Özbəkistanın Baş prokurorunun Azərbaycana səfəri başa çatıb (FOTO)

Cəmiyyət Materials 22 İyul 2026 16:38 (UTC +04:00)
Özbəkistanın Baş prokurorunun Azərbaycana səfəri başa çatıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə bir sıra görüşlər keçirib.

Səfər zamanı nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında tarixən formalaşmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərarası əlaqələrin və dövlət institutları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyəti, həmçinin işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər edib. Qonaqlar Kəlbəcər şəhərində və İstisu ərazisində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olublar.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev qonaqlara rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər və qarşıdakı inkişaf perspektivləri barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərsalma prinsipləri əsasında geniş quruculuq işləri davam etdirilir.

Səfər proqramına Gəncə şəhərinə ziyarət də daxil olub. Nümayəndə heyəti əvvəlcə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksini ziyarət edib. Qonaqlara Gəncəyə raket hücumlarının nəticələri və həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Daha sonra qonaqlar Gəncənin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Məscidini, İmamzadə dini-memarlıq kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti