Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 33,8%-ə bərabər olub.
Bu barədə ARDNF-nin məlumatında bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 5,1 faiz bəndi azdır.
Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelində səhmlərin payı isə 28,1% təşkil edib ki, bu da illik müqayisədə 2,4 faiz bəndi çoxdur.
Bundan başqa, fondun investisiya portfelində qızılın payı 28,8%-dən (181,1 ton) 31,4%-ə (178,1 ton) yüksəlib.
Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 6,7% təşkil edib.
Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 72,595 milyard ABŞ dolları təşkil edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,1 milyard ABŞ dolları və ya 9,1% artım deməkdir.
ARDNF investisiya portfelində aktivlərin şaxələndirilməsi strategiyasını davam etdirərkən, Fondun iştirak etdiyi beynəlxalq investisiya platformaları da genişlənir. Bu baxımdan, İndoneziya İnvestisiya Qurumunun (INA) Trend-ə verdiyi müsahibədə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasında (CAIP) ARDNF-nin rolu xüsusi vurğulanıb.
İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisnonun Trend-ə verdiyi müsahibəyə görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) platformanın təsisçi suveren investorlarından biri kimi mühüm strateji rol oynayır.
"Azərbaycan Respublikası Dövlət Neft Fondu platformanın təsisçi suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir", – deyə Merlissa Trisno bildirib.
Onun sözlərinə görə, CAIP Çin İnvestisiya Korporasiyası (CIC), İndoneziya İnvestisiya Qurumu (INA) və ARDNF-nin maliyyə imkanlarını, institusional təcrübəsini və beynəlxalq şəbəkələrini bir araya gətirərək regionda yüksək keyfiyyətli investisiya layihələrinin maliyyələşdirilməsini hədəfləyir.
"Platforma uzunmüddətli kapitalı, institusional təcrübəni və qlobal şəbəkələri birləşdirərək yüksək keyfiyyətli investisiya imkanları vasitəsilə regionun inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur", – deyə o qeyd edib.
Merlissa Trisno əlavə edib ki, hazırda platforma üzrə təxminən 520 milyon ABŞ dolları həcmində ilkin maliyyələşdirmə təmin olunub, ümumi hədəf isə 1 milyard ABŞ dollarıdır. Onun sözlərinə görə, gələcəkdə yeni institusional investorların cəlb olunması da nəzərdə tutulur.
"Hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradacaq", – deyə INA rəsmisi vurğulayıb.
