatlarının konsolidasiyası, ikincisi isə nəticə əsaslı büdcə, yəni fəaliyyət büdcəsi üzərindən verilən rəydir”.

Dövlət büdcəsinə rəy nəzarət tədbirləri və hesabatlar əsasında verilir

Vüqar Gülməmmədov bildirib ki, hazırda audit hesabatları əsasında rəy yalnız Azərbaycan Respublikası Dövlət Neft Fondu üzrə təqdim edilir.

Onun sözlərinə görə, Hesablama Palatası icmal büdcənin tərkib hissəsi olan büdcədənkənar fondların büdcələrinə də rəy vermək imkanına malikdir:

“Hazırda biz bu funksiyanı audit və audit hesabatları əsasında yalnız Azərbaycan Respublikası Dövlət Neft Fondu üzrə həyata keçiririk. İcmal büdcənin tərkib hissəsi olan digər büdcədənkənar fondların – Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun büdcələrinə də rəy vermək imkanına malikik. Burada yalnız dövlət büdcəsi qalır.

Hazırda biz dövlət büdcəsinə qurumlar tərəfindən büdcənin gəlir və xərclərinə dair təqdim edilən hesabatlar, eləcə də rəyin təqdim olunması dövrünədək keçirilmiş nəzarət tədbirləri əsasında rəy veririk.

Lakin beynəlxalq praktikada tətbiq olunan konsolidə edilmiş maliyyə hesabatları əsasında hazırda rəy təqdim etmirik. İkinci istiqamət olan fəaliyyət büdcəsi ilə bağlı bilirsiniz ki, bir neçə ildir dövlət büdcəsində nəticə əsaslı büdcə üzrə pilot layihələr həyata keçirilir. Bu, bizim hədəflərimizdən biridir ki, növbəti dövrlərdə fəaliyyət büdcəsi üzrə audit keçirib rəylərimizi təqdim edək. Əlbəttə ki, büdcənin təqdim edilmə dövrü və nəzarət tədbirlərinin sayı audit əsaslı büdcə rəyinin verilməsinə çox böyük töhfə verə bilər”.

70-ə yaxın quruma uyğunsuzluqlarla bağlı arayış təqdim olunub

Hesablama Palatasının sədri bildirib ki, bu il ilk dəfə olaraq rəqəmsal həllərin köməyi ilə qanunvericiliklə müəyyən edilmiş hesabatların təqdim edilməsi 100-dən çox indikator üzrə qiymətləndirilib.

O qeyd edib ki, aparılan qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim olunub:

“Bu il ilk dəfə olaraq biz rəqəmsal həllərin köməyi ilə qanunvericilikdə üzərimizə düşən hesabatların təqdim edilməsini təqribən 100-dən çox indikator üzrə qiymətləndirməyə çalışdıq. Bu qiymətləndirmələr əsasında hazırkı dövrədək 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim etmişik. Onlardan həmin arayışların cavablandırılmasını istəyirik.

Eyni zamanda bildirmək istəyirəm ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyin hazırlanması zamanı biz 200-dən çox təşkilatdan 2 000-dən çox hesabat almışıq. Lakin önəmli olan bu hesabatların sayı deyil, onların yetərlilik səviyyəsidir.

Rəqəmsal həllərin tətbiqi bir daha göstərdi ki, qurumlarda rəqəmsal alətlər natamam tətbiq edilir və peşəkar kadr qıtlığı ilə bağlı bu sahədə müəyyən problemlər mövcuddur”.

Hesabatların formal şəkildə təqdim edilməsi isə onların analitik dəyərini azaldır

Vüqar Gülməmmədov bildirib ki, hesabatların formal şəkildə təqdim edilməsi isə onların analitik dəyərini azaldır.

Onun sözlərinə görə, hesabatları vaxtında təqdim edən qurumların sənədlərində də natamamlıqlara və xətalara rast gəlinib:

“Qeyd edim ki, plenar iclasda da bunu bildirdim. Hesabatları vaxtında təqdim edənlərin sayı ümumi həcmin təqribən 40 faizini təşkil edir. Qurumların 60 faizi hesabatlarını vaxtında təqdim etməyib.

Hesabatları vaxtında təqdim edən qurumların özlərinin sənədlərində də natamamlıqlar var və xətalara rast gəlinir. Bu isə bəzi hallarda hesabatların formal olaraq təqdim edildiyini göstərir. Hesabatların formal şəkildə təqdim edilməsi isə onların analitik dəyərini azaldır.

Dövlət satınalmalarının ÜDM-ə nisbətində artım izlənilir

Azərbaycan Hesablama Palatasının sədri müsahibəsində bildirib ki, 2025-ci ildə Azərbaycanda 10,8 milyard manat məbləğində 19 min dövlət satınalması həyata keçirilib:

“Dövlət satınalmalarının ümumi daxili məhsulda payı isə 0,6 faiz bəndi artaraq 8,4 faizə çatıb.

2025-ci ildə Azərbaycanda 10,8 milyard manat məbləğində 19 min dövlət satınalması həyata keçirilib. Dövlət satınalmalarının ümumi daxili məhsulda payı isə 0,6 faiz bəndi artaraq 8,4 faizə çatıb”,-deyə o əlavə edib.

V.Gülməmmədovun sözlərinə görə, dövlət satınalmaları dövlətin ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyacların dövlət xərcləri vasitəsilə təmin olunması baxımından əsas maliyyə və hüquqi proseslərdən biridir. Satınalmaların keyfiyyəti həm ölkənin iqtisadi inkişafına, həm də fiskal dayanıqlığa mühüm təsir göstərir.

Dövlət satınalmalarının ÜDM-də payı 8,4 faizə çatıb

Vüqar Gülməmmədov müsahibəsində bildirib ki, dövlət satınalmalarının ümumi daxili məhsula və dövlət büdcəsi xərclərinə nisbəti mühüm indikator hesab olunur:

“Dövlət satınalmaları dövlətin ehtiyaclarını müəyyən edən əsas maliyyə və hüquqi prosesdir. Eyni zamanda dövlət satınalmaları dövlətin ehtiyaclarının dövlət xərcləri vasitəsilə təmin olunmasının əsas alətidir. Satınalmaların keyfiyyəti həm ölkənin iqtisadi inkişafına, həm də fiskal dayanıqlığa mühüm təsir edir.

