Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 163,781 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 9,566 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 287,1 milyon min kVt/saat və ya 2,7 dəfə, dəyər ifadəsi ilə isə 16,1 milyon ABŞ dolları, yaxud 2,7 dəfə azalıb.
Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan Gürcüstandan 1,854 milyon ABŞ dolları dəyərində, 28,527 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,386 milyon ABŞ dolları və ya 4 dəfə, həcm ifadəsində isə 21,3 milyon kVt/saat və ya 3,9 dəfə çoxdur.
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513 milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat və yaxud 2,8 dəfə azalıb.
Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% çoxdur.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı iki ölkənin iqtisadi münasibətlərinin əsas istiqamətlərindən biri hesab olunur.
Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze də regional enerji əməkdaşlığının strateji əhəmiyyətini vurğulayıb.
"Belə əməkdaşlıq formatları ölkələrə xarici şokların təsirini daha effektiv şəkildə aradan qaldırmağa, müstəqil qərar qəbul etmə qabiliyyətini qorumağa və enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verir. Gürcüstan üçün prioritet istiqamət enerji təhlükəsizliyinin gücləndirilməsidir və bu, təkbaşına təmin oluna bilməz, o cümlədən Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə sıx əməkdaşlıq tələb edir", – deyə o bildirib.
Pxaladzenin sözlərinə görə, Gürcüstan və Azərbaycan xüsusilə qış dövründə təbii qaz və elektrik enerjisi təchizatı sahəsində uzunillik tərəfdaşlardır və Tbilisi Azərbaycan, Rumıniya və digər Avropa ölkələri ilə Cənubi Qafqazla Avropa arasında enerji bağlantılarının inkişafına yönəlmiş regional təşəbbüslərdə fəal iştirak edir.
