Bakı.Trend:
Rəsmi Brüssel ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları ilə bağlı Vaşinqtondan izahat tələb edəcək.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, Ağ Evin bu qərarı elan etməsi Avropa İttifaqı üçün gözlənilməz və xoşagəlməz sürpriz olub.
“Bizim Amerika ilə razılaşmamız var idi və biz həmin razılaşmaya əməl edirdik... Bu öhdəliklərə əməl olunmaması bizim üçün xoşagəlməz sürpriz oldu",- deyə Avropa diplomatiyasının rəhbəri “Reuters” agentliyinə müsahibəsində deyib.
Bundan əvvəl ABŞ icbari əməklə mübarizəni əsas götürərək ticarət tərəfdaşlarına qarşı yeni gömrük rüsumlarının tətbiqinə qərar verib. Rüsumların faiz dərəcəsi 10 faizdən 12,5 faizə qədər dəyişir. Məhdudiyyətlər Avropa İttifaqı ölkələri də daxil olmaqla 60 dövləti əhatə edir. Yeni tariflər faktiki olaraq fevralın 24-dən etibarən 150 günlük müddət üçün qüvvəyə minmiş ABŞ-nin müvəqqəti qlobal idxal rüsumlarını əvəz edəcək.