Dövlət satınalmalarının ümumi daxili məhsula və dövlət büdcəsi xərclərinə nisbəti mühüm indikator hesab olunur. Azərbaycan Respublikasında 2025-ci ildə 10,8 milyard manat məbləğində 19 min satınalma həyata keçirilib.

Beynəlxalq aləmdə dövlət satınalmalarının ümumi daxili məhsulda payı təqribən 13–20 faiz, dövlət büdcəsi xərclərində payı isə 30–50 faiz təşkil edir. Sadaladığım 2025-ci il göstəricilərinə əsasən, dövlət satınalmalarının ümumi daxili məhsulda payı 2025-ci ildə 0,6 faiz bəndi artaraq 8,4 faiz olub”.

Satınalmaların hesabatlılığında bəzi göstəricilər əksini tapmır

Hesablama Palatasının sədri qeyd edib ki, son illərdə dövlət satınalmaları sahəsində həm qanunvericilik, həm də institusional baxımdan mühüm dəyişikliklər həyata keçirilib. Eyni zamanda cari nəzarəti həyata keçirən orqanın fəaliyyətində də keyfiyyət dəyişiklikləri baş verib”.

Onun sözlərinə görə, mövcud göstəricilərin qiymətləndirilməsi zamanı iki əsas məqam xüsusi diqqətdə saxlanılmalıdır:

“Son illərdə dövlət satınalmaları sahəsində həm qanunvericilik, həm də institusional baxımdan mühüm dəyişikliklər həyata keçirilib. Eyni zamanda cari nəzarəti həyata keçirən orqanın fəaliyyətində də keyfiyyət dəyişikliyi var.

Ancaq bu rəqəmlərlə bağlı iki əsas məqam xüsusilə vurğulanmalı və bir daha diqqətdən keçirilməlidir. Bunlardan birincisi satınalmaların hesabatlılığı ilə bağlıdır. Sadaladığım rəqəmlərin içərisində dövlət müəssisələrinin öz vəsaiti hesabına həyata keçirdiyi, xüsusilə Müşahidə Şurası olan qurumların keçirdiyi satınalmalar bu hesabatda öz əksini tapmayıb. Bu da qanunvericiliyə uyğundur. Eyni zamanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçirdiyi satınalmalar da bu hesabatda öz əksini tapmayıb”,-deyə V.Gülməmmədov əlavə edib.

Satınalmalarda xərclənən vəsait əsas göstərici olmalıdır

Vüqar Gülməmmədov bildirib ki, dövlət satınalmalarının dövlət büdcəsinə və ya ümumi daxili məhsula nisbətinin hesablanması ilə bağlı əsas tənzimlənməmiş məsələlərdən biri müqavilə məbləği ilə xərclər arasındakı fərqdir:

“Dövlət satınalmalarının dövlət büdcəsinə və ya ümumi daxili məhsula nisbətinin hesablanması ilə bağlı əsas tənzimlənməmiş məsələlərdən biri odur ki, dövlət satınalmaları üzrə müqavilə məbləği göstərilir. Amma müqavilə bir neçə ili əhatə edə bilər.

Burada əsas məsələ həmin müqavilə üzrə nə qədər vəsaitin xərclənməsidir. Yəni bu baxımdan xərc daha önəmli göstəricidir”.

Dövlət satınalmalarının sayı 52 faiz artıb

Hesablama Palatasının sədri xatırladıb ki, “Dövlət satınalmaları haqqında” qanunun yeni redaksiyası 1 yanvar 2024-cü ildən qüvvəyə minib.

O bildirib ki, yeni qanunun qüvvəyə minməsindən əvvəlki və sonrakı dövrlərin müqayisəsi satınalmaların həm sayında, həm də məbləğində əhəmiyyətli artım olduğunu göstərir:

“Qeyd edim ki, “Dövlət satınalmaları haqqında” qanunun yeni redaksiyası 1 yanvar 2024-cü ildən qüvvədədir. Ona görə də yeni qanunun qüvvədə olduğu

müddətdən əvvəl və sonra hansı dəyişikliklərin baş verdiyini göstərən bəzi rəqəmləri qeyd etmək istəyirəm.

İlk olaraq deyim ki, 2023–2025-ci illəri müqayisə etdikdə dövlət satınalmalarına cəlb olunan məbləğin və satınalmaların sayının 2023-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını görürük. Say baxımından artım 52 faiz, ümumi məbləğ baxımından isə 43 faiz təşkil edib.

Bu o deməkdir ki, dövlət satınalmalarının həcmi genişlənib və dövlət xərclərinin icrasında satınalma mexanizminin tətbiqi də artıb”,-deyə o bildirib.

Bir satınalma müqaviləsinə düşən orta məbləğ yüksəlib

Vüqar Gülməmmədov qeyd edib ki, 2025-ci ildə 2024-cü illə müqayisədə satınalmaların sayında azalma olsa da, ümumi məbləğ artıb:

“2025-ci ildə 2024-cü illə müqayisədə satınalmaların sayında 3,1 faizlik azalma var. Lakin məbləğ ifadəsində təqribən 9,5 faizlik artım qeydə alınıb.

Bu nəyi göstərir? Əgər satınalmaların sayı azalıb, cəlb olunan məbləğ isə artıbsa, bu, bir satınalmaya və ya bir müqaviləyə düşən orta məbləğin yüksəlməsi deməkdir”.

Satınalmaların əsas yükü üçüncü və dördüncü rüblərə düşür

Hesablama Palatasının sədri bildirib ki, digər mühüm məsələ satınalmaların keçirilmə müddəti və onların il ərzində bölgüsü ilə bağlıdır.

Onun sözlərinə görə, 2025-ci ildə satınalmaların birinci və ikinci yarımillik üzrə bölgüsündə müəyyən balanslaşma müşahidə olunsa da, əsas yük yenə də ilin üçüncü və dördüncü rüblərinin üzərinə düşüb:

“İkinci mühüm məsələ satınalmaların keçirilmə müddəti ilə bağlıdır. 2025-ci ildə keçirilən satınalmaları iki hissəyə bölsək, birinci yarımillikdə keçirilən satınalmaların xüsusi çəkisi təqribən 10 faiz bəndi artaraq 31 faizdən 41 faizə çatıb. İkinci yarımillikdə isə bu göstərici 59 faiz təşkil edib. Bu, nisbətən balanslı bölgüdür.

Lakin rüblər üzrə bölgüyə baxdıqda əsas yükün üçüncü və dördüncü rüblərə düşdüyünü görürük. Rübün sonunda və ilin son rüblərində daha çox büdcə vəsaitinin xərclənməsi müəyyən qədər avans ödənişlərinin həcminin artmasına səbəb olur. Bu isə öhdəliklərin artmasına gətirib çıxarır”.

Hesablama Palatası satınalmaların balanslı bölgüsünün tərəfdarıdır

Vüqar Gülməmmədov bildirib ki, 2025-ci ildə əvvəlki illərlə müqayisədə rüblük bölgüdə ciddi dəyişiklik baş verməsə də, müəyyən balanslaşma halları müşahidə olunub.

O qeyd edib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Dünya Bankının tövsiyələrinə əsasən, satınalmaların rüblər üzrə 40, 30, 20 və 10 faiz nisbətində bölüşdürülməsi ən ideal variant hesab olunur:

“2025-ci ildə də əvvəlki illərdə olduğu kimi, rüblük bölgüdə ciddi dəyişiklik baş verməyib. Amma müəyyən balanslaşma halları var.

Qeyd edim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Dünya Bankının bununla bağlı tövsiyələri mövcuddur. Həmin tövsiyələrdə nisbət 40, 30, 20 və 10 faiz kimi götürülür. Bu, ən ideal variant və balanslı rüblük bölgü hesab olunur.

Bizdə hələlik bu bölgüyə tam əməl olunmasa da, müəyyən dəyişikliklərin bundan sonra da davam etməsinin tərəfdarıyıq”,-deyə Hesablama Palatasının sədri əlavə edib.

Müsabiqəsiz satınalmaların artım tempi daha yüksəkdir

Hesablama Palatasının sədri bildirib ki, struktur baxımından dövlət satınalmaları müsabiqəli və müsabiqəsiz satınalmalar olmaqla iki əsas qrupa bölünür.

Onun sözlərinə görə, 2023–2025-ci illərin göstəricilərinin müqayisəsi həm müsabiqəli, həm də müsabiqəsiz satınalmalarda artım olduğunu göstərir. Lakin müsabiqəsiz satınalmaların artım tempi daha yüksəkdir:

“Satınalmaların struktur baxımından təhlilinə gəldikdə, bilirsiniz ki, satınalmalar iki əsas növə bölünür: müsabiqəli və müsabiqəsiz satınalmalar.

2023–2025-ci illəri müqayisə etdikdə görürük ki, müsabiqəli satınalmalarda müəyyən artım var. Bununla yanaşı, rəqabətsiz hesab olunan müsabiqəsiz satınalma metodlarında da artım müşahidə edilir və bu artım daha yüksəkdir.

Belə ki, müsabiqəli satınalmalarda sabit artım müşahidə olunursa, müsabiqəsiz satınalmaların sayındakı artım təqribən iki dəfədən çoxdur”.

Bir mənbədən satınalmaların məbləği 532 milyon manat artıb

Vüqar Gülməmmədov bildirib ki, bir mənbədən satınalma rəqabətsiz satınalma formalarından biridir və bu metodun xüsusi çəkisi ölkələrin iqtisadi modelindən və tənzimləyici qaydalarından asılıdır:

“Bir mənbədən satınalma forması rəqabətsiz satınalma üsullarından biridir. Dünya ölkələrində və beynəlxalq praktikada bu metodun xüsusi çəkisi ölkələrin iqtisadi modelindən və tənzimləyici qaydalarından asılıdır.

Məsələn, bizdə ötən il bir mənbədən satınalma metodu üzrə 9 035 satınalma həyata keçirilib. Bu göstərici say etibarilə 7,6 faiz az olsa da, məbləğ ifadəsində təqribən 10 faiz və ya 532 milyon manat artım deməkdir”.

Avropada tək təklifli tenderlər bütün satınalmaların 30 faizindən çoxunu təşkil edir

Hesablama Palatasının sədri bildirib ki, aparılan araşdırmalar bir mənbədən satınalma metodunun bütün dünyada daha çox hərbi və müdafiə xarakterli sənaye sahələrində tətbiq olunduğunu göstərir.

Onun sözlərinə görə, MDB ölkələrində bir mənbədən satınalmaların xüsusi çəkisi 30–50 faiz, Avropa ölkələrində isə təqribən 40 faiz təşkil edir:

“Qeyd edim ki, araşdırmalarımız göstərir ki, bütün dünyada olduğu kimi, bir mənbədən satınalma metodu mülki müqavilələrlə müqayisədə hərbi və müdafiə xarakterli sənaye sahələrində daha çox tətbiq edilir.

MDB ölkələrində bir mənbədən satınalmaların xüsusi çəkisi 30–50 faiz, Avropa ölkələrində isə təqribən 40 faizdir.

Amma Avropa ölkələri ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Avropa Auditorlar Məhkəməsinin araşdırmalarından birində göstərilir ki, Avropa ölkələrinin dövlət satınalmalarında tək təklifli tenderlər fenomeni mövcuddur.

Bu fenomen nə deməkdir? Bu o deməkdir ki, satınalma və tenderlərdə şərtlər elə müəyyən edilir ki, yalnız bir təchizatçı iştirak edə bilir. Kağız üzərində bu, tender hesab olunsa da, əslində bir mənbədən satınalma formasına çevrilir. Belə tenderlər bütün satınalmaların təxminən 30 faizindən çoxunu təşkil edir”.

Dövlət satınalmalarında əsas narahatedici məqamlar hansılardır?

Vüqar Gülməmmədov müsahibəsində vurğulayıb ki, dövlət satınalmalarında ehtimal olunan məbləğlə qalib təşkilatın təklif etdiyi qiymət arasında böyük fərqlərin olması, müsabiqəsiz satınalmaların payının yüksək qalması və satınalmaların ləğvi əsas narahatedici məqamlardır.

Onun sözlərinə görə, hazırkı dövrdə dövlət satınalmaları sahəsində üç əsas məqam xüsusi diqqətdə saxlanılmalıdır.

Satınalmaların 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb

Vüqar Gülməmmədov bildirib ki, istənilən satınalma keçirilməzdən əvvəl onun ehtimal olunan məbləği müəyyən edilir. Qalib təşkilat ehtimal olunan məbləğin həm yuxarı, həm də aşağı həddinə uyğun təklif verə bilər:

“Hazırkı dövrdə üç əsas məqamı xüsusilə qeyd etmək istərdim. İstənilən satınalma keçirilməzdən əvvəl onun ehtimal olunan məbləği müəyyən edilir. Qalib təşkilat ehtimal olunan məbləğin ən yuxarı həddi səviyyəsində təklif verə bilər. Eyni zamanda həmin məbləğin aşağı həddində də təklif təqdim edə bilər.

