Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər - Niklas Vaqner

İqtisadiyyat Materials 22 İyul 2026 22:17 (UTC +04:00)
Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər - Niklas Vaqner
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı.Trend:

Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə ikitərəfli münasibətləri daha da dərinləşdirdilər

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz regionunda əməkdaşlıq üzrə direktoru Niklas Vaqner "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

"Bu gün Almaniya ilə Azərbaycan arasında möhkəm münasibətləri Strateji Gündəlik vasitəsilə daha da dərinləşdirdik. Müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışacağıq və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdə olan tarixi anı alqışlayırıq", – deyə Vaqner bildirib.

Qeyd edək ki, əməkdaşlıq iyulun 21-də Berlində Azərbaycan ilə Almaniya arasında imzalanmış İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyi haqqında Birgə Bəyannamə ilə rəsmiləşdirilib. Sənəddə tərəflərin siyasi və diplomatik dialoq, ticarət və investisiyalar, energetika, nəqliyyat əlaqəliliyi, infrastruktur, təhlükəsizlik, təhsil, elm və texnologiyalar sahələrində əməkdaşlığı genişləndirmək niyyəti öz əksini tapıb.

Bəyannamədə, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə mövcud mərhələnin əhəmiyyəti, o cümlədən 2025-ci il avqustun 8-də Vaşinqton sammitinin nəticələri və münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımlar vurğulanır. Almaniya Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına yönəlmiş səylərə dəstəyini bir daha təsdiqləyib.

İqtisadi sahədə Azərbaycan və Almaniya yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının dayanıqlı idarə olunması və nəqliyyat əlaqəliliyinin inkişafı kimi istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi potensialını qeyd ediblər. Sənəd, həmçinin təhsil, elmi tədqiqatlar, rəqəmsal transformasiya, innovasiyalar və humanitar əlaqələr sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

Bəyannamə Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts tərəfindən imzalanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti