Bakı. Trend:
Qazaxıstanda dondurma istehsalının həcmi tarixi maksimuma çatıb.
Qazaxıstanın Birinci Kredit Bürosunun məlumatına görə, iyun ayında ölkə müəssisələri "Dondurma və digər ərzaq buzu" kateqoriyası üzrə təxminən 20,1 min ton məhsul istehsal ediblər.
Qazaxıstan Milli Statistika Bürosunun məlumatına əsasən, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 116 faiz, cari ilin may ayı ilə müqayisədə isə 99 faiz artıb.
Mövcud nəticə əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib. İstehsal həcmi son beş ilin iyun ayları üzrə orta göstəricidən 2,5 dəfə, 2010-cu ildən bəri qeydə alınan əvvəlki maksimumdan isə 85 faiz çox olub. Əvvəlki rekord 2016-cı ilin iyulunda qeydə alınmışdı. Həmin vaxt 10,8 min ton dondurma istehsal edilmişdi.
Dondurma növləri arasında ən yüksək artım plombir istehsalında müşahidə olunub. İyun ayında plombir istehsalı 10,2 min tona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə, may ayı ilə müqayisədə isə təxminən üç dəfə artıb. Qaymaqlı dondurma istehsalı da nəzərəçarpacaq dərəcədə yüksələrək 7,5 min tona çatıb. Bu, illik müqayisədə 75 faiz, aylıq müqayisədə isə 57 faiz artım deməkdir.
Artım məhsulun dəyərində də özünü göstərib. Dondurma istehsalı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsulun ümumi dəyəri 24,3 milyard tenge təşkil edib ki, bu da həm əvvəlki ayın, həm də ötən ilin iyun ayının göstəricilərindən təxminən iki dəfə çoxdur.
Ümumilikdə, son dövrlərdə Qazaxıstanda dondurma istehsalı sektoru yüksək inkişaf tempi nümayiş etdirir. 2024-cü ilin sonundan etibarən istehsal hər ay əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım göstərir. 2025-ci ildə orta illik artım 32 faiz təşkil etdiyi halda, 2026-cı ildə bu göstərici hələlik 60 faizə çatıb.
Sahənin inkişafına istehsal güclərinin genişləndirilməsinə yönəldilən investisiyalar da mühüm töhfə verib. 2024-cü ildə, xüsusilə isə 2025-ci ildə müəssisələr, əsasən Almatı vilayətində, yeni əsas istehsal vasitələrini böyük həcmdə istismara veriblər. Bu tendensiya fonunda Qazaxıstan ötən ilin yekunlarına əsasən tarixində ilk dəfə dondurma üzrə xalis ixracatçı ölkəyə çevrilib. Belə ki, xaricə ixrac olunan dondurmanın həcmi idxalı üstələyib. Bu barədə daha əvvəl Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat vermişdi.