Keçən il apardığımız araşdırmaların nəticələri göstərdi ki, ehtimal olunan məbləğdən 20 faizdən çox fərqlənən satınalmaların sayı 51 faizdən yuxarıdır. Qeyd edim ki, MDB ölkələrində qalib təşkilatın təklif etdiyi məbləğin ehtimal olunan məbləğdən fərqlənməsi üzrə qırmızı xətt 15–25 faizdir.

Yəni qiyməti həddindən artıq aşağı təklif etmək də olmaz. Ümumiyyətlə, ən ucuz qiymət meyarı hazırda əksər ölkələrdə problemlərdən biridir. Niyə? Çünki ən ucuz qiymət sonda həmin layihənin başa çatmamasına və ya keyfiyyətli şəkildə başa çatdırılmamasına səbəb olan amillərdən biridir. Deməli, yuxarı hədd ehtimal olunan qiymətlə müəyyən edilirsə, aşağı hədd də müəyyən olunmalıdır”.

Satınalmaların 37 faizində qiymət fərqi 30 faizdən çox olub

Hesablama Palatasının sədri qeyd edib ki, Azərbaycanda ehtimal olunan məbləğlə təklif edilən qiymət arasında 20, 30, 40, 50, hətta 80 faizə çatan fərqlər mövcuddur:

“Təəssüf ki, bizdə ehtimal olunan məbləğdən 20, 30, 40, 50, hətta 80 faiz həcmində fərqlənən rəqəmlər var. Məsələn, keçən il bütün satınalmaların təqribən 37 faizində, yəni 3 761 satınalmada qiymət fərqi 30 faizdən çox olub.

Bu, müqavilələrin vaxtında icra olunmamasına səbəb ola bilər. Bu, birinci əsas narahatedici məqamdır”.

Müsabiqəsiz satınalmaların payı hələ də yüksəkdir

Vüqar Gülməmmədov bildirib ki, ikinci əsas narahatedici məsələ müsabiqəsiz satınalmaların payının müsabiqəli satınalmalara nisbətən yüksək olaraq qalmasıdır.

Onun sözlərinə görə, adətən bir mənbədən satınalma müqavilələrində qiymətlər açıq tender üsulu ilə keçirilən müsabiqəli satınalmaların qiymətlərindən ucuz deyil, əksinə, daha baha olur:

“İkinci məqam müsabiqəsiz satınalmaların payının müsabiqəli satınalmalarla müqayisədə hələ də yüksək olaraq qalmasıdır. Bununla yanaşı, apardığımız nəzarət tədbirləri zamanı bir əsas məqamı da müəyyən etmişik.

Adətən bir mənbədən satınalma müqaviləsində qiymətlər açıq tender üsulu ilə keçirilən müsabiqəli satınalmanın qiymətindən ucuz olmur, əksinə, baha olur. Lakin bəzi hallarda bunun əksi də baş verib. Açıq tenderdə təqdim olunan qiymət bir mənbədən satınalmada verilən qiymətdən baha çıxıb.

Bunun özü də bir müəmmadır, bizim üçün bir sualdır və eyni zamanda satınalmanın fəlsəfəsinə uyğun gəlmir”,-deyə o əlavə edib.

2025-ci ildə 1 360 satınalma ləğv olunub

Hesablama Palatasının sədri bildirib ki, üçüncü əsas məsələ ləğv olunmuş satınalmaların sayı və məbləğidir. O qeyd edib ki, bu göstərici 2024-cü illə müqayisədə 2025-ci ildə azalsa da, hələ də yüksəkdir:

“Nəhayət, üçüncü məqam ləğv olunmuş satınalmaların sayı və məbləğidir. Düzdür, bu rəqəm dinamikada 2024-cü illə müqayisədə 2025-ci ildə nisbətən azalıb.

2025-ci ildə 1 360 satınalma ləğv olunub. Bu, təqribən 500 milyon manat deməkdir. Əvvəlki illə müqayisədə kifayət qədər azalma olub və göstərici 40 faizə qədər aşağı düşüb. Həm satınalmaların sayı, həm də məbləği baxımından azalma qeydə alınıb.

Amma azalan satınalmaların əsas və böyük hissəsini açıq tenderlər təşkil edir. Ləğv olunan açıq tenderlərin predmet baxımından 30 faizi tikinti sahəsinə aiddir”.

Ləğv edilən satınalmaların ümumi satınalmalarda payı 7 faiz olub

Vüqar Gülməmmədov bildirib ki, beynəlxalq praktikada kotirovkanın ümumi satınalmalarda məbləğ baxımından payı adətən sıfır faiz olduğu halda, Azərbaycanda bu göstərici 7 faiz təşkil edib.

“Kotirovka üsulu üzrə ləğv məbləği təqribən 20 milyon manat təşkil edir. Beynəlxalq praktikada ləğv edilən satınalmarın ümumi satınalmalarda məbləğ baxımından payı adətən sıfır faiz olur. Bizdə isə bu il həmin göstərici 7 faiz həcmində olub.

Bir məsələni də qeyd edim ki, portal vasitəsilə apardığımız araşdırmalar zamanı müəyyən etdik ki, satınalmaların ləğv olunması əsasən təkliflərin şərtlər toplusuna uyğun gəlməməsi ilə bağlıdır”.

Ləğv olunan satınalmalar dövlət ehtiyaclarının qarşılanmamasına səbəb olur

Hesablama Palatasının müsahibəsində sədri qeyd edib ki, bütün satınalmalar dövlətin ehtiyaclarının qarşılanması məqsədilə həyata keçirilir. Satınalmanın ləğv olunması isə nəzərdə tutulan mal və əmlakın həmin dövrdə alınmaması deməkdir:

“Bir məsələni qeyd edim ki, bütün satınalmalar ümumilikdə dövlətin ehtiyacının qarşılanması üçündür. Dövlətin ehtiyacının qarşılanmaması və satınalmanın ləğv olunması sonda həmin malların və əmlakın nəzərdə tutulan dövr üçün alınmaması deməkdir.

Biz gələcəkdə bu sahədə nəzarət tədbiri kimi analitik təhlilin aparılmasını planlaşdırırıq. Məqsədimiz müəyyən etməkdir ki, ləğv olunmuş satınalmanın sonradan satınalma metodu dəyişib, məbləği azalıb, yoxsa artıb. Bununla bağlı qiymətləndirmə aparmaq istəyirik”.

Satınalmaların auditində konseptual dəyişikliklər baş verir

Vüqar Gülməmmədov bildirib ki, müasir dünyada dövlət satınalmalarının auditində konseptual dəyişikliklər baş verir və Hesablama Palatası da bu dəyişikliklərdən kənarda qalmaq istəmir.

Onun sözlərinə görə, əvvəllər auditin əsas məqsədi qanunvericiliyin tələblərinə nə dərəcədə əməl olunduğunu müəyyən etmək idi:

“Müasir dünyada dövlət satınalmalarının auditində konseptual dəyişikliklər artıq baş verir. Biz də bu dəyişikliklərdən kənarda qalmaq istəməzdik.

Əvvəllər auditin əsas məqsədi qanunvericiliyin tələblərinə nə dərəcədə əməl olunduğunu müəyyən etmək idi. Aşkarlanan pozuntularla bağlı müəyyən edilirdi ki, hər hansı fəaliyyət normativ hüquqi aktlara uyğundur, yoxsa uyğun deyil.

Yeni yanaşmada isə əsas diqqət keçirilən satınalmanın dövlətə nə dərəcədə faydalı olmasına, vəsaitin nə dərəcədə səmərəli, qənaətli və nəticəyönümlü istifadə edilməsinə yönəldilir. Yəni nəticəyönümlü auditlərə üstünlük verməyə başlamışıq”.

Cari ildə satınalmarının nəticəliliyinin qiymətləndirilməsi üzrə iki auditə başlanılıb

Hesablama Palatasının sədri bildirib ki, yeni audit praktikasının həyata keçirilməsi məqsədilə cari ildə artıq iki audit başlanılıb:

“Biz bu praktikanı həyata keçirmək üçün cari ildə artıq iki audit tədbirinə başlamışıq. Bu audit tədbirlərində qanunvericiliyin tələblərinə əməl olunması ilə yanaşı, satınalmanın audit apardığımız iki quruma nə dərəcədə töhfə verdiyi və faydalı olduğu, dövlətin ehtiyacının əvvəlcədən nəzərdə tutulduğu formada nə dərəcədə qarşılandığı müəyyən edilir.

Çünki biz audit prosesində resurslarımızın doğru və düzgün bölüşdürülməsinə də diqqət yetirməliyik.

Əvvəllər biz bunu hüquqi pozuntu kimi qiymətləndirirdik. İndi isə auditorlar həm də satınalmanın gözlənilən nəticəni nə dərəcədə qarşılayacağı ilə bağlı suallara cavab verməlidirlər”.

Nöqsan təsnifatı vahid yanaşma əsasında yenilənəcək

Vüqar Gülməmmədov bildirib ki, nöqsan təsnifatının yenilənməsi Hesablama Palatasının audit fəaliyyətində həyata keçiriləcək ən mühüm tədbirlərdən biridir.

“Nöqsan təsnifatının yenilənməsi Hesablama Palatasının audit fəaliyyətinin ən mühüm tədbirlərindən biridir. Məqsədimiz audit zamanı aşkar olunan nöqsanların və təhriflərin sistemli, vahid yanaşma ilə hesabatlarda əks etdirilməsi və onların doğru-düzgün təhlil edilməsidir.

Audit nəticələrini müqayisəli şəkildə təhlil etməklə onların dinamikasını izləyə biləcəyik, təkrarlanma hallarını müəyyən edəcəyik və bu nöqsanlarla bağlı görüləcək tədbirləri daha dəqiq müəyyənləşdirəcəyik. Nəticə etibarilə analitik fəaliyyətimizi daha da genişləndirə biləcəyik və bu da keçirdiyimiz auditlərin keyfiyyətinin artmasına müəyyən qədər təsir göstərəcək.

Eyni zamanda istərdik ki, dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən digər qurumlarla da nöqsan təsnifatını koordinasiyalı şəkildə aparaq. Məqsədimiz qurumlarla eyni dildə danışmaqdır. Bu yanaşma dövlət qurumlarında intizamın və məsuliyyətin daha da güclənməsinə mühüm töhfə verəcək”,-deyə Hesablama Palatasının sədri qeyd edib.

Yeni Strateji Plan 2026–2030-cu illəri əhatə edir

Hesablama Palatasının sədri bildirib ki, qurum öz fəaliyyətini strateji plan əsasında qurur və bu istiqamətdə nəticəəsaslı hesabatlılıq təcrübəsinin formalaşdırılması davam etdirilir.

Onun sözlərinə görə, 2021–2025-ci illəri əhatə edən əvvəlki Strateji Planın icrası ötən ilin sonunda yekunlaşıb və artıq 2026–2030-cu illəri əhatə edən yeni Strateji Plan təsdiq olunub.

“Məlum olduğu kimi, Hesablama Palatası öz fəaliyyətini strateji plan üzərindən qurur və illik, həmçinin yarımillik hesabatlar vasitəsilə nəticəəsaslı hesabatlılıq təcrübəsini formalaşdırmağa və təşviq etməyə başlamışıq. Keçən ilin sonunda 2021–2025-ci illəri əhatə edən Strateji Planın icrasını yekunlaşdırdıq. Peşəkar alətlərdən istifadə etməklə 2026–2030-cu illəri əhatə edən yeni Strateji Plan müəyyən etdik.

Yeni Strateji Planı hazırlayarkən əvvəlki illərdə əldə olunmuş nailiyyətləri, görülmüş və həyata keçirilməmiş işləri, fəaliyyətimizlə bağlı aparılmış həmkar qiymətləndirmələrinin nəticələrini, SWOT analizlərini, cari vəziyyət üzrə apardığımız təhlilləri, müasir dünyanın əsas çağırışlarını və maraqlı tərəflərin gözləntilərini nəzərə almağa çalışmışıq. Məqsədimiz həm fəaliyyətimizdə, həm də dövlət maliyyəsinin idarə olunmasında mövcud problemlərin həllinə töhfə vermək, əldə olunmuş nailiyyətləri qorumaq və daha da gücləndirməkdir”.

Yeni strateji planın iki əsas məqsədi müəyyənləşdirilib

Vüqar Gülməmmədov qeyd edib ki, yeni Strateji Plan iki əsas məqsəd üzərində qurulub.

“Yeni Strateji Planın iki əsas məqsədi var. Bunlardan birincisi yüksək keyfiyyətli dövlət auditini həyata keçirməklə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsinə dəstək verməkdir. İkinci məqsəd isə dövlət sektorunda göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına töhfə verməkdir”.

Dövlət auditinin rəqəmsallaşdırılması əsas hədəflərdəndir

Hesablama Palatasının sədri bildirib ki, qarşıdakı illərdə dövlət auditinin əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşdırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər sırasındadır.

“Strateji Planın məqsədlərinə nail olmaq üçün dövlət auditinin əhatə dairəsini icmal büdcə baxımından genişləndirməyi planlaşdırırıq. Audit əsaslı rəylərin hazırlanmasının genişləndirilməsini istəyirik. Ortamüddətli xərclər çərçivəsinin auditinə başlamağı planlaşdırırıq.

Eyni zamanda dövlət auditinin rəqəmsallaşdırılması, informasiya sistemlərinə inteqrasiya vasitəsilə süni intellekt və data əsaslı qərarvermə mexanizmlərinin tətbiqi, beynəlxalq audit standartlarının daha geniş tətbiqi, maraqlı tərəflərlə, o cümlədən beynəlxalq təşkilatlar və xarici dövlətlərin ali audit orqanları ilə əməkdaşlığın genişləndirilməsi əsas hədəflərimizdəndir”.

Strateji Planın 2026-cı ilin yarımilliyi üzrə tədbirlərinin 91 faizi icra olunub

Vüqar Gülməmmədov qeyd edib ki, Strateji Planın həyata keçirilməsi üçün hər dövr üzrə ayrıca əməliyyat planları hazırlanıb.

“Bu hədəflərin reallaşdırılması üçün Strateji Plan çərçivəsində hər dövr üzrə əməliyyat planları da müəyyən etmişik. 2026-cı ilin birinci yarımilliyi üçün nəzərdə tutulmuş tədbirlərin təqribən 91 faizini artıq icra etmişik”,-deyə o bildirib.

Vüqar Gülməmmədov qeyd edib ki, Hesablama Palatası dövlət auditinin tam rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və məlumatların operativ təhlili istiqamətində yeni mərhələyə keçməyi planlaşdırır: “Qurum audit prosesində risklərin avtomatik qiymətləndirilməsi və böyük verilənlərin təhlili imkanlarını genişləndirməyi hədəfləyir”.

Onun sözlərinə görə, dövlət maliyyəsinin idarə edilməsi və dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətində Prezident tərəfindən dövlət orqanlarına mühüm tapşırıqlar verilib və Hesablama Palatası da bu tapşırıqların icrasında üzərinə düşən məsuliyyəti artırmaq üçün yeni vəzifələr müəyyənləşdirib.

Dövlət auditinin rəqəmsallaşdırılması əsas prioritetlərdəndir

Vüqar Gülməmmədov bildirib ki, cari ildə rəqəmsal inkişaf üzrə fəaliyyət planı hazırlanıb və bu sənəddə ölkədə rəqəmsallaşma, süni intellekt və elektron hökumət sahəsində əsas prioritetlər müəyyən edilib.

“Dövlət maliyyəsinin idarə edilməsi və dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi, bu sahədə ciddi qanunvericilik və institusional dəyişikliklərin həyata keçirilməsi ilə bağlı cənab Prezident tərəfindən dövlət orqanlarına müvafiq tapşırıqlar verilib. Hesablama Palatası da bu tapşırıqların icrasında üzərinə düşən məsuliyyəti daha da artırmaq üçün yeni vəzifələr müəyyən edib.

Bilirsiniz ki, cari ildə rəqəmsal inkişaf üzrə fəaliyyət planı hazırlanıb. Bu fəaliyyət proqramında bir sıra hədəflər müəyyən olunub. Əsas hədəflər Azərbaycan Respublikasında rəqəmsallaşma, süni intellekt və elektron hökumət sahəsində prioritetlərin müəyyənləşdirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsidir. Bu məqsədlə Rəqəmsal Şura yaradılıb. Şuraya rəhbərliyin Birinci vitse-prezident tərəfindən həyata keçirilməsi bu məsələyə ölkə rəhbərliyi tərəfindən verilən yüksək diqqətin göstəricisidir. Hesab edirik ki, Rəqəmsal Şura qarşısında qoyulan hədəflər tam şəkildə icra olunacaq”.

Hesablama Palatası rəqəmsal audit platforması yaradır

Hesablama Palatasının sədri qeyd edib ki, qarşıya qoyulan tapşırıqların icrası üçün müxtəlif fəaliyyət istiqamətləri müəyyənləşdirilib və bunlardan ən vaciblərindən biri dövlət auditinin rəqəmsallaşdırılmasıdır.

“Tapşırıqların icrası üçün müxtəlif fəaliyyət istiqamətləri üzrə işlərə başlamışıq. Ən vacib istiqamətlərdən biri, sizin də qeyd etdiyiniz kimi, dövlət auditinin rəqəmsallaşdırılmasıdır. Bu istiqamətdə qurulan informasiya sistemləri vasitəsilə dövlət sektorunda fəaliyyət göstərən təşkilatlardan hesabatların alınmasını təmin edərək vahid platforma yaratmağa və onların operativ emalını həyata keçirməyə çalışacağıq.

Ötən dövr ərzində bu istiqamətdə müəyyən işlər görülüb. Əsas həyata keçirilən işlərdən biri texnoloji platformanın yaradılmasıdır. Öz informasiya sistemimizi hökumət buluduna yerləşdirmişik. Hesabat və məlumatların da sistem vasitəsilə əldə olunmasına çalışırıq”.

Risklərin avtomatik qiymətləndirilməsi tətbiq olunacaq

Vüqar Gülməmmədov bildirib ki, informasiya sistemi tam istifadəyə verildikdən sonra audit prosesinin bütün əsas mərhələləri elektron mühitdə həyata keçiriləcək.

“Sistem tam istifadəyə verildikdən sonra artıq illik iş planlarının hazırlanmasını, auditin hazırlıq və planlaşdırma mərhələsini tam elektron şəkildə həyata keçirəcəyik. Müxtəlif ssenarilər üzrə risklərin avtomatik qiymətləndirilməsi təmin olunacaq.

Bu isə mövcud resurslarımızın daha düzgün bölüşdürülməsinə və insan amilindən yaranan risklərin azalmasına imkan verəcək. Eyni zamanda, qeyd etdiyim kimi, digər dövlət informasiya sistemləri ilə inteqrasiya bizə məlumatlara operativ çıxış imkanı yaradacaq və audit nəticələrinin daha çevik əldə olunmasına kömək edəcək. Növbəti illərdə informasiya sisteminin funksiyalarını daha da genişləndirərək süni intellekt texnologiyalarının tətbiqini də nəzərdə tuturuq”.

Süni intellekt auditin keyfiyyətini artıracaq

Hesablama Palatasının sədri bildirib ki, süni intellekt texnologiyalarının tətbiqi audit qərarlarının daha etibarlı məlumatlara əsaslanmasına və dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin artırılmasına xidmət edəcək.

“Qeyd edim ki, dövlət auditinin keyfiyyətinin artırılması, qərarların daha etibarlı məlumatlara əsaslanması və dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin yüksəldilməsi baxımından süni intellektin mühüm rol oynayacağını hesab edirik. Hazırda vaxt aparan bir çox proseslərin elektron şəkildə həyata keçirilməsi auditorların peşəkar mühakiməyə daha çox diqqət ayırmasına imkan verəcək.

Ümumiyyətlə, audit prosesində süni intellekt, böyük verilənlərin təhlili və risk əsaslı rəqəmsal monitorinq alətlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Hazırda Hesablama Palatası tərəfindən bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Növbəti illərdə müvafiq informasiya platformasının funksionallığını daha da genişləndirməyi və süni intellekt texnologiyalarının tətbiqini artırmağı nəzərdə tuturuq.

Bu prosesdə xüsusi həssaslıqla yanaşdığımız əsas məsələlərdən biri isə kiber təhlükəsizlik çağırışlarının daim diqqətdə saxlanılmasıdır”.

Audit portfelinin 70 faizindən çoxu ictimaiyyətə açıqlanıb

Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası audit nəticələrinin açıqlanması və şəffaflığın artırılması istiqamətində fəaliyyətini xüsusi kommunikasiya strategiyası əsasında həyata keçirir.

“Hesablama Palatasının 2024–2026-cı illəri əhatə edən Kommunikasiya Strategiyası var. Strategiya beş SMART məqsəddən ibarətdir. Strategiyanın icra olunduğu iki il ərzində bu beş SMART məqsədin demək olar ki, hər birinə nail olmaq üzrəyik.

Xüsusilə iki istiqaməti qeyd etmək istərdim. Bunlardan biri büdcələrə verilən rəylərlə bağlı açıqlanan məlumatların hər il 15 faiz artırılması, digəri isə kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə açıqlanan audit portfelinin hər il 3 faiz genişləndirilməsidir.

Artıq audit portfelimizin 70 faizindən çoxunu müxtəlif formalarda ictimaiyyətə açıqlamışıq. Bu məlumatlar jurnal nəşrləri, rəsmi internet saytı, çıxışlar və müsahibələr vasitəsilə ictimaiyyətə təqdim olunub”,-deyə Hesablama Palatasının sədri əlavə edib.

Audit nəticələrinin açıqlanması preventiv mexanizm kimi qiymətləndirilir

Hesablama Palatasının sədri qeyd edib ki, audit nəticələrinin ictimaiyyətə açıqlanması əsasən nöqsanların təkrarlanmamasına xidmət edən preventiv mexanizm kimi qiymətləndirilir.

“Audit olunan təşkilatların nəticələrinin mediada işıqlandırılmasına münasibətə gəldikdə isə bildirmək istəyirəm ki, biz audit nəticələrinin açıqlanmasını nöqsanların gələcəkdə baş verməməsinə və təkrarlanmamasına xidmət edən preventiv mexanizm kimi qiymətləndiririk”.

Büdcədənkənar fondlarda hesabatlılığın gücləndirilməsi vacib hesab olunur

Vüqar Gülməmmədov bildirib ki, Azərbaycanın icmal büdcəsinin tərkib hissəsi olan üç sosial əhəmiyyətli büdcədənkənar fond fəaliyyət göstərir.

“Bizim ölkəmizdə icmal büdcənin tərkib hissəsi olan sosial əhəmiyyət daşıyan üç büdcədənkənar fond var: İcbari Tibbi Sığorta Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu. Dünya təcrübəsində onların müxtəlif formaları mövcuddur. Birləşmiş model də var, ayrı-ayrı fəaliyyət göstərən modellər də var. Bu, daha çox dövlətin siyasətindən və sosial siyasətə yanaşmasından asılıdır.

Bizim üçün, Hesablama Palatası olaraq, hesab edirik ki, onların müstəqil və ya hansısa digər formada fəaliyyət göstərməsindən daha çox hesabatlılığı, uçotun düzgün təşkil olunması və xərclərinin dəqiq müəyyən edilmiş sərhədlər çərçivəsində həyata keçirilməsi vacibdir”.

İcbari Tibbi Sığorta Fondu üzrə auditdən keçmiş maliyyə hesabatlarına rast gəlinməyib

Hesablama Palatasının sədri qeyd edib ki, son dövrlərdə İcbari Tibbi Sığorta Fondu üzrə auditdən keçmiş maliyyə hesabatlarına rast gəlinməyib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu isə hər il auditdən keçmiş maliyyə hesabatlarını Hesablama Palatasına təqdim edir.

“Məsələn, İcbari Tibbi Sığorta Fondunun son dövrlər auditdən keçmiş maliyyə hesabatlarına rast gəlinməyib. Lakin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu hər il auditdən keçmiş maliyyə hesabatlarını bizə təqdim edir.

Bəli, ola bilər ki, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri ilə bağlı bəzi məsələlərdə razılaşmayaq. Amma bu fondların maliyyə göstəricilərinin arxasında müəyyən öhdəliklər dayanır. Maliyyə hesabatlarında həmin öhdəliklərin əks etdirilməsi mühüm şərtdir”.

Fondlara toplanan vəsaitlər vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edir

Vüqar Gülməmmədov bildirib ki, büdcədənkənar dövlət fondlarına toplanan vəsaitlər vətəndaşların müvafiq sahələrdə hüquqlarının təmin olunması üçün nəzərdə tutulur.

“Bu fondların maliyyə dayanıqlığının və hesabatlılığının gücləndirilməsi bizim üçün çox vacib amildir. Hazırda Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi istiqamətində aidiyyəti icra hakimiyyəti orqanları ilə müzakirələr aparırıq”.

Müasir audit dövlət idarəçiliyinin strateji tərəfdaşı olmalıdır

Hesablama Palatasının sədri bildirib ki, müasir dövrdə auditin əsas missiyası dövlət idarəçiliyində strateji qərarların qəbuluna dəstək verən institut kimi fəaliyyət göstərməkdir.

“Hesab edirik ki, müasir dövrdə auditin əsas missiyası onun strateji tərəfdaş olmasıdır. Yəni ali audit orqanı dövlət idarəçiliyində strateji qərarların qəbuluna

dəstək verən institut olmalıdır. Audit institutu böyük transformasiya yolu keçib. Səhv axtaran qurumdan dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edən instituta çevrilib”.

İnformasiya sistemlərinin auditi də əsas prioritetlərdən olacaq

Vüqar Gülməmmədov qeyd edib ki, müasir auditdə əsas istiqamətlərdən biri rəqəmsal audit, dayanıqlı inkişaf məqsədlərinə və iqlim maliyyəsinə yönələn xərclərin auditi, eləcə də informasiya sistemlərinin auditidir.

“Əlbəttə ki, müasir dövrdə əsas trendlərdən biri rəqəmsal auditdir və bununla bağlı kifayət qədər danışdıq. İkinci vacib istiqamət dayanıqlı inkişaf məqsədlərinə və iqlim maliyyəsinə yönəldilən xərclərin auditidir. Bu auditlər əsasən performans auditi vasitəsilə həyata keçirilir. Hesablama Palatasının bu sahədə müəyyən təcrübəsi var və artıq müvafiq auditlər keçirilib.

Eyni zamanda informasiya sistemlərinin auditi də mühüm istiqamətlərdən biridir. Rəqəmsallaşma artıq ixtiyari seçim deyil, institusional zərurətə çevrilib. Növbəti dövrlərdə informasiya sistemlərinin auditini də həyata keçirməyi nəzərdə tuturuq”.

Paralel auditlər beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaradır

Hesablama Palatasının sədri bildirib ki, qurumun fəaliyyətində əsas istiqamətlərdən biri də strateji idarəetməyə dəstək vermək və tərəfdaş ölkələrlə paralel auditlər keçirməkdir.

“Qeyd etdiyim kimi, Hesablama Palatası öz fəaliyyətini strateji plan üzərində qurur və bu yanaşmanı təşviq edir, digər qurumlara da bunun həyata keçirilməsində dəstək verir. Bu, ümumilikdə dövlət sektorunda strateji təfəkkürün formalaşmasına xidmət edir.

Nəhayət, digər mühüm istiqamətlərdən biri tərəfdaş ölkələrlə paralel auditlərin keçirilməsidir. Bu həm bizim auditorların, həm də tərəfdaş ölkələrin auditorlarının eyni mövzu üzrə müxtəlif ölkələrdə aparılan auditlərin nəticələrini müqayisə etməsinə, öyrənməsinə və qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır.

Məsələn, ötən il Türkiyə və Qazaxıstanın ali audit orqanları ilə paralel auditlər aparmışıq. Cari ildə isə Özbəkistan və Pakistanın ali audit orqanları ilə paralel auditlər həyata keçiririk”,-deyə Vüqar Gülməmmədov əlavə edib.

2026-cı ilin ilk yarısında 33 nəzarət tədbirinin keçirilməsi qərara alınıb

Vüqar Gülməmmədov bildirib ki, cari ilin ilk altı ayında Hesablama Palatası tərəfindən 33 nəzarət tədbirinin keçirilməsi barədə qərar qəbul edilib.

“Cari ilin ilk altı ayında biz 33 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar vermişik. Onlardan səkkizinin nəticələri ilə bağlı Kollegiyanın qərarı var. Nəzarət tədbirləri dövlət maliyyəsinin müxtəlif sahələrini əhatə edir. Əsasən təhsil, dövlət investisiyaları və dövlət aparatının maliyyəsi ilə bağlı sahələrdə daha çox fokuslaşmışıq. Həmişə olduğu kimi, uyğunluq auditindən daha çox istifadə etmişik”.

İlk altı ayda səkkiz performans auditinə başlanılıb

Hesablama Palatasının sədri qeyd edib ki, 2026-cı ilin ilk yarısında performans auditlərinin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

“Bir məsələni qeyd edim ki, 2026-cı ilin ilk altı ayında biz artıq səkkiz performans auditinin başlanması ilə bağlı qərar vermişik. Yəni əvvəlki illərdə bir il ərzində altı performans auditi həyata keçirirdiksə, bu il artıq yarımillikdə səkkiz nəzarət tədbirinin başlanması ilə bağlı qərar vermişik.

Bu auditlər əsasən kənd təsərrüfatında aqrar sığorta fəaliyyəti, qida təhlükəsizliyi sahəsində dövlət proqramının nəticəliliyi, ali təhsil sistemində ikili diplom proqramları və rəqabətliliyin artırılması ilə bağlı fəaliyyət, bəzi təhsil müəssisələrində həyata keçirilən fəaliyyət, eləcə də satınalmaların effektivliyi ilə bağlı iki nəzarət tədbirini əhatə edir”.

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb

Vüqar Gülməmmədov bildirib ki, başa çatmış nəzarət tədbirləri nəticəsində 160 milyon manatdan artıq maliyyə pozuntusu müəyyən edilib.

Onun sözlərinə görə, bu məbləğin 49,8 milyon manatı dövlət büdcəsinə dəymiş ziyanı təşkil edir.

“Təqribən başa çatmış nəzarət tədbirlərində 160 milyondan çox maliyyə pozuntusu müəyyən etmişik. Onun 49,8 milyon manatı büdcəyə dəymiş ziyandır. 35 milyon manatla bağlı aidiyyəti qurumlara ziyanın bərpası ilə bağlı qərarlar göndərmişik. Təqribən 14 milyon manatla bağlı isə hüquq-mühafizə orqanlarına materiallar təqdim etmişik.

20,5 milyon manat maliyyə təhrifləri ilə bağlıdır, təxminən 30 milyon manata yaxın pozuntular isə səmərəlilik auditini əhatə edir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti